BDU könüllüləri “Könüllü Baharı 2” yaz düşərgəsində iştirak ediblər

Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Könüllü Təşkilatları İttifaqı (AKTİ) tərəfindən “Go Camp Volunteers” proqramı çərçivəsində 7–11 mart tarixlərində Şəki Olimpiya İdman Kompleksində “Könüllü Baharı 2” Azərbaycan könüllülərinin yaz düşərgəsi keçirilib.
“BDU könüllüləri” təşkilatının üzvlərinin də iştirak etdiyi düşərgənin əsas məqsədi könüllü gənclərin şəxsi inkişafının dəstəklənməsi, komanda bacarıqlarının gücləndirilməsi, liderlik potensialının üzə çıxarılması və milli-mənəvi dəyərlərə bağlılığın təşviqi olub.
Düşərgə proqramı çərçivəsində “Könüllü zəkası” intellektual oyunu, Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin və Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları tərəfindən yarış, komandalararası voleybol çempionatı, “Bahar Missiyası” adlı kvest keçirilib.
Düşərgə müddətində “Bədən dili və təsir bacarığı”, “İdeyadan layihəyə: İdeaton hazırlıq təlimi” və “Xəyal et. Planla. Reallaşdır.” kimi təlim sessiyaları və “Könüllülükdən karyeraya” adlı panel görüşü keçirilib. Düşərgə iştirakçılarının Şəki Xan Sarayı, Yuxarı və Aşağı Karvansaraya ekskursiyaları təşkil olunub.
Yekunda yarış və müsabiqələr üzrə qaliblər mükafatlandırılıb.