BDU-da “Şuşa şəhərinin semantikası” mövzusunda elmi seminar keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində “Şuşa şəhərinin semantikası” mövzusunda elmi seminar təşkil olunub.
Fakültənin elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Sərəncamının əhəmiyyətini vurğulayıb, bu istiqamətdə fakültədə ardıcıl elmi seminarların keçirildiyini diqqətə çatdırıb. Kəmalə Nəcəfova Azərbaycanın qədim şəhərsalma ənənələrinin müasir inkişaf konsepsiyaları ilə vəhdət təşkil etdiyini qeyd edərək, şəhərlərin tarixi-antropoloji baxımdan öyrənilməsinin mühüm elmi əhəmiyyət daşıdığını bildirib. O, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işlərinin tarixi-mədəni irsin qorunması baxımından xüsusi önəm kəsb etdiyini də vurğulayıb.
Arxeologiya və etnoqrafiya kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Hicran Mahmudova məruzəsində Şuşa şəhərinin semantikasını antropoloji aspektdən geniş təhlil edib. Məruzədə şəhərin tarixi-mədəni qatlarının formalaşma mərhələləri, məhəllələrin özünəməxsus xüsusiyyətləri, memarlıq quruluşu və əhalinin gündəlik həyat tərzi haqqında ətraflı məlumat verilib.
Hicran Mahmudova təqdimatında Şuşanın sosial-mədəni həyatında mühüm rol oynamış şəxsiyyətlərdən, əhalinin mənəvi dəyərlərindən, XVIII-XIX əsrlərlə XX əsr şəhər mühitinin müqayisəli təhlilindən bəhs edib. Eyni zamanda, işğal dövründə Azərbaycanın tarixi-mədəni irsinə qarşı törədilmiş vandalizm faktları konkret materiallar əsasında iştirakçıların diqqətinə çatdırılıb.
Elmi seminarda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şuşa şəhərinin işğaldan azad olunmasının və tarixi-antropoloji irsin bərpası istiqamətində həyata keçirilən quruculuq işlərinin əhəmiyyəti xüsusi qeyd olunub.