BDU-da ədəbi-bədii tədbir: “Şuşaya salam”

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin katibi, fakültənin məzunu Səlim Babullaoğlunun “Şuşaya salam” layihəsi əsasında ədəbi-bədii tədbir keçirilib. Əvvəlcə Dövlət himni səsləndirilib, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla anılıb. Tarixi qələbəmizi əks etdirən videoçarx nümayiş etdirilib.
İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı Ələmdar Cabbarlı Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin şücaəti sayəsində qazandığımız parlaq qələbədən, ərazi bütövlüyümüzün, suverenliyimizin bərpa olunmasından danışıb. 44 günlük Vətən müharibəsində Şuşa Zəfərinin tarixi əhəmiyyətini xüsusi vurğulayıb. “Bu möhtəşəm qələbə çağdaş bədii ədəbiyyatın yeni mövzularla zənginləşməsinə səbəb oldu. Şair və yazıçılarımız müharibənin ilk günlərindən Ali Baş Komandanımızın qətiyyəti, Azərbaycan dövlətinin gücü, Ordumuzun məğlubedilməzliyi, əsgər və zabitlərimizin qəhrəmanlığı haqqında ədəbi əsərlər yazıb dərc etdirməyə başladılar”.
“Şuşaya salam” layihəsi barədə məlumat verən Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, tərcüməçi Səlim Babullaoğlu qeyd edib ki, Mədəniyyət Nazirliyinin dəstəyi, “Space” televiziyasının tərəfdaşlığı ilə Azərbaycan da daxil olmaqla 30-a yaxın ölkədən 44 tanınmış şair Şuşaya ithaf etdikləri şeirlərini qiraət ediblər. Daha sonra isə həmin şeirlər toplu şəklində çapdan buraxılıb. Səlim Babullaoğlu bu kimi tədbirlərin tələbələrin vətənpərvərlik hisslərinin formalaşmasında mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Tədbirdə tanınmış şairlər İlqar Fəhmi, Səlim Babullaoğlu, BDU-nun dekanları Aydan Xəndan, Ələmdar Cabbarlı, kafedra müdiri Knyaz Aslan Şuşaya həsr etdikləri şeirlərini, fakültə əməkdaşları, tələbələri və əməkdaşların övladları Azərbaycanın və dünyanın bir sıra ölkələrinin şairlərinin Şuşaya həsr olunmuş şeirlərini səsləndiriblər.
Ədəbi-bədii gecə İnformasiya və sənəd menecmenti fakültəsinin tələbələrinin ifasında Şuşaya aid musiqi nömrələri ilə davam edib. Tədbir çərçivəsində həmçinin gənc rəssam Aytac Aslanın Şuşa mövzusunda əsərlərindən ibarət rəsm sərgisi nümayiş olunub.