BDU-da Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş anım tədbiri

Bakı Dövlət Universitetində (BDU) Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Əvvəlcə Dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin və Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev Xocalı faciəsinin XX əsrin sonlarında insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu deyib. Bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində dinc əhaliyə qarşı misli görünməmiş qəddarlıq nümayiş etdirilib, yüzlərlə günahsız insan yalnız milli mənsubiyyətinə görə qətlə yetirilib: “Ermənistan hərbi birləşmələrinin 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı nəticəsində 613 nəfər öldürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onların 150-sinin taleyi indi də məlum deyil. Bu faciəyə ilk dəfə hüquqi-siyasi qiymət Ümummilli Lider Heydər Əliyev tərəfindən verilib. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edib, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq, beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırıb.
Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, onun beynəlxalq aləmdə yayılması, həmçinin bu faciəyə obyektiv qiymət verilməsi istiqamətində Heydər Əliyev Fondunun fəaliyyətindən söz açan rektor Elçin Babayev Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” Beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasının bu soyqırımının təkcə xalqımıza qarşı deyil, bütövlükdə insanlığa, bəşəriyyətə qarşı yönələn ən ağır cinayətlərdən biri kimi tanıdılması baxımından mühüm işlər həyata keçirdiyini qeyd edib: “Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli və məqsədyönlü dövlət siyasəti nəticəsində xalqımız tarixinin yeni və şərəfli mərhələsinə qədəm qoyub. 44 günlük tarixi Zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa olunub, işğala son qoyulub, uzun illər ədalət gözləyən şəhidlərimizin, o cümlədən Xocalı qurbanlarının ruhu rahatlıq tapıb. Xocalının azad olunmasından sonra dövlətimizin əsas prioritetlərindən biri bu şəhərə qayıdışın təmin edilməsi və yenidən qurulmasıdır. Aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Xocalının müasir, təhlükəsiz və davamlı inkişaf edən yaşayış məkanına çevrilməsinə xidmət edir. Bu proses Azərbaycan dövlətinin gücünün, iradəsinin və gələcəyə yönəlmiş strateji baxışının bariz nümunəsidir”.
Milli Məclisin üzvü, Əməkdar jurnalist Sevil Mikayılova xalqımızının tarixi qələbəsinə gələn yolun ağrı-açılı, faciələrlə dolu olduğunu qeyd edib. O bildirib ki, Xocalı faciəsi kimi dəhşətlərin bir daha yaşanmaması üçün möhkəm tarixi yaddaşa, hər cür təhdidə sinə gərə biləcək gəncliyə sahib olmaq lazımdır. Sevil Mikayılova xatırladıb ki, Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilib, faciənin cinayətkarları müəyyən edilib. Bugünkü qalib millət statusu və torpaqlarımızın azadlığına qovuşması Ulu Öndər tərəfindən əsası qoyulan yolun məntiqi davamı və uğurlu nəticəsidir.
Milli Məclisin və Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü Tural Gəncəliyev çıxışında Azərbaycanın tarixi ədalətini özünün bərpa etdiyini və dünyaya dərs verdiyini bildirib: "Xocalı soyqırımının qatilləri yerli və beynəlxalq hüquq müstəvisində öz layiq olduqları cəzanı aldılar. Biz bütün dünyaya göstərdik ki, müzəffər, qalib və ədalətli xalqıq”.
BDU-nun İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müdiri Turqay Hüseynov və Tarix fakültəsinin əslən Xocalıdan olan IV kurs tələbəsi Aysel Quliyeva Azərbaycan tarixinin qanlı səhifələrindən olan Xocalı soyqırımının qurbanlarının unudulmayacağını, artıq Böyük Qayıdışın başladığı Xocalının günbəgün daha da gözəlləşəcəyini, inkişaf edəcəyini bildiriblər.
Tədbir BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzinin hazırladığı ədəbi-bədii kompozisiya ilə davam edib.