Pakistanın Çitral Universitetinin nümayəndə heyəti BDU-da olub

Pakistanın Çitral Universitetinin rektoru Hazir Ullahın rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) səfərdə olub.
Qonaqları salamlayan BDU-nun rektoru Elçin Babayev Azərbaycan–Pakistan universitetləri arasında əməkdaşlığın strateji əhəmiyyətini vurğulayıb. O bildirib ki, birgə elmi tədqiqatlar və akademik mübadilə proqramları ali təhsilin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynayır. Rektor qeyd edib ki, son illər BDU Pakistanın aparıcı ali təhsil müəssisələri ilə əlaqələrini genişləndirib və qarşılıqlı əməkdaşlıq istiqamətində mühüm nailiyyətlər əldə olunub.
Görüş zamanı beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə elm və təhsil sahələrində yeni layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Tərəflər iki universitet arasında beynəlmiləlləşmə prosesinin gücləndirilməsi, akademik və elmi əməkdaşlığın genişləndirilməsi, birgə tədqiqatların aparılması, müəllim və tələbə mübadiləsi proqramlarının təşkili məsələlərini müzakirə ediblər.
Səfər çərçivəsində BDU ilə Çitral Universiteti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Memorandumda hǝr iki universitetin nǝzdindǝ olan fakültǝ, institut vǝ kolleclǝrdǝ təlim-tədris prosesinin təkmilləşdirilməsi vǝ beynǝlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə layihǝlǝrin, konfrans, sərgi, seminar, simpozium, qısamüddətli kursların, təlimlərin keçirilməsi, ortaq elmi-tədqiqatların aparılması nəzərdə tutulur. Həmçinin elmi jurnallarda birgə nəşrlər, ortaq akademik proqramların, tədris planlarının və sillabusların hazırlanması, təlimlərin keçirilməsi, akademik, inzibati heyətin, tələbə, magistrant, doktorant və tədqiqatçıların mübadiləsi kimi məsələlər də memorandumda öz əksini tapıb.
Daha sonra nümayəndə heyəti BDU-nun Şərqşünaslıq fakültəsinin professor-müəllim və tələbə heyəti ilə görüş keçirib, Universitetdə yeni yaradılmış “Pakistan otaqları” ilə tanış olub.