Yubileyiniz mübarək olsun hörmətli, Şahin müəllim!

Şahin Əlisəttar oğlu Məmmədov 06 dekabr 1962-ci ildə Bakı şəhərinin Şüvəlan qəsəbəsində anadan olmuşdur. Şahin Məmmədov 1970-1978-ci illərdə Şüvəlan qəsəbəsində 156 saylı orta məktəbdə, 1978-1980-ci illərdə isə Respublika 1 nömrəli fizika-riyaziyyat təmayüllü məktəbində təhsil almışdır.

1980-ci ildə Şahin müəllim BDU-nun Fizika fakültəsinə daxil olub, 1985-ci BDU-nu fizik, fizika müəllimi ixtisası ilə bitirib. Universiteti bitirdikdən sonra Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunun “kosmik tədqiqatların nəzəri məsələləri” laboratoriyasında işə başlamışdır. 1986-1988-ci illərdə Şahin müəllim M.V. Lomonosov adına MDU-nun Fizika fakültəsinin Nəzəri Fizika kafedrasında təcrübəçi-tədqiqatçı olaraq staj keçmiş, 1988-1991-ci illərdə MDU-nun əyani aspirantı olmuş və 1992-ci ildə orada dissertasiya müdafiə edərək "Nəzəri və riyazi fizika" ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır.

Şahin müəllim 1999-cu ildən etibarən BDU-nun Yüksək Enerjilər Fizikası Elmi tədqiqat laboratoriyasında çalışmağa başlayır və 2000-ci ildə o, Almaniyanın DAAD –Alman Akademik Mübadilə Xidmətinin qrantını alaraq Kayzerslautern Universitetində 2 aylıq elmi ezamiyyətdə olur.

2002-ci ildən Nəzəri Fizika kafedrasında magistr tələbələrə ixtisas kursları oxumağa başlayır. 2008-ci ildən TÜBİTAK təşkilatının “Konuk bilim insanı destekleme” qrantı ilə Türkiyəyə, Ankara universitetinə bir illik ezamiyyətə gedir, 2010, 2013, 2014-cü illərdə bu qrantla Ankara, Qazi və Mimar Sinan universitetlərində daha 3 uzun müddətli ezamiyyətlərdə olur.

2012-ci ildə Şahin Məmmədov Cənubi Koreyadan olan professor Bum Hoon Lee tərəfindən Seula, Soqanq Universitetinə dəvət olunur və bu universitetdə 3 aylıq elmi ezmiyyətdə olur. 2013-cü ildə isə Azərbaycan Prezidenti yanında Elmin İnkişaf Fondunun Mobillik-2 qrantını alır və yenidən Soqanq Universitetinə ezam olunur.

Şahin müəllim 2016-cı ildə dosent elmi adını almışdır.

Şahin müəllim Beynəlxalq qrant müsabiqələrində uğur qazanaraq Almaniyada, Koreyada, İtaliyada, Türkiyədə və İranda uzunmüddətli elmi ezamiyyətlərdə olmuş, bir çox Beynəlxalq elmi konfranslarda məruzələrlə çıxış etmişdir. Şahin müəllim 50–dən çox elmi əsərin müəllifi olub, yüksək impakt faktorlu jurnallarda məqalələr çap etmiş, çox sayda istinadlar almışdır. O, BDU-nun nəzəri fizika kafedrasında və  Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda magistr və doktorantlar üçün xüsusi kursları tədris etməklə təhsilimizə böyük xidmət göstərməkdədir.    

BDU-nun Fizika Problemləri İnstitutunun kollektivi Əziz həmkarımızı, istedadlı alim Şahin Məmmədovu Yubileyi münasibəti ilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, uzun mənalı həyat və yeni elmi nailiyyətlər arzulayır!