BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • Bərəkət, paklıq, qüvvət rəmzi – Od çərşənbəsi

            Bərəkət, paklıq, qüvvət rəmzi – Od çərşənbəsi

            SOSİAL 5 Mart 2024 08:00

            Bərəkət, paklıq, qüvvət rəmzi – Od çərşənbəsi

            Od çərşənbəsi boz ayın çərşənbələrindən biridir. Od ünsürünü, adətən, təbiətin, eləcə də insanın yaradılış prosesinin ikinci mərhələsi kimi götürürlər. Məhz buna görə də ikinci çərşənbə od ilə bağlanır.

            Bu çərşənbə “Üskü/Üsgü çərşənbə”, “Üskü gecəsi”, “Adlı çərşənbə”, “Ocaq çərşənbəsi”, “Atəş çərşənbə”, “Xıs çərşənbə”, “Xızır çərşənbə” adları ilə də tanınır. Od işıq, güc, qüvvət, nurlu sabahdır. Od insana sağlamlıq, paklıq və gözəllik gətirir. Od Günəş və ucalıq rəmzidir. Qədim zamanlardan bəri od Türkün ağlında, düşüncəsində müqəddəsliyin, Günəşin rəmzi olub. Azərbaycanda tunc dövrü dini əqidələrindən biri də Günəşə pərəstiş idi. Bu dövrün dulusçuluq məmulatlarında Günəşin müxtəlif rəmzi təsvirlərinə də rast gəlmək mümkündür. Hətta o dövrdəki qəbirlərdə Günəşin rəmzi təsvirlərinə - oxra boyalarına, oxra ilə boyanmış qırmızı daşlara, çıraqlara, ocaq qalıqlarına rast gəlinir. Əcdadlarımız Günəşi andıran müxtəlif vasitələrdən istifadə edərək qəbri işıqlandırdıqlarına inanmışlar. “Qəbrin nurla dolsun” ifadəsini də bu ayinlə bağlamaq olar.

            Əski türk dünyagörüşünə görə, insanlar odu ilk olaraq ağac koğuşunun dibindən əldə etmişlər. Bəlkə də bundan qaynaqlanaraq insanlar müqəddəs hesab etdikləri ağacları da “ocaq” adlandırıblar. Ocağa and ən güclü və etibarlı vasitə hesab olunub. Əcdadlarımızın ən qədim andı Günəşlə, od-ocaqla bağlı olub. “Günəş haqqı, Od haqqı”, “Odu su ilə söndürmək olmaz”, “Od çərşənbəsində ocağı boş qoymazlar” kimi ifadələr də əcdadlarımızın inanclarından doğub. “Oddan pay olmaz” demiş babalarımız. Od çərşənbəsində ocaq kürədən qonşuya nəinki borc od-alov, heç kül belə verməzlərmiş. Onlar inanmışlar ki, həmin axşam kim bunu etsə, il boyu bəxti gətirməz, əzaba düçar olar.

            Digər inanca əsasən isə, od çərşənbəsi axşamı təndirlərdəki, soba və manqallardakı külləri yığıb ev-eşikdən uzaq bir yerə: divar dibinə, yolayrıcına, küçəyə tökərlərmiş. Bədxah qüvvələrin, cinlərin ocağın, tonqalın külünə yığışdığına inanan əcdadlarımız bu yolla şər qüvvələrdən azad olduqlarını hesab etmişlər. Kül tökən adamın evə qayıdarkən qapını döyməsi, evdəki adamın “haradan gəlirsən?” sualına “toydan-bayramdan gəlirəm”, “nə gətirmisən?” sualına isə “şadlıq, salamatlıq” cavabını verməsi bu ayinin ən maraqlı cəhətidir.

            Su çərşənbəsində olduğu kimi, gün doğmadan evdən çıxıb qayıdana kimi “lal olmaq” adəti də bu çərşənbənin ayinlərindəndir. Rituala görə, ev sahibi xoruz banı eşitmədən, bir kimsəylə danışmadan evdən çıxar, bağçadakı fındıq və ya heyva ağacından bir çubuq kəsib arxaya baxmadan evə qayıdarmış. İnanarmışlar ki, o çubuqdan hazırlanan gözmuncuğu ailəni, mal-qaranı bəd nəzərdən, bədxah ruhlardan qoruma gücündə olur.

            Atəş tanrısı odu və ocağı qoruyur. Od insanı yaşadığı yerə-yurda, el-obaya bağlayır. Babalarımız insanın məskən saldığı yerə “ocaq” deyib. Ocaq evin, soyun davamını təmsil edir. Atəşə su tökülməz, ona pis söz deyilməz. İnanclara görə, insan odu, ocağı, Günəşi əzizləsə, çətinlikləri azalar, təbiət tez isinər, sular qızar, buzlar əriyər.

            Od türk xalqlarında müqəddəsliyi qoruyan varlıqlardan biridir. Od çərşənbəsinin mahiyyətində odun qədimdən müqəddəs sayılması, insanı hər cür pisliklərdən təmizləyəcəyinə, şərdən qoruyacağına, xeyrin qələbə çalacağına inam ifadə olunur. Ulularımız od, ocaq qarşısında səcdəyə durmuş, ətrafında oyun və ayinlər icra etmişlər. Qobustan qayaüstü rəsmlərindəki ocaq ətrafında “yallı” gedən insan təsvirləri bunun bariz nümunəsidir.

            Od çərşənbəsində bir çox mərasimlər keçirilir. Odla bağlı ritual və mərasimlər sakral mahiyyət daşıyır. Hələ qədim dövrlərdən insanlar ocağı qoruyub, oda hörmət etmişlər. Qalanan tonqal isə həmişə nəyəsə işarə olmuşdur. Azərbaycanın bir sıra bölgələrində gəlin oğlan evindəki ocağın başına üç dəfə fırlanıb, ona bir fincan yağ atır, bununla da ocağa rəmzi olaraq qurban verir. Ocağa qurban vermə ayini od çərşənbəsində də icra olunur.

            Bir çox bölgələrimizdə ata evindən çıxan gəlinin ardınca xoşbəxtlik rəmzi hesab olunan çıraq aparılması, yaxud gəlinin toy günü çıraq ətrafında üç dəfə fırlanması adəti ocaqla bağlı rituallardandır.

            Bu çərşənbədə də ocaqla, odla bağlı kifayət qədər ayin icra olunur. Tonqal qalama  mərasimi o biri çərşənbələrə nisbətən canlı keçir. Tonqal hündür bir yerdə yandırılır ki, hər tərəfdən görünə bilsin. İnsanlar isə öz qapılarında, evlərinin qarşısında və məhəllələrində tonqal qalamaq üçün əllərinə taxtadan məşəllər alaraq həmin böyük tonqalın yanına gedərək oradan alov götürürlər. Tonqalın ətrafında nəğmələr, dualar oxunur, şeirlər deyilir.

            Pərdə aldım, tül oldu,

            Taxılım sünbül oldu.

            İkinci çərşənbənin

            Eldə adı kül oldu.

            Bu çərşənbədə keçirilən qədim mərasimlərdən olan “pülənbəri” və ya “yanar körpü” zamanı qaranlıq düşəndə insanlar evlərin damına çıxaraq kənd ağsaqqalının həyətindəki, yaxud meydandakı tonqalın yanmasını gözlər, ilk qığılcımdan hər kəs öz qaladığı tonqallara od vurar, “Çalış, alış tonqalım, yeddi qarış tonqalım, qoy alovun gur olsun, üzümüzə nur dolsun” və bu kimi nəğmələr oxuyarlarmış. Uca bir təpə başında quru ağac və kötüklərdən aşırımlı körpü düzəldilərək od vurular, “yanar körpü” altından bütün kənd əhli, mal-qarası, toyuq-cücəsi keçərmiş. “Aynaçəkmə// aynaçağırma” mərasimində uşaqlar tonqaldan qızarmış kösövü qaldırıb “hurrey” çağırarlarmış. Tonqal yanıb sona çatanda onun ətrafına qızdırılmış dəmir şişlə üç dəfə cızıq çəkərlərmiş. Bu ayin ev-eşikdən bərəkətin dağılmaması üçün edilərmiş.

            Çərşənbə tonqalı yaş, acı tüstülü ağacdan qalanmaz. Əcdadlarımız inanarmış ki, yaş və acı tüstülü ağacdan tonqal qalayan adama sədəm toxunar. Tonqal quru odun, kol-kos və ya çırpıdan hazırlanmalı, tikan və təmiz ağac budaqlarından çatılmalıydı. İnanca görə, şər qüvvələr qaratikanın batmasından qorxub tonqala yaxın gəlmir. Bəzi bölgələrdə tonqala üzərlik də atarlarmış. Bununla da bəd nəzərdən qorunacaqlarına inanarlarmış. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən atlanmaqla daxildəki bütün çirkabı və azar-bezarı “öldürürlər”. Böyükdən kiçiyədək hamı yeddi dəfə tonqalın üzərindən atlanır və deyir: “Ağırlığım, uğurluğum odda yansın”. Tonqalın yandırılması həmin ilin isti və bərəkətli keçməsi üçün yerinə yetirilən rituallardandır.

            Mən aşiqəm, çökərlər,

            Sındırarlar, sökərlər.

            Novruzda ağırlığı,

            Tonqal üstə tökərlər.

            Od çərşənbəsində ailə üzvlərinin adına şamlar yandırılır. Bəzi bölgələrdə ölənlərin ruhu üçün bir şam ayrılır. Çalışırlar ki, süfrənin küncündə kimsə oturmasın. İnanca görə,  ölənlərin ruhları küncdən yaxınlaşaraq süfrədəki nemətlərdən dadır. Od çərşənbəsi qədim insanların Günəşə, oda olan inamından qaynaqlanır.

            Digər çərşənbələrdə olduğu kimi, od çərşənbəsində də süfrələr bəzənməli, ocağın üstü boş olmamalıdır. Süfrəyə şirniyyatlarla bəzənmiş xonçalar qoyular, plov dəmlənər, xörəklər bişirilər. İnanca görə, od çərşənbəsində ocağı yandırıb, qazanı qaynadanda, ilin sonuna qədər “ocaq yanar, qazan qaynayar”, il bərəkətli olar.


            Səhər Orucova,

            BDU-nun Filologiya fakültəsinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, filologiya elmləri doktoru, professor

            SOSİAL

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025