BDU-nun nəzdində “Gənc istedadlar” liseyində Ekoloji Bilik Gününə həsr olunmuş maarifləndirici seminar

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Ekologiya və torpaqşünaslıq fakültəsi üzrə üzvlərinin təşəbbüsü ilə BDU-nun nəzdində “Gənc istedadlar” liseyində 15 aprel – Ekoloji Bilik Gününə həsr olunmuş maarifləndirici seminar təşkil edilib.
Seminarda Ekologiya və torpaqşünaslıq fakültəsinin Bioekologiya kafedrasının II kurs doktorantı Ramil Həsənov “Azərbaycanın bioloji müxtəlifliyinin qorunmasında Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin (XMOTƏ) rolu” mövzusunda çıxış edib. O, ölkəmizdə XMOTƏ-lərin yaradılma tarixi, onların kateqoriyaları və bu sahədə həyata keçirilən yeniliklər barədə lisey şagirdlərinə ətraflı məlumat verib. Şagirdlər Azərbaycanın bioloji müxtəlifliyi, canlılara təsir göstərən əsas amillər, nadir növlərin qorunması istiqamətində görülən tədbirlər və invaziv növlərin ətraf mühit üçün yaratdığı təhlükələr haqqında da məlumatlandırılıb.
Ekologiya və torpaqşünaslıq fakültəsinin II kurs tələbəsi Toğrul Mehdiyev “Şəhərsalma və ətraf mühit” mövzusunda çıxış edib. O, şəhərsalmanın mahiyyəti, şəhərlərin planlı inkişafında ekoloji amillərin nəzərə alınmasının vacibliyi barədə danışıb, bu prosesin sosial, iqtisadi və ekoloji təsirlərini diqqətə çatdırıb. Həmçinin şəhərsalmanın insan sağlamlığına təsiri xüsusi vurğulanıb.
Seminarda fakültənin II kurs tələbəsi Fərid Ələsgərli isə “Azərbaycanın biomüxtəlifliyinin qorunması və müasir texnologiyaların ətraf mühitə təsiri” mövzusunda məruzə ilə çıxış edib. O, biomüxtəlifliyin qorunmasının əhəmiyyətindən, ekosistemlərin mühafizəsi istiqamətində görülən işlərdən və süni intellektin bu sahədə rolundan bəhs edib. Bildirilib ki, süni intellektin təbiətin monitorinqində geniş imkanları olsa da, onun enerji istehlakı, elektron tullantılar və resursların tükənməsi kimi mənfi təsirləri də mövcuddur.
Sonda şagirdlərin mövzularla bağlı fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.