BDU-nun Hüquq fakültəsi WUF13 çərçivəsində xüsusi mühazirə təşkil edib

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində müəllim və tələbələr üçün “Şəhərsalmanın hüquqi aspektləri” mövzusunda mühazirə təşkil edib.
Hüquq fakültəsinin dekanı, dosent Zaur Əliyevin keçirdiyi mühazirədə bildirilib ki, COP29-dan sonra Azərbaycanda təşkil olunan Ümumdünya Şəhərsalma Forumu ölkəmizin beynəlxalq nüfuzunun və qlobal liderlik potensialının mühüm göstəricisi kimi qiymətləndirilə bilər. Qeyd olunub ki, forumda 182 ölkədən 45 mindən artıq iştirakçının qeydiyyatdan keçməsi Azərbaycana olan beynəlxalq etimadı bir daha təsdiqləyir.
Dekan çıxışında Ulu Öndər Heydər Əliyevin Vətənə və xalqa bağlılığı ilə seçilən görkəmli dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində Azərbaycanın mədəniyyətinə, ədəbiyyatına, tarixinə, milli-mənəvi dəyərlərinə, eləcə də şəhərsalma və memarlıq sahəsinə xüsusi diqqət yetirdiyini vurğulayıb. Bildirilib ki, məhz Ulu Öndərin rəhbərliyi dövründə memarlıq irsinin inventarlaşdırılması, mühafizəsi və bərpası sahəsində sistemli dövlət siyasətinin əsası qoyulub.
Çıxış zamanı qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Vurğulanıb ki, Prezident İlham Əliyev tərəfindən “Şəhərsalma və Memarlıq İli”nin elan edilməsi memarlıq abidələrinə və milli irsə göstərilən diqqət və qayğının mühüm göstəricisidir.
Dekan əlavə edib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə tarixi Zəfər nəticəsində işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən layihələr şəhərsalma sahəsində uğurlu təcrübə hesab olunur. Həmin ərazilərdə tətbiq olunan yanaşmaların həm fərqliliyi, həm də müasir urbanistik prinsiplərə əsaslanması ilə seçildiyi diqqətə çatdırılıb. Həmçinin “Şəhərsalma və Memarlıq İli” çərçivəsində nəzərdə tutulan tədbirlərin hüquqi və praktiki baxımdan mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Çıxış zamanı tarix və mədəniyyət abidələrinin qorunması istiqamətində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi qeyd olunub. Eyni zamanda, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tarix və mədəniyyət abidələrinin qorunması, bərpası və gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm işlər həyata keçirdiyi bildirilib. Şəhərsalma ilə bağlı bir sıra normativ-hüquqi aktların qısa təhlili aparılıb, bu sahədə qanunvericiliyin inkişaf tendensiyaları diqqətə çatdırılıb.
Sonra çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Hüquq şöbəsinin müdir müavini, BDU-nun Hüquq fakültəsinin müəllimi Sümbül Turabova Komitənin fəaliyyəti çərçivəsində həyata keçirilən layihələr barədə məlumat verib. O, inklüziv şəhərsalma yanaşmalarının ölkədə sosial rifahın yüksəldilməsi və əlçatan urban mühitinin formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
Mühazirə müəllim və tələbələr tərəfindən maraqla qarşılanıb, ölkəmizdə keçirilən mühüm beynəlxalq forum olan WUF13 çərçivəsində belə tədbirlərin təşkilinin əhəmiyyəti vurğulanıb.
Sonda tələbə və müəllim heyəti WUF13 çərçivəsində təşkil olunmuş stendlərlə tanış olub.