BDU tələbəsi “4Sİ Akademiyası – Milli Proqram” çərçivəsində “Özünüinkişaf çempionu” nominasiyası üzrə təltif olunub

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) strateji tərəfdaşı olduğu “Baku ID 2026” innovasiya festivalı çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram”a həsr olunan tədbir keçirilib.
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin III kurs tələbəsi Asiyə Qarayeva “4Sİ Akademiyası – Milli Proqram”da əldə etdiyi nailiyyətə görə “Özünüinkişaf çempionu” nominasiyası üzrə yüksək nailiyyət serifikatı ilə təltif olunub. Asiyə Qarayeva “Coursera” platformasında fizika və onun müxtəlif tətbiq sahələri ilə bağlı 22 kursu uğurla tamamlayıb və hər bir kurs üzrə sertifikat əldə edib.
Tədbirdə “Milli Proqram” çərçivəsində ümumilikdə 12 nominasiya üzrə fərqlənən iştirakçılar təltif olunublar. Təltifetmə mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, elm və təhsil naziri Emin Əmrullayev, SOCAR-ın prezidenti Rövşən Nəcəf və “PAŞA Maliyyə Holdinqi”nin baş icraçı direktoru Fərid Məmmədov iştirak ediblər.
Qeyd edək ki, “4Sİ Akademiyası – Milli Proqram” İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Elm və Təhsil Nazirliyinin tabeliyində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və ABŞ-nin “Coursera” şirkəti ilə birgə həyata keçirilir. Proqramın əsas məqsədi rəqəmsal iqtisadiyyatın inkişafına töhfə vermək, rəqabətli insan kapitalının formalaşdırılmasını və müasir əmək bazarının tələblərinə uyğun bacarıqların inkişafını dəstəkləməkdir. Bu məqsədlə “Coursera” platformasında 21 mindən çox təlim vətəndaşlara ödənişsiz təqdim olunur.
Proqram dövlət və özəl sektor tərəfdaşlığı əsasında icra edilir. “PAŞA Holdinq”, SOCAR, bp, “Azerconnect Group”, “TotalEnergies”, XRG, JOCAP, “Norm Sement”, “Smart Solutions Group” və “B2B Group” şirkətləri korporativ sosial məsuliyyət çərçivəsində proqramın əsas mərhələsinin tərəfdaşlarıdır.
Tələbəmizi təbrik edir, daha böyük uğurlar arzulayırıq!