BDU-da “Azərbaycan dili - Açıq dərslər” layihəsinin növbəti görüşü

Bakı Dövlət Universitetinin “BDU könüllüləri” təşkilatının təşəbbüsü ilə keçirilən “Azərbaycan dili - Açıq dərslər” layihəsinin növbəti qonağı Bakı Slavyan Universitetinin Azərbaycan dili kafedrasının müdiri, dosent Şəhla Əhmədova olub.
Dosent Şəhla Əhmədova müasir Azərbaycan dilinin leksik-semantik sistemi, bu sistemdə dialektizmlərin və neologizmlərin yeri və funksional xüsusiyyətləri, eləcə də alınma sözlərin intensiv şəkildə işlədilməsinin ədəbi dilin inkişafına və dilin daxili imkanlarına təsiri məsələlərinə dair ətraflı məruzə ilə çıxış edib.
Məruzədə dilin lüğət tərkibinin sosial, mədəni və elmi-texnoloji proseslərin təsiri ilə dinamik şəkildə dəyişməsi, müxtəlif tarixi mərhələlərdə sözlərin leksik və qrammatik mənalarında baş verən dəyişikliklər, semantik transformasiyalar, sözlərin məna çalarlarının genişlənməsi və ya daralması, həmçinin yeni məna və funksiyalar qazanması elmi baxımdan təhlil olunub. Eyni zamanda, dilin lüğət tərkibinin yeni söz və ifadələrlə zənginləşməsi, neologizmlərin yaranma mexanizmləri, dialekt və şivə elementlərinin ədəbi dilə keçidi, alınma leksikanın milli dil sisteminə uyğunlaşması və bu proseslərin dilin normativliyi, milli-linqvistik xüsusiyyətləri və daxili söz yaradıcılığına təsirindən söz açılıb.
Görüşün sonunda Şəhla Əhmədova iştirakçılara “Etimologiya lüğəti”, ““Koroğlu” dastanının lüğəti” və “Zoologiya terminləri lüğəti”ni hədiyyə edib.