BDU Çinin Tianjin Universiteti ilə əməkdaşlığa başlayır

Bakı Dövlət Universiteti (BDU) və Çin Xalq Respublikasının (ÇXR) Tianjin Universiteti arasında anlaşma memorandumu imzalanıb.
Sənədi BDU-nun rektoru Elçin Babayev və Tianjin Universitetinin prezidenti Liyuan Chai imzalayıb.
Memorandumda hǝr iki universitetin nǝzdindǝ olan fakültǝ, institut vǝ kolleclǝrdǝ təlim-tədris prosesinin təkmilləşdirilməsi vǝ beynǝlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə layihǝlǝrin, konfrans, sərgi, seminar, simpozium, qısamüddətli kursların, təlimlərin keçirilməsi, ortaq elmi-tədqiqatların aparılması nəzərdə tutulur. Həmçinin elmi jurnallarda birgə nəşrlər, ortaq akademik proqramların, tədris planlarının və sillabusların hazırlanması, təlimlərin keçirilməsi, akademik, inzibati heyətin, tələbə, magistrant, doktorant və tədqiqatçıların mübadiləsi kimi məsələlər də memorandumda öz əksini tapıb.
Əsası 1895-ci ildə qoyulmuş Tianjin Universiteti ÇXR-in nüfuzlu universitetlərindən biridir. Tianjin Universiteti QS reytinqində 2026-cı il üzrə 257-ci, Asiya universitetləri reytinqində 51-ci, “Times Higher Education” (THE) reytinqində isə 201-250-ci pillələrdə qərarlaşır.