BDU-da ustad dərsi: “Peyk məlumatlarının şəhərsalma və kadastr işində tətbiqi”

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Peyk məlumatlarının şəhərsalma və kadastr işində tətbiqi” mövzusunda ustad dərsi keçirilib. Ustad dərsini “Azərkosmos”un Coğrafi İnformasiya Sistemləri (CİS) Mərkəzinin məhsulun inkişafı üzrə böyük mütəxəssisi Elman Ələsgərov aparıb.
Coğrafiya fakültəsinin dekanı, professor Məqsəd Qocamanov müasir dövrdə şəhərsalma və kadastr işinin təşkilində peyk məlumatlarından istifadənin vacibliyini qeyd edib. O, bu sahədə peyk müşahidəsi, məsafədən zondlama və coğrafi informasiya sistemlərinin tətbiqinin əhəmiyyətini vurğulayıb.
Elman Ələsgərov çıxışında peyk məlumatlarının xüsusiyyətləri, əldə olunmuş təsvirlərin geoinformasiya texnologiyaları vasitəsilə emalı, eləcə də şəhərsalma və şəhərlərin planlaşdırılmasında tətbiqi barədə ətraflı məlumat verib. Müasir peyklərin Yer səthini müşahidə imkanları və real vaxt rejimində təhlillərin aparılmasının üstünlükləri diqqətə çatdırılıb.
Qeyd olunub ki, peyk məlumatları şəhərsalma və kadastr sahəsi ilə yanaşı, şəhərlərin ekoloji mühitinin monitorinqi, təbii hadisələrin və fəlakətlərin təsirlərinin öyrənilməsi, həmçinin infrastruktur sıxlığının yaratdığı istilik adaları (UHI) effektinin tədqiqində effektiv vasitədir. Təqdimatda geoməkan texnologiyaları, qlobal və regional peyk naviqasiya sistemləri, kadastr xəritələri və termal təsvirlər barədə də məlumat verilib.
Elman Ələsgərov “Azərkosmos”un müxtəlif istiqamətlərdə peyk məlumatlarından istifadə üzrə həyata keçirdiyi layihələrdən bəhs edib, tələbələrin ixtisasları üzrə təcrübə proqramlarında iştirak imkanlarını diqqətə çatdırıb və qurum tərəfindən hər il təşkil olunan Yerin məsafədən müşahidəsi üzrə müsabiqə haqqında məlumat verib.
Elmi seminarda professor Məqsəd Qocamanov, dosentlər Saleh Nağıyev, Ramiz Əhlimanov, İradə Əliyeva, baş müəllim Mübariz Orucov və digər iştirakçılar mövzunun aktuallığını qeyd edib, təqdim olunan metodik yanaşmanın innovativ xarakter daşıdığını vurğulayaraq bu istiqamətdə elmi tədqiqatların davam etdirilməsini tövsiyə ediblər.