BDU-da Corc Vaşinqton Universitetinin professorunun iştirakı ilə elmi seminar keçirilib

Bakı Dövlət Universitetində (BDU) ADA Universitetinin təşəbbüsü ilə Corc Vaşinqton Universitetinin professoru, yüksək performanslı hesablama sahəsində tanınmış mütəxəssis Tarek El Ghazawinin iştirakı ilə “Hesablama texnologiyaları və mühəndisliyin gələcəyi: yüksək məhsuldarlıqla hesablamadan süni intellektə” adlı elmi seminar keçirilib.
BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin Əqli mülkiyyətin qorunması şöbəsinin müdiri Əfsanə Surxaylı tədbirin əhəmiyyətindən danışıb.
Corc Vaşinqton Universitetinin Elektrik və kompüter mühəndisliyi fakültəsinin dekanı, professor Tarek El Ghazawi çıxışında hesablama texnologiyalarının və mühəndisliyin gələcəyinə dair fikirlərini bölüşüb. O, yüksək məhsuldarlıqla hesablama (HPC) sistemlərindən süni intellektə (AI) keçidin perspektivləri barədə tələbələrə geniş məlumat verib.
Daha sonra ADA Universitetinin qəbul üzrə məsləhətçisi Günel Muxtarova çıxış edərək, ADA Universiteti və Corc Vaşinqton Universiteti arasında təklif olunan ikili diplom proqramları haqqında təqdimat edib. O, elektrik mühəndisliyi və energetika, kompüter elmləri və verilənlərin təhlili, kompüter mühəndisliyi və yüksək məhsuldarlıqla hesablama sistemləri üzrə proqramların Azərbaycanın Dövlət Proqramı çərçivəsində tam maliyyələşdirildiyini və tələbələr üçün geniş imkanlar yaratdığını qeyd edib.
Tədbir tələbələrin sual-cavab sessiyası ilə yekunlaşıb.