BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

Bakı Dövlət Universitetində (BDU) professor-müəllim heyəti və struktur bölmələrin əməkdaşları üçün “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” mövzusunda təlim keçiriləcək.
BDU-nun Magistratura şöbəsinin müdiri Səbuhi Talıbov tərəfindən keçiriləcək təlimdə süni intellekt texnologiyalarının ali təhsildə tətbiqi, tədris prosesinin təşkili və idarə olunmasında yaratdığı yeni imkanlar, eləcə də tədrisin keyfiyyətinin yüksəldilməsi və mövcud proseslərin optimallaşdırılması məsələləri müzakirə olunacaq.
Təlim çərçivəsində süni intellekt alətlərindən istifadə etməklə dərs planlarının, sillabusların, mühazirə materiallarının, təqdimatların və qiymətləndirmə tapşırıqlarının hazırlanması, interaktiv və tələbəyönümlü tədris metodlarının tətbiqi, tələbələrin fərdi öyrənmə ehtiyaclarının nəzərə alınması və təlim nəticələrinin qiymətləndirilməsi ilə bağlı praktik yanaşmalar təqdim ediləcək.
Eyni zamanda, tədris prosesinin planlaşdırılması, dərs yükünün və dərs cədvəllərinin optimallaşdırılması, akademik göstəricilərin monitorinqi, tələbə nailiyyətlərinin təhlili, hesabatların hazırlanması və inzibati proseslərin avtomatlaşdırılmasında süni intellektin tətbiqi imkanları nəzərdən keçiriləcək. Təlim zamanı süni intellekt alətləri ilə praktik nümunələr nümayiş etdiriləcək, onların gündəlik pedaqoji və inzibati fəaliyyətdə səmərəli istifadəsi, akademik dürüstlük və informasiya təhlükəsizliyi məsələlərinə xüsusi diqqət yetiriləcək.
Professor-müəllim heyəti üçün təlim:
19 oktyabr 2026-cı il
Saat 12:00
BDU-nun 1 saylı tədris binası, 710 nömrəli auditoriya
İnzibati heyət üçün təlim:
21 oktyabr 2026-cı il
Saat 12:00
BDU-nun 1 saylı tədris binası, 710 nömrəli auditoriya
Təlimdə iştirak etmək istəyənlər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: