BDU-da orta əsrlərdə Azərbaycanda şəhərsalma və memarlıq ənənələri tədqiq olunur

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “XIII–XV əsrlərdə Azərbaycanda şəhərsalma və memarlıq” mövzusunda elmi seminar təşkil olunub.
Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının müdiri, dosent Mehman Abdullayev mövzunun aktuallığını vurğulayıb. O qeyd edib ki, orta əsrlərdə şəhərsalma və memarlıq sahəsi yüksək inkişaf səviyyəsinə malik olub və bu istiqamətdə aparılan tədqiqatlar tarixi proseslərin daha dərindən anlaşılmasına xidmət edir.
Seminarda məruzə ilə çıxış edən kafedranın dosenti, tarix üzrə fəlsəfə doktoru Ülviyyə İbrahimova mövzunu üç əsas istiqamətdə təqdim edib. Məruzədə orta əsrlərdə şəhərsalma prosesinin planlı şəkildə həyata keçirilməsi, landşaft və iqlim amillərinin nəzərə alınması, XIII–XV əsrlərdə şəhərlərin memarlıq xüsusiyyətləri, XV əsrdə şəhər həyatının sosial-siyasi inkişafda rolu geniş şəkildə izah olunub.
Bildirilib ki, Ərdəbil, Marağa, Təbriz, Sərab, Beyləqan, Gəncə, Şamaxı, Bakı və Dərbənd kimi şəhərlər moğol yürüşlərindən sonra müəyyən tənəzzül yaşasa da, XIII əsrin sonlarından etibarən yenidən inkişaf mərhələsinə qədəm qoyub. Həmçinin Şirvan-Abşeron, Təbriz-Naxçıvan və Aran memarlıq üslublarının qorunub saxlanıldığı diqqətə çatdırılıb.
Məruzədə şəhərlərin qala-şəhər quruluşu, müdafiə sistemləri və şəhərdaxili sosial-iqtisadi münasibətlərin inkişafı barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, həmin dövrdə urbanizasiya proseslərinə xüsusi önəm verilir, şəhərlər salınarkən ehtiyat ərazilər nəzərdə tutulurdu. Qala şəhərlərin radial plan üzrə qurulması, bir neçə giriş qapısına malik olması və əsas magistral yolların bu qapılara istiqamətlənməsi də vurğulanıb. Qeyd olunub ki, açıq düzənliklərdə yerləşən şəhərlərin artması dini-fəlsəfi cərəyanların inkişafı ilə bağlı olub. Təsəvvüf alimlərinin ətrafında formalaşan məskənlər zamanla genişlənərək şəhərlərə çevrilib və bu şəhərlər həm də dini mərkəz kimi fəaliyyət göstərib. Şəhərlərin inkişafında hökmdarların və ali təbəqə nümayəndələrinin tikdirdiyi bazar, hamam və digər ictimai obyektlərin mühüm rolu qeyd edilib.
Seminar çərçivəsində orta əsrlərə aid memarlıq abidələri, o cümlədən məscid və mədrəsə kompleksləri, eləcə də həmin abidələrin inşasında iştirak edən memar və ustaların fəaliyyəti haqqında da məlumat verilib.