BDU-da tədris prosesi distant formada davam etdirilir

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) keçirildiyi dövrdə Bakı şəhərində fəaliyyət göstərən təhsil müəssisələrinin işinin təşkili ilə bağlı Azərbaycan Respublikasının elm və təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı Dövlət Universitetində (BDU) tədris və təlim-tərbiyə prosesinin 2026-cı il mayın 18-dən 22-dək distant (məsafədən) formada təşkili barədə qərar qəbul olunub.
Qərara uyğun olaraq, bu gündən təsdiq edilmiş dərs cədvəlləri üzrə tədris prosesinin “Microsoft Teams” platforması vasitəsilə təşkilinə başlanılıb. Universitetin bütün fakültə və struktur bölmələrində onlayn dərslərin fasiləsiz və keyfiyyətli şəkildə həyata keçirilməsi üçün zəruri texniki və təşkilati tədbirlər görülüb.
Hazırda 15 mindən çox tələbə distant təhsil prosesinə cəlb olunub. Tədris prosesinin mövcud qaydalara uyğun, operativ və səmərəli şəkildə davam etdirilməsi təmin edilir.