BDU-da Ulu Öndər Heydər Əliyevin şəhərsalma və memarlıq irsinə dair elmi seminar

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə və Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş elmi seminar keçirilib. Elmi seminarda BDU-nun Kitabxana-informasiya resurslarının idarə edilməsi kafedrasının müdiri, dosent Sevda Xələfova “Ulu Öndər Heydər Əliyevin şəhərsalma və memarlıq irsinə dair sənəd axınının elmmetrik təhlili” mövzusunda məruzə edib
Sevda Xələfova ölkəmizdə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Prezident İlham Əliyevin 22 dekabr 2025-ci il tarixli Sərəncamının əhəmiyyətini vurğulayıb, bu istiqamətdə elmi-tədqiqat işlərinin aparılmasının vacibliyini diqqətə çatdırıb. Məruzədə Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə ölkəmizdə şəhərsalma və memarlıq sahəsinə göstərilən diqqət və qayğıdan bəhs olunub. Qeyd edilib ki, Ulu Öndərin səyləri ilə ölkəmizdə şəhərsalma siyasətinin elmi əsasları formalaşdırılıb, milli memarlıq ənənələrinin qorunması və inkişafı istiqamətində mühüm addımlar atılıb: “Bu illərdə Bakının və digər şəhərlərin baş planları hazırlanıb, sənaye və yaşayış zonalarının planlaşdırılması üzrə çoxsaylı sənədlər tərtib olunub, milli memarlıq üslubunun yaşadılması, tarixi abidələrin bərpası və müasir şəhərsalma konsepsiyalarının tətbiqi ilə bağlı mühüm layihələr həyata keçirilib. Bu gün isə Ulu Öndərin şəhərsalma və memarlıq irsi ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
Araşdırmada Ulu Öndər Heydər Əliyevin şəhərsalma və memarlıq fəaliyyəti ilə bağlı formalaşmış sənəd axınının elmmetrik təhlili aparılıb. Bildirilib ki, bu sahədə mövcud sənəd resurslarının statistik və analitik göstəricilər əsasında öyrənilməsi elmi-tədqiqatların dinamikasını, prioritet istiqamətlərini və inkişaf meyllərini müəyyən etməyə imkan verir. Tədqiqat çərçivəsində sənəd əsaslı və rəqəmsal resurslar müqayisəli şəkildə araşdırılıb, mövzuya dair sənəd axınının struktur xüsusiyyətləri, tematik bölgüsü, informasiya tutumu, elmi dövriyyədə istifadəsi, istinad göstəriciləri təhlil olunub.
Məruzədə həmçinin şəhərsalma və memarlıq irsinə dair informasiya resurslarının formalaşdırılması və idarə olunmasında kitabxana-informasiya müəssisələrinin rolu, müasir informasiya texnologiyalarının tətbiqinin əhəmiyyəti, sahə üzrə sənədlərin rəqəmsallaşdırılması məsələləri araşdırılıb.
Elmi seminar müzakirələrlə davam edib.