İsrailin Təl-Əviv Universitetinin professoru Lev Eppelbaum BDU tələbələrinə ustad dərsi keçib

Bakı Dövlət Universitetində (BDU) İsrailin Təl-Əviv Universitetinin professoru Lev Eppelbaumun Şərqi Aralıq dənizi regionunun geoloji və geofiziki xüsusiyyətlərinə həsr olunmuş ustad dərsi keçirilib.
BDU rektoru Elçin Babayev Azərbaycanda doğulan Lev Eppelbaumun geologiya və geofizika üzrə dünyada tanınan alimlərdən olduğunu bildirib, belə alimlərin ustad dərslərinin BDU tələbələrinin peşəkar mütəxəssis kimi yetişməyində mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, tanınmış alimin geologiya üzrə mühüm qlobal tədqiqatlar aparmaqla yanaşı, onların tətbiq sahələrini də araşdırdığını, məşhur alimin BDU ilə əməkdaşlığından məmnun olduğunu diqqətə çatdırıb.
BDU-nun Geologiya fakültəsinin Seysmologiya və Yer təkinin fizikası kafedrasının professoru Fəxrəddin Qədirov isə qeyd edib ki, Lev Eppelbaumun elmi fəaliyyətində Azərbaycanla bağlı tədqiqatlar da mühüm yer tutur. O, geofizika sahəsində dünya əhəmiyyətli tədqiqatlarına görə Avropa Yer Elmləri Cəmiyyətinin Xristian Huygens medalı ilə təltif olunub. Alim Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin fəxri professorudur.
Lev Eppelbaum çıxışında “Şərqi Aralıq dənizinin altında saat əqrəbinin əks istiqamətində fırlanan nəhəng kvazi-halqavari mantiya strukturu və onun geofiziki sahələrdə və geoloji xüsusiyyətlərdə təzahürü” mövzusunda təqdimat edib. Təqdimat zamanı Şərqi Aralıq dənizi regionunun dərinliklərində yerləşən nəhəng kvazi-halqavari mantiya strukturunun xüsusiyyətləri, onun geodinamikası və regionun geoloji quruluşu ilə əlaqəsi barədə məlumat verib.
Ustad dərsində maqnit və qravitasiya sahələri, tektonik quruluş, geoloji sərhədlər və əsas tektonik qırılma zonaları ilə bağlı elmi məlumatlar təqdim olunub. Müxtəlif geofiziki məlumatlar əsasında hazırlanmış xəritələr nümayiş etdirilib və regionun geodinamik xüsusiyyətləri izah olunub.
Daha sonra mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.