BDU-da kosmik havanın kritik infrastruktura təsirləri və proqnozlaşdırılması problemləri müzakirə olunub

Lüksemburq Universitetinin tədqiqatçısı, Təl-Əviv Universitetinin Kosmik Hava Mərkəzinin tədqiqatçısı Dr. Olqa Xabarova Bakı Dövlət Universitetində (BDU) “Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” mövzusunda ustad dərsi keçib.
BDU-nun rektoru Elçin Babayev müxtəlif elm sahələri üzrə tanınmış alimlərin iştirakı ilə keçirilən belə elmi tədbirlərin tələbə və gənc tədqiqatçıların müasir elmi yanaşmalarla tanış olması və peşəkar inkişafı baxımından əhəmiyyətini qeyd edib. Rektor Olqa Xabarovanın Günəş-Yer əlaqələri, kosmik hava və onun texnoloji sistemlərə təsirlərinin öyrənilməsi istiqamətində apardığı tədqiqatların əhəmiyyətini vurğulayıb. O, həmçinin kosmik hava hadisələri ilə bağlı məlumatların etibarlı elmi mənbələrdən əldə edilməsinin vacibliyinə diqqət çəkib.
Dr. Olqa Xabarova məruzəsində kosmik hava anlayışını və onu formalaşdıran əsas fiziki prosesləri izah edib. Günəş fəallığının, o cümlədən Günəş alışmalarının, tac kütlə atılmalarının və müxtəlif sürətli Günəş küləyi axınlarının Yerə yaxın kosmik mühitə təsiri barədə məlumat verib. Bu proseslərin maqnitosfer, ionosfer və atmosferdə yaratdığı dəyişikliklər, həmçinin onların peyklərə, rabitə və naviqasiya sistemlərinə və yerüstü texnoloji infrastruktura təsirləri elmi nümunələr əsasında təqdim olunub. Kosmik hava hadisələrinin təsirlərinin Günəşdən Yerə qədər uzanan mürəkkəb fiziki qarşılıqlı təsirlər zənciri nəticəsində formalaşdığı qeyd edilib.
Məruzədə xüsusilə güclü geomaqnit qasırğalarının elektrik enerji sistemləri üçün yaratdığı risklərə diqqət yetirilib. Belə hadisələr zamanı Yerin maqnit sahəsində baş verən sürətli dəyişikliklər yer səthində elektrik sahələrinin yaranmasına və uzun keçirici sistemlərdə, o cümlədən elektrik şəbəkələrində geomaqnit təsirli cərəyanların yaranmasına səbəb ola bilər. Bu cərəyanların elektrik şəbəkələrinin, xüsusilə transformatorların fəaliyyətinə təsiri və yarada biləcəyi risklər barədə məlumat verilib.
Olqa Xabarova kosmik havanın davamlı monitorinqi və etibarlı proqnozlaşdırılmasının kritik infrastrukturun dayanıqlığının təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Eyni zamanda, kosmik hava hadisələrinin proqnozlaşdırılmasında mövcud elmi və texnoloji problemlər barədə məlumat verilib.
Böyük maraqla qarşılanan ustad dərsi mövzu ətrafında fikir mübadiləsi və iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.