Bakı Dövlət Universitetində (BDU) əməkdaşların və təhsilalanların ictimai fəallığının artırılması, onların Universitetin və ölkənin ictimai-mədəni, sosial həyatında daha aktiv iştirak etməsi, genişmiqyaslı sosial layihələrə fəal qoşulması, ölkədə elmi maarifçilik işinə cəlb olunması, mədəni-kütləvi tədbirlərin reallaşdırılması istiqamətində bir çox layihələr həyata keçirilir. BDU ilə dövlət və qeyri-hökumət təşkilatları, ictimai birliklər arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi və möhkəmləndirilməsi, birgə sosial layihələrin reallaşdırılması istiqamətində səmərəli işlər aparılır.
Ölkədə aparılan sosial siyasətə müvafiq olaraq BDU-da sosial layihələrin genişləndirilməsi, bu istiqamətdə təşəbbüskarlıq mühitinin formalaşdırılması məqsədilə sosial inkişafa yönəlmiş ideya və təşəbbüslər dəstəklənir. Universitet kollektivinin fiziki, sosial, intellektual və mənəvi inkişafının təmin edilməsi, habelə həyat və sağlamlığının qorunması, innovativ ideyaların reallaşdırılması, maarifləndirmə işinin təkmilləşdirilməsi, təbiətin və ətraf mühitin mühafizəsi, cəmiyyətdə tolerant və inklüziv mühitin qorunması, əmək bazarında məzunların rəqabət qabiliyyətinin artırılması və s. istiqamətdə sosial layihələr həyata keçirilir.
Universitetdə yüksək əmək və təhsil şəraitinin təmin edilməsi, əməkdaş və tələbələrin sağlamlığının qorunması, onların sosial müdafiəsinin təşkili, sosial rifahının yaxşılaşdırılması, ictimai fəallıqlarının artırılması, asudə vaxtlarının səmərəli təşkili, təhsilslanlar üçün hərtərəfli təhsil mühitinin formalaşdırılması, sosial cəhətdən həssas əhali qrupuna aid edilən əməkdaş tələbələrin diqqət mərkəzində saxlanılması priroritet istiqamətlərdən hesab olunur. Eyni zamanda, dövlət gənclər siyasətinin icrası, təhsilalanlarlarla tərbiyə işinin təkmilləşdirilməsi diqqət mərkəzində saxlanılır.
Əməkdaşların və təhsilalanların əmək və təhsil şəraitinin, onlara ictimai iaşə xidmətinin, tibbi xidmətin yaxşılaşdırılması istiqamətində mütəmadi tədbirlər görülür. Son illərdə “Tələbə evi”nin ən müasir standartlara uyğun, zəruri avadanlıqlarla təchiz edilərək istifadəyə verilməsi, yeməkxanaların əsaslı təmir olunaraq yenidən qurulması, “Kitab evi”, EkoMəkan, Tələbə məkanı, EkoEnerji məntəqəsinin yaradılması və s. bu tədbirlərin davamıdır.
BDU-da sosial layihələr əsasən aşağıdakı istiqamətlərdə həyata keçirilir:
- Professor-müəllim heyətinin sosial tədqiqatları. BDU-nun ictimai missiyasına müvafiq olaraq, professor-müəllim heyəti ölkədə elmi maarifçilik işinə fəal cəlb olunur, görkəmli alimlərin fəal ziyalı mövqeyindən çıxış edərək, ölkənin sosial-iqtisadi inkişafı, ictimai-mədəni həyatı, eləcə də regionda və dünyada baş verən proseslər haqqında peşəkar mütəxəssislər kimi tədqiqatları dəstəklənir, araşdırmalar kütləvi informasiya vasitələri, elmi-kütləvi və publisistik nəşrlərlə ictimaiyyətə təqdim edilir.
- Təhsilalanların ictimai fəallığının artırılması, tələbə təşkilatlarının fəaliyyətinin genişləndirilməsi, təhsilalanlar arasında milli-mənəvi dəyərlərin, Heydər Əliyev iris və Azərbaycançılıq ideyasının təbliği və s. istiqamətində layihələr. Ümummilli Lider Heydər Əliyev irsinin və Azərbaycançılıq ideyasının öyrənilməsi və təbliği, dünyada gedən proseslərin müqayisəli təhlil edilərək tələbələrə çatdırılması, eləcə də milli maraqlara və milli dəyərlərə əsaslanan, beynəlxalq təcrübəni nəzərə alan tələbə-gənclərin ölkədə gedən proseslərdə həm iştirakçı, həm də bəhrələnən sosial qrup kimi formalaşdırılması, tələbələrin vətənpərvərlik ruhunda tərbiyəsi, innovativ düşüncəli və bilikli yetişməsi və s. diqqət mərkəzində saxlanılır. Təhsilalanların ictimai həyatda iştirakının təşviq edilməsi məqsədilə tələbə təşkilatlarının və klublarının, BDU könüllülərinin, eləcə də BDU tələbələrinin təmsil olunduğu könüllü təşkilatlarının sosial təşəbbüsləri dəstəklənir, onların sosial layihələri genişləndirilir.
- Ölkənin dövlət və qeyri-hökumət təşkilatları, ictimai birlikləri ilə müştərək genişmiqyaslı sosial layihələr. BDU sosial layihələrin əsas tərəfdaşlarından biri kimi, dövlət müəssisələrinin, elmi, mədəni, iqtisadi və digər institutlarının, yaradıcılıq birliklərinin ideya və təşəbbüslərinin təqdim və müzakirə etdiyi platformaya çevrilərək ictimaiyyətə humanitar-sosial proqramların, sosial təşəbbüslərinin təqdim olunması imkanları yaradır.
- Mövcud əməkdaşlıq əlaqələri əsasında işəgötürənlər, ölkənin dövlət və özəl təşkilatları, iri sənaye müəssisələri, maliyyə və xidmət sektoru və məzunlarla həyata keçirilən müştərək sosial layihələr. Müntəzəm olaraq BDU-da işəgötürənlərin təlimləri keçirilir, karyera sərgiləri, yarmarkalar, müsabiqələr, debatlar, dəyirmi masalar və s. təşkil olunur.
- Əməkdaş və tələbələrin sağlamlığının qorunması, asudə vaxtlarının səmərəli təşkili istiqamətində həyata keçirilən sosial layihələr. Mədəniyyət-yaradıcılıq Mərkəzi, İdman-sağlamlıq Mərkəzi tələbə təşkilatları, Psixoloji Yardım Sektoru və Universitetin ərazisində yerləşən 5 nömrəli Tələbə poliklinikası ilə birgə sağalam həyat tərzinin təbliği məqsədilə maarifləndirici təlimlər, görüşlər, eləcə də aksiyalar, iməciliklər, idman və yaradıcılıq müsabiqələri və s. keçirilir.
BDU-da professor-müəllim heyətinin hazırladığı, bədnam qonşularımızın təcavüzünün, apardığımız haqq savaşının nəticələrinin akademik səviyyədə qiymətləndirilməsi, nəticələrin tədris prosesində istifadəsi məqsədilə bir neçə layihə həyata keçirilmişdir.
“İşğal altında olmuş Azərbaycan Respublikası ərazilərində məcburi köçkünlərin pozulmuş hüquqlarına dair” Kompleks Beynəlxalq Hesabatın hazırlanması layihəsində BDU əməkdaşları və xarici nüfuzlu hüquqşünas ailmlər iştirak etmişdir. Kompleks hesabatın məqsədi işğal altında olmuş Azərbaycan Respublikası ərazilərindən olan məcburi köçkünlərin işğala qədər, işğal dövründə və işğaldan sonra öz doğma yurdlarına təhlükəsiz və şərəflə qayıtmaq hüquqları ilə əhatələnən və mühüm beynəlxalq sənədlərlə tanınaraq pozulmuş əsas hüquqları, işğalla əlaqədar vurulmuş ziyanların əhatə dairəsi, işğal dövründə törədilən beynəlxalq cinayətlər, Ermənistanın beynəlxalq-hüquqi məsuliyyətinin əsasları, işğal altında olmuş Azərbaycan Respublikası əraziləri üçün zərurət duyulan humanitar yardım və s. aktual problemlərin beynəlxalq-hüquqi həlli məsələləri xarici və yerli nüfuzlu alimlərin rəyləri ilə təqdim olunmasıdır. Layihənin nəticələri əsasında “Azərbaycan məcburi köçkünlərinin pozulmuş hüquqlarına dair kompleks beynəlxalq hesabat” Azərbaycan və ingilis dillərində nəşr olunmuşdur. 2021-ci ildə Beynəlxalq hesabat ölkə ictimaiyyətinə təqdim olunmuş, kitab beynəlxalq təşkilatlara, dövlət və hökumət orqanlarına, diplomatik nümayəndəliklərə və s. göndərilmişdir.
“Vətən Müharibəsi dövründə ölkə və xarici medianın fəaliyyətini təhlili” layihəsi çərçivəsində Vətən müharibəsi dövründə yerli və xarici medianın fəaliyyəti təhlil edilmiş, müvafiq analitik tədqiqatlar aparılmışdır. Layihənin işçi qrupuna BDU-nun tanınmış alimləri ilə yanaşı, ölkənin bir sıra nüfuzlu media mütəxəssisləri, beynəlxalq jurnalistika tədqiqatçıları, habelə gənc araşdırmaçılar, doktorant və magistrantlar daxil edilib. Layihə çərçivəsində Azərbaycan Respublikası Prezidentinin xarici KİV-ə müsahibələrinin informasiya müharibəsində oynadığı əvəzolunmaz rol, Vətən müharibəsinin beynəlxalq mediada işıqlandırılması, beynəlxalq jurnalist təşkilatlarının mövqeyi, Vətən müharibəsində ölkə mediasının fəaliyyəti, BDU əməkdaşlarının Vətən müharibəsi dövründə ölkə mediasında çıxışlarının təhlili və s. istiqamətində təhlillər aparılmışdır.
Layihə çərçivəsində üç nəşr ictimaiyyətə təqdim edilmişdir. Birinci kitabda – “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vətən müharibəsi dövründə xarici kütləvi informasiya vasitələrinə müsahibələri” kitabında Vətən müharibəsinin getdiyi gərgin günlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xarici media orqanlarının nümayəndələrinə verdiyi parlaq və qətiyyətli müsahibələri, bu müsahibələrin informasiya cəbhəsində, Qarabağ həqiqətlərinin, Azərbaycanın haqq mübarizəsinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rolu təhlil edilmişdir. “Vətən müharibəsi yerli və xarici mediada” kitabında Vətən müharibəsi dövründə ölkə KİV-nin fəaliyyəti, bir sıra xarici media orqanlarında, eləcə də Ermənistan mətbuatında dərc olunan məqalələr, müsahibələr, reportajlar, analitik yazılar və s. araşdırılmış, beynəlxalq medianın müharibəyə baxışına nəzər salınmış, fərqli yanaşmalar sistemləşdirilmiş, ümumiləşdirmələr aparılaraq təqdim olunmuşdur. “Vətən müharibəsi dövründə Bakı Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələrinin ölkə mediasında çıxışları” kitabında 44 günlük Vətən müharibəsi dövründə BDU-nun professor-müəllim heyəti və tələbələrinin kütləvi informasiya vasitələrində yayımlanmış yazılarının bir hissəsi toplanmışdır.
Vətən müharibəsində qəhrəmanlıq göstərərək rəşadətlə döyüşmüş, müqəddəs şəhidlik zirvəsinə ucalmış şəhid məzunlarının xatirəsinin əziz tutulması, onların qəhrəmanlıqlarının tələbələr arasında təbliğ edilməsi məqsədilə BDU TV-də BDU-nun şəhid məzunları haqqında sənədli film hazırlanmış və ictimaiyyətə təqdim edilmişdir. BDU-nun şəhid məzunları haqqında “BDU-nun tarix yazan məzunları” kitabı nəşr olunmuşdur. Mədəniyyət-yaradıcılıq Mərkəzi və BDU TV birgə 44 verilişdən ibarət “Zəfər yolu” proqramı hazırlamışdır.
BDU və Missiya internet televiziyasının birgə layihəsi olan “BDU-nun tarix yazan şəhid məzunları” layihəsində Universitet kollektivinin və tələbə təşkilatlarının iştirakı ilə ziyarət olunan şəhid ailələrindən reportajlar hazırlanmış və geniş ictimaiyyətə təqdim edilmişdir.
BDU-nun daha bir layihəsi 2 cilddə “Azərbaycan Respublikasının tarixi (1991-2021)” kitabının hazırlanması və nəşr edilməsidir. 2021-ci ildə nəşr olunmuş və ictimaiyyətə təqdim edilmiş 1991-ci ildə müstəqilliyimizin yenidən bərpasından sonra dünya şöhrətli siyasətçi, görkəmli ictimai-siyasi xadim, xalqımızın Ümummilli lideri Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycan Respublikasının 2021-ci ilə qədərki otuz illik tarixi inkişaf dövrünü əhatə edir. Tarixi faktlar və onların müqayisəli təhlili əsasında ərsəyə gətirilmiş kitab müstəqilliyin əldə edilməsi, qorunması və möhkəmləndirilməsi uğrunda mübarizəni, müasir Azərbaycanın yüksəliş və zəfər mərhələlərini əhatə edir.
Azərbaycan tarixinin son 30 illik dövrünə, dövlətimizin və xalqımızın müstəqillik və azadlıq uğrunda keçdiyi yola, müasir dövrdə misli görünməmiş sürətlə tərəqqisi və inkişafına, xüsusilə Qarabağ Zəfəri və onun siyasi nəticələrinə müfəssəl şəkildə toxunan “Azərbaycan Respublikasının tarixi” kitabı tariximizin daha dolğun və ətraflı əks etdirilməsi istiqamətində atılmış ilk addımlardan biridir.
Kitabın əsas qayəsi ölkəmizin 30 ildə keçdiyi tarixi inkişaf yolunu – müstəqilliyinin ilk illərində parçalanmaq, vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalan, əraziləri qəsb olunmuş, siyasi, iqtisadi böhran məngənəsində boğulan dövlətdən bugünkü güclü iqtisadiyyata, qüdrətli orduya, milli həmrəyliyə malik, regionda lider dövlətə çevrilməsini, bu yolda maneələrin məharətlə dəf olunmasını, milli maraqlara söykənən uğurlu daxili və xarici siyasətin həyata keçirilməsini və s. olduğu kimi, tarixi faktlarla əks etdirməkdir. Kitab müvafiq sahədə çalışan müxtəlif elm adamları, tarixçilər, tədqiqatçılar, müəllim və tələbələr, eləcə də müstəqil dövlətimizin inkişaf tarixi ilə maraqlanan hər kəs üçün qiymətli mənbə olacaqdır.
Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun Böyük Qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsi dövründə Universitetin professor-müəllim heyəti informasiya cəbhəsində xüsusi fəallıq göstərmiş, dövri mətbuatda haqq savaşımızla bağlı ümumilikdə 100-dən çox, tələbələrin isə 50-yə yaxın məqaləsi dərc olunmuşdur. Eyni zamanda “BDU-da Qarabağ ruhu” layihəsi çərçivəsində 30-dan çox silsilə yazı KİV-də yayımlanmışdır.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə "Heydər Əliyev: Dil, ədəbiyyat və incəsənət" (müəllif BDU-nun Ümumi dilçilik kafedrasının müdiri akademik Nizami Cəfərov) və “Heydər Əliyev-100: Biblioqrafiya” kitabları hazırlanmış, nəşr olunmuş və ictimaiyyətə təqdim edilmişdir.
Kitab Ulu Öndər Heydər Əliyevin ana dilimizin saflığının qorunması, inkişafı, milli ədəbiyyatımızın və incəsənətimizin çiçəklənməsi istiqamətində müqayisəyəgəlməz xidmətlərinin öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb edir. İndiyədək Ulu Öndər Heydər Əliyevin dil, ədəbiyyat və incəsənət, ümumən mədəniyyət haqqında görüş, mülahizə və qeydləri ayrı-ayrılıqda təhlil edilmişdir. Kitabda ilk dəfə həmin görüşlər, mülahizələr, qeydlər (Ulu Öndərin mədəniyyətin müxtəlif sahələrində gördüyü çoxşaxəli misilsiz işlər) elmi-nəzəri cəhətdən ümumiləşdirilmiş və sistemləşdirilmişdir.
Kitabda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Azərbaycan dili, ədəbiyyatı və incəsənətinin inkişafındakı tarixi xidmətləri barədə geniş təsəvvür yaradılır. Azərbaycan mədəniyyətinin bu sahələrinin hər birində Ulu Öndərin gördüyü işlərin, həyata keçirdiyi layihələrin xalqın ideya-mənəvi tərəqqisinə strateji təsiri əsaslandırılır. Konkret faktlara istinadən göstərilir ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycanda gerçəkləşdirdiyi mədəniyyət siyasəti bu gün uğurla tətbiq olunmaqla yanaşı, yeni imkanlarını, perspektivlərini də nümayiş etdirir.
“Heydər Əliyev-100: Biblioqrafiya” kitabında Ulu Öndər Heydər Əliyevin nəşr edilmiş, eləcə də dahi şəxsiyyət haqqında yazılmış kitablar biblioqrafik üsulla sistemləşdirilərək təqdim edilmişdir. Yeni nəşrdə Ulu Öndər Heydər Əliyevin əsərlərindən ibarət “Müstəqilliyimiz əbədidir” çoxcildliyinin 46 kitabının bir mənbə altında biblioqrafik təsviri verilmiş, həmçinin külliyyatın hər bir kitabının tərkibi açılmışdır. Bu, oxucuya biblioqrafik göstəricinin köməyi ilə çoxcildliyin hər bir cildi haqqında informasiya əldə etmək imkanı verir. Biblioqrafik məlumat kitabında 1433 adda mənbənin biblioqrafik təsviri öz əksini tapmışdır. Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin salnaməsi xronoloji ardıcıllıqla təqdim olunmuş, Ümummilli Lider Heydər Əliyevin kitab şəklində nəşr edilmiş (1969-2023) əsərlərinin biblioqrafik təsviri verilmişdir.
2023-cü ildə BDU-nun Azərbaycanın həvəskar astronomları ilə birgə yeni layihəsi olan “Kainat: Bir səma altında” foto-albomu hazırlanmış və ictimaiyyətə təqdim edilmişdir. Azərbaycanda astrofotoqrafiya istiqamətində ilk olan foto-albomda həvəskar astronomların müxtəlif ulduz ölçüsünə malik astronomik obyektlərin (Günəş, Ay, Günəş sisteminin planetləri və onların peykləri, asteroidlər, kometlər, ulduzlar, qalaktikalar və dumanlıqlar kimi uzaq kosmos obyektləri) və hadisələrin (Günəş və Ay tutulmaları, meteor yağışları və digər atmosfer hadisələri) uzunmüddətli müşahidə edilməsindən sonra əldə etdikləri əsrarəngiz şəkillər yer almışdır. Yüksək keyfiyyətlə çap olunan və qeyri-adi rakurslardan çəkilən müxtəlif məzmunlu astrofotoların toplandığı kitab həvəskar astronomlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
BDU-da xüsusi karantin rejimi dövründə əməkdaş və tələbələrinin sağlamlıqlarının qorunması üçün sosial layihəyə başlanılmış, BDU HİK ilə birgə pandemiya dövründə ehtiyacı olan, yaşı 65-dən yuxarı 500-dən çox əməkdaşa birdəfəlik maliyyə yardımı, 500-dən çox əməkdaşa ərzaq yardımı, COVID-19 infeksiyasına yoluxmuş 250-dən çox əməkdaşa maddi dəstək göstərilmişdir. BDU THİK ilə birgə 350-dək tələbəyə maliyyə yardımı, onlayn dərslərə qoşulmaqda texniki çətinlik çəkən 300-dən çox tələbəyə internet paketi yardım edilmişdir. Ölkədə həyata keçirilən sosial aksiyalarda fəal iştirak edərək, xüsusi karantin rejimi müddətində evdən çıxması qadağan olunan, 65 yaşdan yuxarı tənha yaşayan şəxslərə sosial qayğı göstərilməsi kampaniyası çərçivəsində Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi ilə birgə sosial aksiya keçirmiş Bakı şəhərinin müxtəlif ərazilərində yaşayan yaşı 65-dən yuxarı olan xüsusi risk qrupuna aid 100 şəxsə müxtəlif ərzaq məhsullarından ibarət sovqat paylanılmış, aksiya zamanı yardım olunanlara COVID-19 infeksiyasının ölkədə yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən xüsusi karantin rejiminin qaydaları barədə məlumat verilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli 48s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na müvafiq olaraq BDU-da çalışan bütün əməkdaşların müvafiq qaydada vaksinasiya olunması işlərini sürətləndirmək üçün 2021-ci il 15-21 aprel və 19-21 may tarixlərində BDU-nun təşəbbüsü və müraciəti əsasında BDU-nun ərazisində yerləşən 30 saylı şəhər poliklinikasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) vaksinasiya məntəqəsi qurulmuş və əməkdaşların mütəşəkkil şəkildə COVID-19 infeksiyasına qarşı peyvənd olunması həyata keçirilmişdir.
Pandemiya dövründə BDU-nun görkəmli alimləri, peşəkar mütəxəssisləri, tanınmış ziyalılar mütəmadi olaraq kütləvi informasiya vasitələrində çıxışlar etmiş, yeni növ koronavirus infeksiyasının Azərbaycanda yayılmasının qarşısının alınması istiqamətində dövlət səviyyəsində görülən tədbirlərin əhəmiyyəti, xüsusi karantin rejiminə ciddi riayət olunmasının vacibliyi, sosial izolyasiya dövründə təhsilin davamlılığı, insanların öz psixoloji sağlamlıqlarını qoruması yolları və s. haqqında məlumat vermiş, ölkədə elmi maarifləndirmə işində yaxından iştirak etmişdir.
BDU-nun Psixoloji yardım sektoru müntəzəm olaraq əməkdaş və tələbələr arasında maarifləndirmə tədbirləri həyata keçirmiş, xüsusi karantin dövründə evdə qalan tələbələrin, eləcə də əməkdaşların mənəvi-psixoloji vəziyyətini nəzərə alaraq rəsmi sosial media hesabları vasitəsilə onlara psixoloji dəstək göstərmişdir. Əməkdaş və tələbələrin 300-dən çox fərdi müraciətinə baxmış, onların fərdi psixoloji problemlərinin aradan qaldırılmasına peşəkar yardım göstərilmişdir.
44 günlük Vətən Müharibəsi Şanlı Qələbəmizlə başa çatandan sonra BDU-da Vətən müharibəsinə həsr olunmuş layihələr, Vətən müharibəsində şəhid olmuş BDU məzunlarının xatirəsinin əziz tutulması, onların qəhrəmanlıqlarının tələbələr arasında təbliğ edilməsi, Vətən müharibəsi iştirakçısı olan BDU tələbələrinə kompleks qayğı göstərilməsi istiqamətində tədbirlər həyata keçirilmişdir.
BDU-nun Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət komitəsi, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TÜRKPA, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsi, Yunus Əmrə İnstitutu, İLESAM və Azərbaycan Yaradıcılıq Fondu ilə birgə təşkil etdiyi və 2022-ci il 26-28 may tarixlərində BDU-da keçirilən Birinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı ölkəmiqyaslı sosial layihələrdən biridir. Festivalda Azərbaycanın və digər türk dövlətlərinin tanınmış alimləri, qələm adamları qatılmışdır. Tədbirin birinci günü “Şuşa Günü”, ikinci günü “Türk Dünyası Günü”, üçüncü günü isə “Dədə Qorqud Günü” adlandırılmışdır. Türk dünyasının böyük mütəfəkkirləri Nizami, Yunus Əmrə, Əlişir Nəvai, Məhdimqulu Firaki, Tüğölbay Sıdıkbekov və Abay Kunanbayevin xatirələrinə həsr edilmiş festivalda Azərbaycan və digər türk dövlətlərinin 100-dən artıq nəşriyyat və kitab yayım müəssisəsi öz məhsullarını nümayiş etdirmiş, 3 gün davam edən sərgi-yarmarkanı minlərlə kitab və ədəbiyyatsevər ziyarət etmişdir. Festival çərçivəsində türk dünyasının böyük mütəfəkkirləri haqqında məruzələr edilmiş, Mirzə Ələkbər Sabir, Həsən bəy Zərdabi, Əhməd Cavad, Xurşidbanu Natəvan, Hüseyn Cavid, Əhməd Baydursunlu, Mirzə Fətəli Axundzadə, Ömər Faiq Nemanzadənin yubiley tədbirləri və konfranslar, təqdimat mərasimləri keçirilmişdir.
2022-ci il 5 oktyabr tarixində BDU və Beynəlxalq Türk Akademiyasının təşəbbüsü ilə, Göytürk dövlətinin qurucusu Monqolustanın Nomqon vadisində aşkar edilmiş İltəriş Kutluq Xaqana (VII əsr) aid yeni yazılı daş kitabə və abidə kompleksi ilk dəfə Azərbaycan ictimaiyyətinə BDU-da təqdim edilmişdir. Beynəlxalq Türk Akademiyası və Monqolustan Elmlər Akademiyasının apardığı birgə arxeoloji qazıntılar zamanı aşkar olunan daş kitabə və abidə kompleksinin türk dövlətlərində təqdimatı çərçivəsində Azərbaycanda məhz BDU-da keçirilən təqdimatında ölkəmizin elm və mədəniyyət xadimləri, Beynəlxalq Türk Akademiyasının nümayəndələri, Monqolustan alimləri iştirak etmişdir.
2022-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Mədəni gənclik” layihəsinin məqsədi gənclərin incəsənətə marağının artırılması, ölkənin mədəni proseslərinə cəlb edilməsi, Azərbaycan gənci və mədəniyyətimiz arasında körpü salmaq, mədəni dəyərlərimizə sahib çıxacaq nəslin yetişdirilməsinə töhfə vermək olmuşdur. Layihəyə BDU-nun 300 nəfərə yaxın tələbəsi qatılmışdır. Tələbələr 5 mədəniyyət ocağında – Azərbaycan Dövlət Akademik Milli Dram, Azərbaycan Dövlət Akademik Opera və Balet, Azərbaycan Dövlət Akademik Musiqili, Azərbaycan Dövlət Akademik Rus Dram teatrlarında və Azərbaycan Dövlət Akademik Filarmoniyasında tamaşa və konsertlərə sərbəst baxmaq, tamaşadan sonra yaradıcı heyətlə əsər barədə müzakirə aparmaq imkanı əldə etmişdir.
2023-cü il 26 oktyabr tarixində BDU-da Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi və Türkiyə Cümhuriyyətinin qurulmasının 100-cü ildönümünə həsr olunmuş III Beynəlxalq Türk Dünyası Kommunikasiya (Media) və İncəsənət Simpoziumu keçirilmişdir. Simpoziumda Azərbaycan, Özbəkistan, Qazaxıstan, Türkiyə, Şimali Kipr Türk Cümhuriyyətindən nüfuzlu alimlər və tanınmış incəsənət və KİV nümayəndələri iştirak etmişdir.
BDU ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dayanıqlı, Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) arasında imzalanmış Anlaşma Memorandumunun icrası üzrə Birgə Fəaliyyət Planına (mart 2023-cü il – fevral 2024-cü il) müvafiq olaraq, silsilə qarşılıqlı infoturlar, infosessiyalar, birgə təlimlər, ustad dərsləri, təcrübə proqramları, seminarlar, birgə sosial araşdırmalar və s. aparılmış, tədris proqramlarında sosial xidmətlər və sosial işin müasir çağırışları nəzərə alınmışdır. BDU-da tədris prosesinə Agentliyin mütəxəssisləri cəlb olunmuş, Agentliyin apardığı sosial tədqiqatlarda BDU-nun Sosial elmlər və psixologiya və Hüquq fakültəsinin alimləri yaxından iştirak etmişdir.
BDU ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi arasında birgə Fəaliyyət Planı əsasında qarşılıqlı silsilə infoturlar, infosessiyalar, birgə təlimlər, konfranslar, təqdimatlar, mühazirələr, seminarlar, müsabiqələr və s. keçirilmişdir. BDU-da tədris prosesinə Nazirliyin əməkdaşları, Nazirliyin apardığı elmi tədqiqatlarda BDU-nun Hüquq fakültəsinin alimləri yaxından iştirak etmiş, birgə təqdimatlarla çıxış etmişdir. 2023-cü il ərzində “Heydər Əliyev və Azərbaycan ədliyyəsi” elektron platformasının təqdimatı, Sumqayıt Məhkəmə Kompleksində “Heydər Əliyev mütərəqqi məhkəmə-hüquq islahatlarının müəllifidir” mövzusunda konfrans, “Heydər Əliyev və insan hüquqları: Qurtuluşdan başlanan inkişaf yolu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans, Avropa İnsan Hüquqları Konvensiyasının qüvvəyə minməsinin 70 illiyinə həsr olunmuş “Avropa İnsan Hüquqları Konvensiyası və Azərbaycan: nailiyyətlər və perspektivlər” mövzusunda Beynəlxalq konfrans keçirilmişdir.
BDU, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) və Azərbaycan Respublikasının Audiovizual Şurası arasında üçtərəfli Əməkdaşlıq Memorandumu əsasında BDU-nun Jurnalistika fakültəsinin professor-müəllim heyəti və MEDİA və Audiovizual Şuranın əməkdaşlarının iştirakı ilə birgə konfranslar, silsilə təlimlər, seminarlar, ustad dərsləri keçirilmiş, BDU-da MEDİALab layihəsi icra olunmuşdur. BDU-da tədris prosesində MEDİA və Audiovizual Şuranın əməkdaşları, Agentlik və Şuranın sosial tədqiqatlarında isə BDU-nun Jurnalistika fakültəsinin alimləri yaxından iştirak etmişdir.
BDU və "ARB 24” telekanalı arasında imzalanmış əməkdaşlıq müqaviləsi əsasında həyata keçirilən "ARB 24 NewsLab" layihəsi çərçivəsində “ARB 24” telekanalının əməkdaşları Jurnalistika fakültəsinin tələbələrinə təlim proqramı keçir, təlim proqramını uğurla başa vuran tələbələr telekanalda işə qəbul olunurlar.
Bir sıra dövlət və özəl təşkilatlar öz layihələrini BDU-da ictimaiyyətə təqdim edir, müzakirələr aparılır (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, DOST Agentliyi, Sosial Xidmətlər Agentliyi, MEDİA Agentliyi, Audiovizual Şura, Mətbuat Şurası, Azərbaycan Mediasiya Şurası, “PAŞA Holding“, “PAŞA Həyat Sığorta” ASC, “PAŞA Sığorta” ASC, Kapital Bank, Gənclərin İnkişaf və Karyera Mərkəzi, “PAŞA Bank, Azərbaycan Beynəlxalq Bankı və s. ). Dövlət təşkilatları və nüfuzlu sənaye şirkətləri ilə birgə layihələrinin artırılması, Universitetin ictimaiyyətin yeni ideya və təşəbbüslərinin, qeyri-hökumət təşkilatları və yaradıcılıq birliklərinin, iri şirkətlərin layihələrinin təqdim və müzakirə etdiyi sosial platformaya çevrilməsi istiqamətində işlər davam etdirilir.
BDU-nun əməkdaş və tələbələri Universitetetin və ölkənin ictimai həyatında, ölkə miqyaslı sosial layihələrdə, mədəni-kütləvi tədbirlərdə, müsabiqə və festivallarda fəal iştirak edir. Əməkdaş və tələbələrin, tələbə təşkilatlarının sosial təşəbbüslərinin dəstəklənməsi, könüllülük hərəkatının genişlənməsi istiqamətində addımlar atılır, sosial layihələr həyata keçirilir.