BDU-da tədbir: “Tarixi yaddaş və milli kimlik”

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və “BDU könüllüləri” təşkilatının birgə təşəbbüsü ilə 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Tarixi yaddaş və milli kimlik” adlı tədbir keçirilib.
Əvvəlcə Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və soyqırım qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Geologiya fakültəsinin dekanı Mamoy Mansurov 1918-ci ilin mart qırğınlarının öz amansızlığı və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı soyqırımlardan biri olduğunu bildirib. 1918-ci ilin 30 mart -3 aprel tarixlərində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirib. Bu hadisəyə siyasi qiymət isə Ulu Öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə verilib. Soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verib.
BDU-nun Seysmologiya və yer təkinin fizikası kafedrasının müdiri, dosent Əvəz Məmmədov və kafedranın dosenti Əli Novruzov son 200 ildə xalqımızın başına gətirilən soyqırımlar barədə məlumat verib, Qarabağda qazanılan şanlı Zəfərlə bütün şəhidlərimizin və soyqırımı qurbanlarının qisasının alındığını bildiriblər.
Tədbir tələbələrin hazırladığı bədii hissə və Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş videoçarxın nümayiş etdirilməsi ilə davam edib.