BDU-da silsilə təlimlər: “Elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması”

Bakı Dövlət Universitetinin (BDU) Keyfiyyət Təminatı Mərkəzinin təşkilatçılığı ilə Universitetin professor-müəllim heyəti üçün “Elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması” mövzusunda silsilə təlimlərə başlanılıb.
BDU rektorunun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov tərəfindən keçirilən təlimin əsas məqsədi professor-müəllim heyətinin müasir elmi resurslardan və akademik məlumat bazalarından daha səmərəli istifadə imkanlarının genişləndirilməsi, elmi tədqiqatların beynəlxalq tanınmasının artırılması, elmi nəşrlərin keyfiyyətinin və təsirinin gücləndirilməsi istiqamətində müasir yanaşmaların təqdim edilməsidir.
Təlimlər çərçivəsində elmi tədqiqat və nəşr prosesində müasir elmi resurslardan, etibarlı akademik mənbələrdən səmərəli istifadə, elmi ədəbiyyatın axtarışı və seçilməsi, elmi məqalələr və tədqiqat nəticələrinin daha geniş elmi auditoriyaya çatdırılması məsələləri müzakirə olunur.
Bununla yanaşı, elmi nəşrlərin sitat göstəricilərinin artırılması, tədqiqat nəticələrinin beynəlxalq elmi dövriyyəyə daxil edilməsi və müəlliflərin elmi nüfuzunun və tanınmasının gücləndirilməsi ilə bağlı strategiyalar diqqətə çatdırılır. Məqalələrin nəşr olunduğu jurnalların elmi göstəriciləri, beynəlxalq elmi məlumat bazalarında indekslənmə, nəşrlərin elmi yayılma və təsir imkanları, universitetlərin beynəlxalq reytinqlərində elmi fəaliyyətin qiymətləndirilməsi ilə sitat göstəriciləri arasındakı əlaqə barədə məlumat verilir.
Təlimlərdə elmi məqalələrin hazırlanması və nəşrə təqdim edilməsi zamanı tədqiqat mövzusunun aktuallığının əsaslandırılması, beynəlxalq ədəbiyyatın əhatəli şəkildə təhlili, elmi yeniliyin və praktiki əhəmiyyətin aydın ifadə olunması, məqalənin uyğun elmi jurnala yönləndirilməsi və nəşrdən sonra tədqiqat nəticələrinin elmi ictimaiyyətə çatdırılması ilə bağlı yanaşmalar da təqdim edilir.