BDU-da Müstəqillik Gününə həsr olunmuş III Respublika elmi konfransı keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 108-ci ildönümünə və 28 May – Müstəqillik Gününə həsr olunmuş “Müsəlman Şərqinin ilk parlamentli respublikası tarixi tədqiqatlarda” mövzusunda III Respublika elmi konfransı keçirilib.
Əvvəlcə Dövlət himni səsləndirilib, sonra Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tarix fakültəsinin dekanı İbrahim Zeynalov bildirib ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik, hüquqi və dünyəvi dövlətin məhz Azərbaycanda elan edilməsi, yüksək sosial-mədəni və iqtisadi tərəqqiyə, vətəndaş cəmiyyətinin formalaşmasına təkan verən çoxşaxəli islahatların həyata keçirilməsi xalqımızın zəngin dövlətçilik ənənələrinə, yüksək milli qürura və yenilikçi düşüncə tərzinə malik olmasının parlaq təcəssümüdür.
Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfova konfransın əsas məqsədinin Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, eləcə də XX əsr soyqırımı həqiqətlərini yada salmaq, bu istiqamətdə araşdırma aparan alim və tədqiqatçıları bir araya gətirmək, tələbə və magistrantları yeni tədqiqatların nəticələri ilə tanış etmək olduğunu bildirib. O qeyd edib ki, elmi konfransa 100-dən çox tezis təqdim olunub, onlardan 78-i qəbul edilib.
Daha sonra çıxış edən Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri, akademik Yaqub Mahmudov Azərbaycan xalqının dövlətçilik tarixinin müxtəlif dövrləri və onların xarakterik xüsusiyyətləri haqqında məruzə edib. Akademik vurğulayıb ki, XX əsrin əvvəllərində müsəlman Şərqində bir çox Avropa dövlətləri üçün nümunə ola biləcək parlamentli respublikanın yaradılması böyük tarixi əhəmiyyət daşıyan hadisə idi. O bildirib ki, mürəkkəb tarixi şəraitdə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti 23 ay ərzində milli dövlət quruculuğu, elm, təhsil və digər sahələrdə mühüm işlər görüb, parlamentinin fəaliyyəti isə Azərbaycan tarixində silinməz izlər qoyub.
Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının müdiri Azad Rzayev, Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının müdiri, dosent Mehman Abdullayev və Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının doktorantı Səbuhi Quliyev çıxışlarında Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki müstəsna yerindən, onun demokratik dəyərlərə əsaslanan idarəçilik modelindən və qısa fəaliyyət dövründə əldə etdiyi nailiyyətlərdən danışıblar.
Konfrans işini 9 bölmə iclası ilə davam etdirib. Tədbirdə BDU ilə yanaşı, AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu, Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu, M.Füzuli adına Əlyazmalar İnstitutu, Milli Azərbaycan Tarixi Muzeyi, Quba şəhərindəki “Soyqırımı Memorial Kompleksi”, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı, Azərbaycan Turizm və Menecment Universiteti, Qərbi Kaspi Universiteti, Xəzər Universiteti və Bakı Avrasiya Universitetinin nümayəndələrinin məruzələri dinlənilib.