Yaponiyanın Osaka Prefektura Universitetinin professoru Yong-Gu Şim BDU-nun əməkdaşları, gənc tədqiqatçıları və tələbələri üçün keçirilən elmi seminarda çıxış etmişdir.

15.03.2023-cü il tarixində Yaponiyanın Osaka Prefektura Universitetinin professoru Yong-Gu Şim BDU-nun əməkdaşları, gənc tədqiqatçıları və tələbələri üçün keçirilən elmi seminarda “Koloidal yarımkeçirici nanohissəciklər üçün spektroskopik ellipsometriya (Spectroscopic ellipsometry for colloidal semiconductor nanoparticles) mövzusunda çıxış etmişdir.

Yarımkeçirici nanohissəciklər onların həcmi analoqları ilə müqayisədə unikal fiziki və kimyəvi xassələrə malikdir. Bu materiallar kvant-məhdud ölçü təsirindən yaranan, ölçüdən asılı xarakterik xüsusiyyətlər nümayiş etdirirlər və geniş şəkildə tədqiq edilmişdir. Digər tərəfdən isə kolloid nanohissəciklər müxtəlif səhtləri örtmək və optik nazik təbəqələr üçün perspektivli materiallardır. Bu cür materiallar az işıq səpilməsi nümayiş etdirirlər və qeyri-vakuum mühitində geniş sahəli və əyri altlıqlar üzərində çəkilə bilirlər. Bu mühazirədə professor Yong-Gu Şim nanohissəciklərin nazik birqatlı və ya çoxqatlı təbəqələrindən istifadə edərək kolloid yarımkeçirici nanohissəciklərin dielektrik funksiya spektrlərinin, eləcə də spektroskopik ellipsometriyadan istifadə edərək nazik təbəqələrin qalınlığı və nanohissəciklərin say sıxlığı kimi struktur parametrlərinin  aydınlaşdırılması metodu haqqında məlumat vermişdir.

Daha sonra Yong-Gu Şim verilən sualları cavablandırmışdır.