Türkiyənin “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Fondunun rəhbəri Akkan Suver BDU-da
-lg.jpg)
Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Türkiyənin “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Fondunun rəhbəri Akkan Suverlə görüşüb.
Rektor qonağa BDU-nun türkdilli ölkələrlə elm, təhsil, mədəniyyət sahələrində əməkdaşlığı barədə məlumat verib. Qeyd edib ki, BDU-da Azərbaycanın mədəni irsinin, tarixi abidələrinin və nadir memarlıq nümunələrinin elmi əsaslarla tədqiqi, öyrənilməsi və təbliği məqsədilə Mədəni İrsi Araşdırmalar Mərkəzi, Qərbi Azərbaycan həqiqətlərinin tədqiqi məqsədilə Qərbi Azərbaycan Araşdırmaları Mərkəzi yaradılıb. Rektor qonağa BDU-nun Qərbi Azərbaycan İcması ilə birgə keçirdiyi “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfransda iştirakına və çıxışına görə təşəkkür edib. Türk dünyasının ortaq problemlərinin öyrənilməsi, tarixi həqiqələrinin dünyaya çatdırılması üçün Azərbaycan və Türkiyənin elm və təhsil müəssisələrinin, beyin mərkəzlərinin əməkdaşlığının vacib olduğunu vurğulayıb.
Türkiyənin “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Fondunun rəhbəri Akkan Suver də Türk dünyasının gələcəyi, Azərbaycanla Türkiyənin strateji maraqları naminə birgə elmi təşəbbüslərin və layihələrin həyata keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirib, BDU-nun bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirib. O, BDU ilə birgə layihələrin həyata keçirilməsində maraqlı olduğunu qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.