BDU-da bitki mənşəli nanohissəciklərin canlı sistemlərə təsiri müzakirə olunub

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində “Bitki mənşəli nanohissəciklərin canlı sistemlərə təsirinin biokimyəvi xüsusiyyətləri” mövzusunda elmi seminar keçirilib.
Biofizika və biokimya kafedrasının dosenti Səbinə Ömərova bitki mənşəli nanohissəciklərin yaşıl sintez üsulları ilə əldə olunması, onların fiziki-kimyəvi xüsusiyyətlərinin müasir analiz metodları vasitəsilə öyrənilməsi və müxtəlif canlı sistemlərə təsir mexanizmləri barədə ətraflı məlumat verib.
Məruzə zamanı birhüceyrəli yosunlar, buğda cücərtiləri və balıqlar üzərində aparılan tədqiqatların nəticələri təqdim olunub. Bildirilib ki, nanohissəciklər canlı orqanizmlərdə oksidləşdirici stresə qarşı müdafiə sisteminin ferment komponentlərinə müxtəlif təsirlər göstərir.
Səbinə Ömərova Azərbaycan florasında geniş yayılmış kəklikotu bitkisinin ekstraktı əsasında sintez edilmiş gümüş nanohissəciklərinin müxtəlif canlı sistemlərin antioksidant müdafiə mexanizmlərinə təsirinə dair əldə olunan nəticələri iştirakçıların diqqətinə çatdırıb. O, aparılan tədqiqatların ekotoksikoloji baxımdan mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Təqdimatın sonunda auditoriyanın sualları cavablandırılıb, aparılan tədqiqatların perspektivləri və əldə edilən nəticələrin praktik tətbiq imkanları ətrafında geniş elmi müzakirələr aparılıb.