BDU-nun həmtəşkilatçılığı ilə keçirilən “Bir yay, min xatirə” Yay düşərgəsinin bağlanış mərasimi

Bakı Dövlət Universiteti (BDU), İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Avrasiya Regional Mərkəzi, “BDU könüllüləri” təşkilatı və “Əmanət” Şəhid və Qazi Övladlarının Fərdi İnkişafına Dəstək Layihəsinin təşkilatçılığı ilə BDU-nun Quba Tədris-Təcrübə və İstirahət Mərkəzində “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş tələbələr və şəhid-qazi övladları üçün “Bir yay, min xatirə” adlı Yay düşərgəsinin bağlanış mərasimi keçirilib.
Mərasimdə “Əmanət” Şəhid və Qazi Övladlarının Fərdi İnkişafına Dəstək Layihəsinin rəhbəri Sərxan Bağırlı, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin baş direktorunun müavini Ramin Həbibzadə, BDU rektorunun katibliyinin referenti Qasım Xəlilov və Universitetin Protokol sektorunun mütəxəssisi Mirhüseyn Tağıyev çıxış edərək, düşərgənin gənclərin inkişafı, yeni bilik və bacarıqlar qazanması, sosial əlaqələrinin genişləndirilməsi və müxtəlif sahələr üzrə təcrübə əldə etməsində rolunu vurğulayıblar.
Bildirilib ki, altı ildir təşkil olunan düşərgə son iki ildə BDU-nun ev sahibliyi ilə həyata keçirilir. Hər il 100-ə yaxın iştirakçının yer aldığı düşərgə gənclərin şəxsi və peşəkar inkişafına, yeni bilik və bacarıqlar əldə etməsinə, fikir və təcrübə mübadiləsi aparmasına imkan yaradan platformaya çevrilib. Bu il “Şəhərsalma və Memarlıq İli”nə həsr olunan düşərgədə şəhid və qazi övladları, BDU-nun tələbələri də iştirak ediblər. Düşərgə çərçivəsində iştirakçıların müasir çağırışlar və gələcəyin peşələri ilə bağlı biliklərini artırmaq məqsədilə məşğulluq və karyera inkişafı, şəhərsalma və memarlıq, dayanıqlı inkişaf, süni intellekt, robotexnika, innovasiya və texnologiyalar, liderlik və komanda işi, art-terapiya, idman və digər istiqamətlər üzrə təlim və sessiyalar keçirilib.
Bağlanış mərasimində düşərgənin təşkilində iştirak edən tərəfdaş qurumlara təşəkkür edilib, gənclər üçün bu kimi platformaların davamlılığının əhəmiyyəti vurğulanıb.
Sonda düşərgə iştirakçılarına sertifikatlar təqdim olunub.