“Gənc istedadlar” liseyinin şagirdlərinin BDU-nun elmi-tədqiqat və sosial mühiti ilə tanışlığı uğurla yekunlaşıb

Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin Universitetin elmi-tədqiqat və sosial mühiti ilə tanışlığı uğurla yekunlaşıb.
Bir neçə gün davam edən maarifləndirici və praktik yönümlü proqram çərçivəsində şagirdlər Fizika, Kimya, Biologiya fakültələrinin müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalarında aparılan elmi-tədqiqat işləri ilə yaxından tanış olub, təhlükəsizlik qaydaları barədə məlumat alıb, BDU əməkdaşlarının rəhbərliyi ilə müxtəlif praktik təcrübələrdə iştirak ediblər. Fizika qanunlarının təcrübədə müşahidə olunması, kimyəvi reaksiyaların real şəraitdə aparılması, biologiya sahəsində mikroskop vasitəsilə tədqiqatların həyata keçirilməsi onların elmə marağını daha da artırıb. Şagirdlərə laboratoriya avadanlıqlarının iş prinsipi, elmi araşdırmaların mərhələləri və müasir elmin inkişaf istiqamətləri barədə də ətraflı məlumat təqdim olunub.
Şagirdlər həmçinin BDU-nun Heydər Əliyev muzeyi, Təkamül muzeyi, Faydalı qazıntılar muzeyi, Universitetin unikal layihəsi olan “EKO Məkan”da olub, şəhid məzunların xatirə lövhəsini ziyarət ediblər.
Bu cür layihələr orta və ali təhsil müəssisələri arasında əməkdaşlığın möhkəmləndirilməsinə, şagirdlərin elmə marağının artırılmasına və gələcək tədqiqatçı nəslin formalaşmasına xidmət edir.