BDU-da “Rəqəmsal sənət” adlı süni intellekt sərgisi layihəsi çərçivəsində təlimlər

Bakı Dövlət Universitetində “Regional İnkişaf” İctimai Birliyi (RİİB) və “BDU könüllüləri” təşkilatının birgə təşəbbüsü ilə “Rəqəmsal sənət” adlı süni intellekt sərgisi layihəsi çərçivəsində silsilə təlimlər keçirilib.
BDU-nun Rəqəmsal Tədqiqatlar Mərkəzinin mütəxəssisi Lalə İbadullayeva tərəfindən keçirilən ilk təlim “Süni intellektin əsasları və prompt mühəndisliyi” mövzusunda keçirilib. Sessiya çərçivəsində prompt mühəndisliyinin mahiyyəti, istifadəçi–model qarşılıqlı əlaqəsində oynadığı rol və effektiv sorğu qurulmasının prinsipləri izah edilib. Təlim zamanı zəif və effektiv prompt nümunələri müqayisəli şəkildə təhlil olunub, kontekstin düzgün qurulmasının və personanın adekvat təqdim edilməsinin nəticəyə təsiri praktik nümunələrlə iştirakçılara nümayiş etdirilib.
İkinci sessiya isə “Süni intellekt əsaslı şəkil generasiyası” mövzusunu əhatə edib. Təlimdə generativ süni intellekt alətlərinin vizual məzmun yaradılmasında tətbiqi, düzgün prompt seçiminin şəkil keyfiyyətinə təsiri və yaradıcı yanaşmalar haqqında məlumat verilib. Sessiyanın sonunda praktiki hissə təşkil olunub, iştirakçılar öz nümunələrini generasiya edərək digər iştirakçılarla birlikdə nümayiş etdiriblər.
Təlimin sonuncu sessiyası isə “PAŞA Bank”ın model risk auditoru Sitarə Ağayeva tərəfindən keçirilib. O, “Nano Banana” platformasının funksiyaları və istifadə qaydası, fotosessiya üçün konsept yaratmaq, rəng palitrasının bütün şəkillərdə eyni saxlanılması kimi məqamlardan söz açıb. Daha sonra mövzu seçimi əsasında promptların hazırlanması, eyni model və atmosferlə müxtəlif kadrların yaradılması praktik şəkildə göstərilib.
Qeyd edək ki, iştirakçılar seçim mərhələsi çərçivəsində təlim proqramında öyrəndikləri yenilikləri və süni intellekt alətləri vasitəsilə müxtəlif mövzularda hazırladıqları kreativ işləri təqdim edəcəklər. Hazırlanan işlər sərgidə nümayiş olunacaq. Sərginin sonunda isə ən yaxşı işlər mükafatlandırılacaq.