BDU-da “Süd vəzi xərçəngi: klinik və genetik yanaşmalar” I Respublika Forumu keçirilir

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsi və Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Süd vəzi xərçəngi: klinik və genetik yanaşmalar” mövzusunda I Respublika Forumu keçirilir. Tədbir süd vəzi xərçənginin erkən diaqnostikası, müasir klinik və genetik yanaşmalar, laborator araşdırmalar, risk faktorları və multidissiplinar elmi əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə təşkil olunub.
BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov forumun işinə uğurlar arzulayıb. Bildirib ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması və yaşıl iqtisadiyyatın inkişafı əsas prioritetlərdən hesab olunur. BDU-da da bu istiqamətdə mühüm işlər görülür. BDU sənaye-elm-təhsil əlaqələrinə diqqət edir, konvergens əsaslı bilik və bacarıqlara malik mütəxəssislər yetişdirməyi hədəfləyir. Biologiya BDU-nun beş əsas elmi prioritetindən biridir. BDU-da bir neçə sənaye yönümlü laboratoriya, o cümlədən Farmakoloji mikrobiologiya beynəlxalq elmi-tədqiqat laboratoriyası yaradılıb. Hüseyn Məmmədov forumun mövzusunun bir neçə elm sahəsini əhatə etdiyini qeyd edib, gəncləri tədbirin işində aktiv olmağa səsləyib.
BDU-nun Biologiya fakültəsinin dekanı Afət Məmmədova forumun mövzusunun bütün dünyada ən aktual problemlərdən olan süd vəzi xərçənginə həsr olunduğunu, ilk dəfə olaraq həkimlər, molekulyar bioloqlar, genetiklərin bir müstəvidə bunu müzakirə edəcəyini bildirib. O qeyd edib ki, forum yeni mövzuların, tədqiqatların başlanğıcı ola bilər. Afət Məmmədova süd vəzi xərçənginin yalnız diaqnozunun qoyulmasının kifayət etmədiyini, xəstəliyin genetik əsaslarının öyrənilməsinin vacibliyini vurğulayıb.
Forumda çıxış edən Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının baş həkimi Tamara Quliyeva isə diqqətə çatdırıb ki, son 20 il ərzində Azərbaycanda süd vəzi onkologiyası sahəsində əhəmiyyətli işlər görülüb. Bu sahə tibb üçün prioritet olaraq qalır. Onkoloq dünya statistikasına istinad edərək bildirib ki, hər 8 qadından biri həyatının müəyyən yaşında süd vəzi xərçəngi ilə üzləşə bilər: “2023-cü ilin statistikası göstərir ki, dünyada ilk dəfə aşkar olunan süd vəzi xərçəngi hallarının sayı 2 milyon 360 mindən çoxdur. Xəstəlik həm də gəncləşir”. Tamara Quliyeva qeyd edib ki, xəstəliyin artmasının əsas səbəblərindən biri genetika ilə bağlıdır və uzunmüddətli müalicələr yalnız onkoloq və genetiklərin birlikdə fəaliyyəti ilə effektiv ola bilər. O bildirib ki, tədbir süd vəzi xərçəngi sahəsində təhsil, elmi araşdırma və gələcək karyera baxımından tələbələr üçün geniş imkanlar yaradır.
Forumda BDU-nun Biologiya fakültəsi üzrə Tələbə Gənclər Təşkilatının sədri Nigar Hüseynova çıxış edərək tələbələrin elmi fəaliyyətə cəlb olunması, səhiyyə mövzularında maarifləndirici təşəbbüslər və gənclərin sosial məsuliyyət layihələrinin əhəmiyyətini qeyd edib. O, tələbələrin belə forumlarda iştirakının onların elmi dünyagörüşünün formalaşmasına töhfə verdiyini bildirib.
Digər çıxışlarda biofiziki və molekulyar-biokimyəvi proseslərdən, xərçəng hüceyrələrinin xüsusiyyətlərindən və bu istiqamətdə aparılan fundamental tədqiqatların nəticələrindən danışılıb.
Tədbirdə onkoloqlar, genetiklər, biokimyaçılar, tibb mütəxəssisləri, müxtəlif ali təhsil müəssisələrinin nümayəndələri və tələbələr iştirak ediblər. Forum çərçivəsində süd vəzi xərçənginin yaranma mexanizmləri, genetik mutasiyalar, laborator-diaqnostik metodlar, klinik yanaşmalar və multidissiplinar elmi perspektivlər ətrafında geniş müzakirələr aparılıb.
Forum işini beş bölmədə davam etdirir.