BDU-da “MediaPulse” təcrübə proqramının növbəti qonağı AzTV-nin sədr müavini Rafiq Həşimov olub

Bakı Dövlət Universitetinin “BDU könüllüləri” təşkilatının Jurnalistika fakültəsi üzrə küzvlərinin təşkilatçılığı ilə keçirilən “MediaPulse” təcrübə proqramının növbəti qonağı “Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) QSC-nin sədr müavini, televiziya aparıcısı, diktor, rejissor, Əməkdar artisti Rafiq Həşimov olub.
Jurnalistika fakültəsinin dekan müavini Samir Mirzəyev Rafiq Həşimovun televiziya və media sahəsindəki uzunmüddətli peşəkar fəaliyyəti, Azərbaycan televiziyasına verdiyi töhfələr və gənc jurnalistlər üçün örnək olan yaradıcılıq yolundan danışıb. Bugünkü görüşün tələbələr üçün zəngin təcrübə mənbəyi olduğunu qeyd edib.
Daha sonra Rafiq Həşimov tələbələrə diktor sənətinin incəlikləri, efir mədəniyyəti və tamaşaçı ilə düzgün kommunikasiya qurmağın vacibliyi barədə ətraflı məlumat verib. Bildirib ki, televiziya sahəsində uğur qazanmaq üçün yalnız səlis nitq və görünüş kifayət etmir, məsuliyyətli olmaq, operativ düşünmək, informasiyanı düzgün təqdim etmək və daim öz üzərində çalışmaq əsas şərtlərdəndir. Rafiq Həşimov çıxışında televiziya jurnalistikasının inkişaf mərhələləri, efir etikası, aparıcının auditoriyaya təsiri və media nümayəndələrinin cəmiyyət qarşısındakı məsuliyyəti kimi mövzulara da toxunub. O, gənclərə media sahəsində uğurlu karyera qurmaq üçün mütaliənin, dünya gündəmini izləməyin və praktik bacarıqların inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Əməkdar artist özünün iştirak etdiyi film və televiziya layihələrindən nümunələr təqdim edərək çəkiliş prosesinin mərhələləri, rejissorluq fəaliyyətinin xüsusiyyətləri və yaradıcı komanda işinin əhəmiyyəti barədə danışıb. O qeyd edib ki, uğurlu ekran işinin ərsəyə gəlməsi üçün ssenari, operator işi, montaj və rejissor baxışının vəhdəti xüsusi rol oynayır. Təqdim olunan nümunələr tələbələr tərəfindən maraqla qarşılanıb, iştirakçılar film istehsalı prosesinin texniki və yaradıcı tərəfləri haqqında ətraflı məlumat əldə etmək imkanı qazanıblar.
Görüş zamanı tələbələri maraqlandıran suallar cavablandırılıb, media və televiziya sahəsində inkişaf etmək istəyən gənclərə peşəkar tövsiyələr verilib.