BDU-da Misir və Azərbaycan Mədəniyyət Günü keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsi və Misirin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin təşkilatçılığı ilə Misir və Azərbaycan Mədəniyyət Günü keçirilib.
Mərasimdə çıxış edən BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov bildirib ki, Azərbaycan və Misir qədim tarixə və zəngin mədəni irsə malik ölkələrdir. Hər iki xalq dünya sivilizasiyasının inkişafına mühüm töhfələr verib, bu ortaq dəyərlər qarşılıqlı hörmət və əməkdaşlıq üçün möhkəm zəmin yaradır. İki ölkə arasında 1992-ci ildə qurulmuş diplomatik münasibətlər siyasi, iqtisadi, elmi və humanitar sahələrdə uğurla inkişaf edib: “Bugünkü tədbir sadəcə mədəniyyət bayramı deyil, xalqlarımız arasında mövcud olan möhkəm dostluğun bariz təzahürüdür. Fərqli coğrafiyalarda yaşasaq da, bizi ortaq bəşəri və mənəvi dəyərlər birləşdirir. Bu cür tədbirlər gələcək nəsillərdə tolerantlıq, hörmət və mədəni müxtəlifliyə sevgi kimi prinsipləri aşılayır”.
Prorektor diqqətə çatdırıb ki, iki ölkə arasında əməkdaşlığın ən mühüm istiqamətlərindən biri təhsildir. 1919-cu ildə Azərbaycanın ilk ali təhsil müəssisəsi kimi yaradılmış Bakı Dövlət Universiteti Misirin nüfuzlu universitetləri ilə akademik əlaqələr qurub. Müəllim və tələbə mübadiləsi proqramları, birgə elmi tədqiqatlar, beynəlxalq konfranslar və mədəni təşəbbüslər vasitəsilə akademik icmalar arasında əlaqələr daha da möhkəmləndirilir. Bu mübadilələr xüsusilə şərqşünaslıq, ərəb dili və islam mədəniyyəti kimi sahələrdə böyük əhəmiyyət daşıyır: “Onlar gənclərimizə müxtəlif ənənələri öyrənmək, sərhədləri aşan dostluqlar qurmaq və gələcək əməkdaşlıq üçün möhkəm təməl yaratmaq imkanı verir. Əminəm ki, iki ölkənin dostluq münasibətləri bundan sonra da inkişaf edəcək, BDU ilə Misir universitetləri arasında əməkdaşlıq daha da genişlənəcək”.
Misir Ərəb Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Houssam-Eldine Reda tədbirin təşkili üçün BDU rəhbərliyinə təşəkkür edib, elm, təhsil və mədəniyyətin ölkələrimizi birləşdirən güclü vasitələr olduğunu bildirib: “Ölkələrimiz arasında uğurlu əməkdaşlığın gələcəyi ilə bağlı nikbin fikirdəyik. Bu tədbir əməkdaşlığın daha da güclənməsi üçün uğurlu başlanğıcdır”.
Azərbaycan və Misirin turistik və tarixi yerləri haqqında videoçarx nümayiş olunub. Şərqşünaslıq fakültəsinin və Azərbaycan Dillər Universitetinin tələbələri iki ölkənin tarixi abidələri haqqında ərəb dilində çıxış ediblər. Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan, Misir səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Tarik Mohammad Aboul Fotouh belə tədbirlərin Azərbaycanı və Misiri yaxından tanımağa xidmət etdiyini, ölkələrimiz arasında humanitar və mədəni əlaqələri daha da möhkəmləndirdiyini, tələbələrin ərəb dilinə marağını artırdığını bildiriblər.
Sonda səfir Houssam-Eldine Reda Şərqşünaslıq fakültəsinin rəhbər heyəti və tələbələrinə sertifikatlar təqdim edib.