BDU-da Qazaxıstanın Torayğırov Universitetinin nümayəndə heyəti ilə görüş

Bakı Dövlət Universitetində (BDU) Qazaxıstanın Torayğırov Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov və Beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi Aysel Hacıyeva, Torayğırov Universitetinin strateji inkişaf, beynəlxalq əməkdaşlıq və rəqəmsallaşma üzrə prorektoru Saltanat Aubakirova, Beynəlxalq əməkdaşlıq departamentinin direktoru Aidana Algazinova iştirak ediblər.
BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov Bakı Dövlət Universitetinin yaranma tarixi, strukturu, tədris sistemi və elmi-tədqiqat fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirilib ki, universitet son illərdə Qazaxıstanın aparıcı ali təhsil müəssisələri ilə əlaqələrini genişləndirir, qarşılıqlı əməkdaşlığın inkişafına xüsusi önəm verir.
Görüş zamanı tərəflər tələbə və müəllim mübadiləsi proqramlarının genişləndirilməsi, ikili diplom imkanlarının araşdırılması, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi və beynəlxalq qrant proqramlarında ortaq iştirak perspektivlərini müzakirə ediblər. Görüşdə rəqəmsallaşma, innovasiya və təhsil texnologiyaları sahəsində təcrübə mübadiləsinin gücləndirilməsinin vacibliyi vurğulanıb.
Tərəflər əməkdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsi, birgə konfrans, seminar və akademik tədbirlərin təşkili istiqamətində razılıqlarını ifadə ediblər.