|
Təhsilin bütün səviyyələri (bakalavriat, magistratura, doktorantura) üzrə təhsil proqramları sənaye və biznes müəssisələrinin |
mütəxəssisləri ilə birgə hazırlanır və yenilənir. İstehsalat müəssisələrindən olan mütəxəssislər tədrisə və elmi fəaliyyətə cəlb olunur, ustad dərsləri və elmi seminarlar təşkil olunur. Bu cür əməkdaşlıq çərçivəsində əmək bazarının ehtiyac və tələbləri öyrənilir. Yeni ixtisaslar (ixtisaslaşmalar) müəyyən edilir, elmi-pedaqoji potensial nəzərə alınmaqla həmin ixtisaslar üzrə kadrlar hazırlanır. “Code for Future” layihəsi üzrə “Code Academy” və “DevEducation” ilə tərəfdaşlıq çərçivəsində Elm və Təhsil Nazirliyinin dəstəyi ilə BDU tələbələrinə müasir kompüterlərlə təchiz olunmuş auditoriyalarda proqramlaşdırma, sistem administratorluğu və şəbəkə administratorluğu üzrə biliklərinin artırılması üçün şərait yaradılmışdır.
Bu gün BDU məzunları müəllimlərin işə qəbulu (MİQ) imtahanlarında, “Yüksəliş” və digər beynəlxalq və respublika səviyyəli müsabiqələrdə ən yüksək nəticələr göstərir, eyni zamanda tələbələrimiz və lisey şagirdlərimiz beynəlxalq, regional və yerli olimpiadalarda, bilik yarışmalarında ön yerləri tuturlar.
Universitetdə tətbiq edilən “Blackboard” – tədrisin idarə edilməsi elektron sistemi uğurla tətbiq olunur. Hazırda sistem üzərindən tələbələrin biliyinin qiymətləndirilməsi, dərslərin video-yazılışının aparılması, eyni zamanda, mobil tətbiq vasitəsilə məlumatların daha rahat əldə edilməsi, davamlı olaraq tələbələrin və müəllimlərin fəallığının təhlil olunması prosesi həyata keçirilir.
![]() |
![]() |
![]() |
| Tədris auditoriyası | Mühazirə | BDU tələbələri istehsalat təcrübəsində |
Universitetdə elmi fəaliyyətin səmərəli təşkili məqsədilə son dövrlər aparılan elmi-tədqiqat işlərinin məzmunu yenilənmiş, keyfiyyəti artmış, alınan nəticələrin bilavasitə tətbiq sahələrinə yönəldilməsi istiqamətində müsbət nəticələr əldə edilmişdir. BDU alimlərinin elmi-tədqiqat institutlarında, laboratoriyalarda və kafedralarda aldığı nəticələr mühüm hesabatlara daxil edilmiş, praktik əhəmiyyət kəsb edən işlər kimi yüksək dəyərləndirilmişdir. Ölkəmizdə konvergens-innovativ biliklərə və praktiki vərdişlərə malik ali təhsilli mütəxəssislərə artan tələbatı nəzərə alaraq BDU istehsalat müəssisələri ilə olan mövcud əlaqələrini genişləndirmiş, fakültə, elmi-tədqiqat institut, mərkəz və laboratoriyalarının elmi-tədiqat istiqamətləri BDU-nun 2021-2030-cu illər üçün Strateji İnkişaf Planına uyğunlaşdırılmış, fundamental və tətbiqi istiqamətlərə üstünlük verilmişdir.
2021-ci ildə ilk dəfə olaraq yaradılmış Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi (Center of Excellence) təhsil-elm-istehsalat əlaqəsinin tətbiqi və elmi nəticələrin kommersiyalaşdırılması prinsiplərini əsas götürərək sənaye və istehsalat ilə əlaqələri genişləndirmişdir. Mükəmməllik Mərkəzinin nəzdində Sənaye kimyası, Biomühəndislik, Mikrobiologiya və virusologiya, Astrokosmik və atmosfer tədqiqatları və Rəqəmsal araşdırmalar, Hüceyrə kulturası və genom redaktəsi, Materialşünaslıq, Bioloji antropologiya kimi yeni sənayeyönümlü elmi-tədqiqat laboratoriyalarının yaradılması qurumun fəaliyyətini daha da gücləndirmişdir. Neft və qaz sənayesi üzrə bir sıra kommersiya əsaslı layihə müqavilələri imzalanmışdır.
Tələbələrin elmi-tədqiqatlara daha geniş şəkildə cəlb edilməsi, onların elmi fəaliyyətinin təşviqi, ictimai fəallıqlarının artırılması və sosial layihələrinin dəstəklənməsi məqsədilə tələbə elmi cəmiyyətlərinin, tələbə təşkilatlarının, tələbə klublarının fəaliyyəti genişləndirilir. 2021-ci ildə yaradılan Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzində elmi təşəbbüslərin, elmi araşdırmaların əsası qoyulur. Bunun nəticəsidir ki, Mərkəzdə çalışan tələbə, magistrant və gənc tədqiqatçıların komandaları ənənəvi olaraq “TEXNOFEST” Aviasiya, Kosmos və Texnologiya Festivalında yüksək uğur qazanırlar.
![]() |
![]() |
![]() |
| BDU-da növbəti elmi seminar | BDU tələbələrinin komandaları “TEXNOFEST-2023” festivalının qalibləridir | Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzində tələbələr sınaq apararkən |
Tələbələrdə yaradıcılığın formalaşması (kreativlik) üçün qeyri-standart tapşırıqların birgə əməkdaşlıq və komanda şəklində həll olunması və öz fərdi biliklərini paylaşmaq bacarıqlarının aşılanması istiqamətində işlər aparılır. Onlara elmi ideyaların reallaşdırılması, patentləşdirilməsi, tanıdılması və tətbiqi, sosial təşəbbüslərinin genişləndirilməsi istiqamətlərində təlimlər keçirilir, tədbirlər təşkil olunur. Sənayedə çalışan mütəxəssislərin tədrisə cəlb olunması, dünyanın müxtəlif ölkələrinin (Türkiyə, ABŞ, Böyük Britaniya, İtaliya, Qazaxıstan, Ukrayna, Yaponiya, Rumıniya, Almaniya, Macarıstan, Çex Respublikası və s.) elmi-tədqiqat institutlarında və universitetlərində çalışan mütəxəssislərin ustad dərsləri, mühazirələri təşkil olunur.
Universitetin beynəlxalq əlaqələri ən müxtəlif platformalarda genişlənir və inkişaf etdirilir. Son dövrlər BDU ilə Türkiyənin Bilkənt, Ankara, İstanbul, Kafkas və digər universitetləri, İzmir Yüksək Texnologiya İnstitutu, Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universiteti, Berlin Texniki Universiteti, Çinin Anhui Universiteti, Çex Respublikasının Cənubi Bohemia Universiteti, Özbəkistanın Daşkənd Dövlət Hüquq Universiteti, Daşkənd Dövlət Şərqşünaslıq Universiteti, Q.V.Plexanov adına Rusiya İqtisad Universiteti, Cənubi Koreyanın Kyunqvoon Universiteti, Qazaxıstanın Əl-Farabi adına Qazax Milli Universiteti, Atırau Dövlət Universiteti, Pakistanın Lahor Universiteti, İsrailin Holon Texnologiya İnstitutu, Yerusəlim İbrani Universiteti (HUJİ), ABŞ-ın Linkoln Universiteti, Portuqaliyanın Tomar Politexnik Universiteti, İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti və digər universitetlər arasında əməkdaşlıq sazişləri, bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə ikili diplom proqramına dair müqavilələr imzalanmışdır.
BDU ölkəmizdə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq dünya elminin qabaqcıl elmi və təlim-tədris nailiyyətlərindən istifadə etməklə əmək bazarının tələblərinə uyğun mütəxəssislərin hazırlanması istiqamətində ABŞ, Almaniya, İsrail, İsveç, Qazaxıstan və s. kimi ölkələrin qabaqcıl universitet və institutları ilə bakalavriat, magistratura, doktorantura pilləsi üzrə 12 beynəlxalq ikili diplom proqramlarını tətbiq edir. BDU beynəlxalq reytinqlərdə mövqeyini möhkəmləndirir. BDU hazırda ali təhsil sahəsində dünyanın ən nüfuzlu reytinq agentliklərindən biri olan “Quacquarelli Symonds” (QS) tərəfindən tərtib edilən “QS World University Rankings 2026: Top global universities” cədvəlində 688-ci yerdə qərarlaşır. “QS Quacquarelli Symonds” tərəfindən aparılan “QS Stars” auditində 5 ulduz (“excellent” - “mükəmməl”) ilə qiymətləndirilmişdir. Dünyanın digər nüfuzlu reytinq təşkilatı – “Times Higher Education” (THE) agentliyinin açıqladığı “Impact Rankings 2025” nəticələrinə əsasən BDU qlobal miqyasda ilk 600 universitet arasında yer alır.

BDU-da beynəlxalq əlaqələrlə yanaşı, ölkədaxili əməkdaşlığa da xüsusi önəm verilir. Universitetin sahib olduğu elmi potensialın cəmiyyətin sosial problemlərinin həllinə, sosial-iqtisadi proqramların həyata keçirilməsinə cəlb edilməsi məqsədilə ölkənin dövlət təşkilatları, nüfuzlu müəssisə və ictimai birlikləri ilə əlaqələr genişləndirilir, birgə sosial layihələr həyata keçirilir. Tərəfdaş qurumlarla birlikdə fəaliyyət planları tərtib edilir, Universitetdə ölkənin elmi, mədəni, sosial-iqtisadi problemlərinə həsr olunmuş yüksək səviyyəli konfranslar, seminarlar və digər tədbirlər keçirilir. Ötən il BDU-da Heydər Əliyev irsi və azərbaycançılıq ideyalarının öyrənilməsi, dövlət gənclər siyasəti, humanitar məsələlər, milli-mənəvi dəyərlərin təbliği və s. istiqamətlərdə silsilə tədbir keçirilir.
Əmək bazarının mövcud tələbatını, yeni dövrdə mütəxəssislərdən tələb olunan əsas bacarıqları öyrənmək, bu tələbatın kadr hazırlığında nəzərə alınması, eləcə də universitet-sənaye işbirliyinin yaradılması, tədris prosesinə sənayedə çalışan mütəxəssislərin cəlb olunması, tələbələrin istehsalatda yeni meyarlarla təcrübə keçməsi, həmçinin birgə layihələrin, elmi-tədqiqat işlərinin aparılması məqsədilə hazırda BDU 70-ə qədər dövlət, özəl və qeyri-hökumət təşkilatı ilə əməkdaşlığı davam etdirir, birgə genişmiqyaslı sosial layihələr layihələr həyata keçirir.
Bu əlaqələr dövlət qurumları və özəl şirkətlərlə yaradılır, bilavasitə tədris prosesinin, elmi tədiqat fəaliyyətinin səmərəli təşkilinə, eləcə də məzunların işlə təmin olunmasına yönəldilir. Ədliyyə Nazirliyi, Baş Prokurorluq, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Müdafiə Sənayesi Nazirliyi, Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos), Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi, Azərbaycan Respublikası Audiovizual Şurası, AMB Milli Depozit Mərkəzi, Əqli Mülkiyyət Agentliyi, Vəkillər Kollegiyası, Mediasiya Şurası, Əmlak Məsələləri Dövlət Xidməti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), DOST Agentliyi, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya, Sosial Xidmətlər Agentliyi, Təhsildə Keyfiyyət Təminatı Agentliyi, Tələbə Təhsil Kredit Fondu, Təhsilin İnkişafı Fondu, Azərbaycan Milli Kitabxanası, LU-MUN HOLDİNG, bp-Azərbaycan, AzerGold, PAŞA Bank, “PAŞA sığorta”, “PAŞA Həyat Sığorta”, “Bayramlı Group, ”TÜRKSOY, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, “Xəzər TV” MMC, “ARB 24” telekanalı, Qarabağ Dirçəliş Fondu və digər qurumlarla müvafiq memorandumlar, müqavilələr imzalanmışdır. Təsadüfi deyil ki, BDU-nun əlaqələrinin inkişafı nəticəsində son illərdə bir çox milli və beynəlxalq qrant və müqavilə əsasında layihə həyata keçirilib, onlarla tələbə, doktorant və gənc tədqiqatçı layihələrdə təmsil olunur.
Sosial layihələrin əsas tərəfdaşlarından biri kimi, dövlət müəssisələrinin, elmi, mədəni, iqtisadi və digər institutlarının, yaradıcılıq birliklərinin ideya və təşəbbüslərinin təqdim və müzakirə etdiyi platformaya çevrilərək ictimaiyyətə humanitar-sosial proqramların, sosial təşəbbüslərinin təqdim olunması imkanları yaradır. BDU alimləri ölkənin ictimai həyatında fəal iştirak edir, professor-müəllim heyəti, nüfuzlu alimlər sosial tədqiqatlar aparırlar, ölkəmiqyaslı sosial layihələr həyata keçirir.
İşəgötürənlərlə birgə əməkdaşlıq çərçivəsində BDU-da xüsusi təcrübi otaqlar – “ARB 24” telekanalının “NewsLab” otağı, Azərbaycan Mətbuat Şurasının otağı, “Türk otağı”, “Xalq qəzeti”nin “Debat otağı”, Medianın İnkişafı Agentliyinin xüsusi auditoriyası, Azərbaycan Milli Kitabxanasının xüsusi auditoriyası açılmış, “bp-Azərbaycan” şirkətinin dəstəyi ilə “BDU Nəşr Evi” və Faydalı qazıntılar muzeyi yenidən qurulmuşdur.
![]() |
![]() |
![]() |
| “ARB 24” telekanalının BDU-da “NewsLab” otağı | MEDİA Agentliyinin BDU-da xüsusi auditoriyasında təlim | Faydalı qazıntılar muzeyi |
Aparılan islahatlar, son dövrlərdə istifadəyə verilən müasir tipli yataqxana – 5 mərtəbəli, 220 yerlik “Tələbə evi”, “Kitab evi”, Xarici Dil Mərkəzi, “Tələbə məkanı”, “EKOMƏKAN”, “EkoEnerji” məntəqəsi, müasir dərslik və dərs vəsaitləri ilə təminat, əmək bazarının tələbləri nəzərə alınaraq təhsilin bakalavriat və magistratura səviyyələrində bir sıra yeni ixtisas və ixtisaslaşmaların açılması, dünyanın nüfuzlu universitetləri ilə ikili diplom proqramlarının həyata keçirilməsi və s. tədrisin, elmi-tədqiqatların keyfiyyətinin yüksəldilməsinə, tələbələrin ictimai fəallığının artırılmasına, onların Azərbaycançılıq ideyasına, milli-mənəvi dəyərlərə bağlı, əsl vətəndaş kimi formalaşmasına xidmət edir.
|
Tələbə evi |
EkoMəkan |
Tələbə məkanı |
“EkoEnerji” məntəqəsi |
Bakı Dövlət Universiteti (BDU) yüksəkixtisaslı mütəxəssislər hazırlamaq, ölkəmizin dünya elm və mədəniyyət məkanında layiqli yer tutmasını təmin etmək kimi əsas missiyasını bu gün də layiqincə yerinə yetirməkdə davam edir. Hazırda Universitetdə beş istiqamətdə – təhsil, tədqiqat, innovasiya və elmi biliklərin kommersiyalaşdırılması, sosial fəaliyyətinin və beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətlərində əsaslı addımlar atır. Universitet ölkənin sosial-iqtisadi inkişafında iştirak edəcək, təlabat duyulan ixtisaslarda insan potensialı formalaşdırmaq, habelə texnoloji inkişafa xidmət etmək istiqamətində müxtəlif tədbirlər həyata keçirir. Müasir dövrün çağırışlarına uyğun modernləşərək beynəlxalq standartlar səviyyəsində kadr hazırlığını həyata keçirir. Bu prosesin davam etdirilməsi nəticəsində Universitetin vahid Avropa elm və təhsil məkanına inteqrasiyası sürətlənir, beynəlxalq reytinqi və nüfuzunun yüksəlməsi, rəqabətə davamlılığ və inkişafı təmin edilir.










