Xocalı soyqırımından 30 il ötür…

HEÇ KİM VƏ HEÇ NƏ UNUDULMUR!

Xocalı soyqırımı erməni işğalçılarının xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifəsindən biridir. Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarına zidd olaraq, keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə gecə saatlarında şəhərə hücum edərək azərbaycanlılara qarşı soyqırım aktını törətmişdir. Soyqırımı nəticəsində 613 nəfər dinc əhali, o cümlədən 63 uşaq, 106 qadın öldürülmüş, 8 ailə bütünlüklə məhv edilmiş, 487 nəfər yaralanmışdır. 1275 nəfər dinc sakin girov götürülmüşdür ki, onların 150-sinin taleyi hələ də məlum deyil.

Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib və bu gün Xocalı həqiqətlərinin dünyada soyqırım aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Xocalı soyqırımının beynəlxalq aləmdə bütün dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasına başlanılması bu istiqamətdə atılmış ən vacib addımlardandır. Xocalı faciəsi Azərbaycan tarixində, xalqımızın yaddaşında dərin iz qoyub. 29 il ötməsinə baxmayaraq faciənin acısı hələ də qəlbimizdə yaşayır. Bu faciənin unudulmaması və tarixi həqiqətlərin gənc nəsillərə çatdırılması hər kəsin, hər birimizin vətəndaşlıq borcudur.

Azərbaycan xalqı Xocalı faciəsini heç zaman unutmur və unutmayacaqdır. Azərbaycan Respublikasının Prezidenti, ümummilli lider Heydər Əliyev 1 mart 1994-cü ildə bu haqda xüsusi Fərman vermişdir. Azərbaycan Respublikasınin Milli Məclisinin qərarı ilə 26 fevral “Xocalı soyqırım və milli matəm günü” elan olunmuş və bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti, ümummilli lider Heydər Əliyev tərəfindən 25 fevral 1997-ci il tarixində “Xocalı soyqırım qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında ” Fərman verilmişdir.

Allah bütün şəhidlərimizə rəhmət etsin!