BDU-da “Molla Nəsrədiin” jurnalının 120 illik yubileyi qeyd olunub

“BDU könüllüləri” təşkilatının Filologiya fakültəsi üzrə üzvlərinin təşəbbüsü ilə Azərbaycanın ilk satirik jurnalı “Molla Nəsrəddin”in birinci nömrəsinin işıq üzü görməsinin 120 illik yubileyi münasibətilə ““Molla Nəsrəddin”in izində-120 il” adlı tədbir keçirilib.
Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov Cəlil Məmmədquluzadənin təşəbbüsü, redaktorluğu ilə işıq üzü görən “Molla Nəsrəddin” jurnalının təkcə bir mətbu orqan kimi deyil, bütöv bir ədəbi-estetik məktəb kimi formalaşaraq milli mətbuat tariximizdə mühüm mərhələ yaratdığını deyib. Jurnal 1906-cı il aprelin 7-də Tiflisdə “Qeyrət” mətbəəsində nəşrə başlayıb və müəyyən fasilələrlə iyirmi beş il ərzində fəaliyyət göstərib. Bu jurnal ictimai düşüncənin oyanışına təkan verib, cəmiyyətin sosial problemlərini satira və yumor vasitəsilə kəskin şəkildə gündəmə gətirib. Xalq yaradıcılığının zəngin yumor ənənələrindən, eləcə də Azərbaycan klassik ədəbiyyatı və dünya publisistikasının qabaqcıl nümunələrindən ustalıqla yararlanan nəşr publisistikanın janr və üslub imkanlarını xeyli genişləndirib. “Molla Nəsrəddin” eyni zamanda maarifçilik ideyalarının yayılmasında, ictimai tənqid mədəniyyətinin formalaşmasında və söz azadlığının təşviqində mühüm rol oynayıb. Onun təsiri yalnız Azərbaycanla məhdudlaşmayıb, Şərq ölkələrində demokratik fikrin, azad düşüncənin və yeni ədəbi meyllərin güclənməsinə ciddi təkan verib.
BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlu təkcə milli mətbuatımız üçün deyil, ümumilikdə Şərq və türk-islam dünyasının mətbuat tarixində xüsusi yer tutan “Molla Nəsrəddin” jurnalının 1906-cı ildə fəaliyyətə başladığı andan etibarən ədəbi və ictimai fikrin diqqət mərkəzində olduğunu qeyd edib. Bunun başlıca səbəblərindən biri isə jurnalın ilk nömrəsində yer alan “Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım” çağırışında əksini tapan ali və müqəddəs məqsəddir: ““Molla Nəsrəddin” jurnalı cəmiyyətdəki nöqsanları satira və gülüş vasitəsilə ifşa etməklə islaha nail olmaq məqsədini böyük ölçüdə reallaşdırıb, ədəbi və ictimai fikir tarixində xüsusi mövqe qazanıb. Mollanəsrəddinşünaslığın ayrıca bir elmi istiqamət kimi formalaşması XX əsrin 30-cu illərinə təsadüf edir. Bu dövr ümumilikdə yeni ədəbi tənqidin və ədəbiyyatşünaslığın inkişaf mərhələsi idi. Artıq həmin illərdə jurnal özünün uzun və mürəkkəb, eyni zamanda şərəfli fəaliyyət yolunu başa vurub, milli yaddaşda isə onun adı Cəlil Məmmədquluzadə ilə ayrılmaz şəkildə bağlı qalıb. Bu mərhələdən etibarən ədəbiyyatşünaslıq Mirzə Cəlilin yaradıcılığını daha sistemli şəkildə araşdırmağa başlayıb, onun yaratdığı ədəbi irsin bütöv bir dövrün simvoluna çevrildiyi qəbul edilib”.
Sonra çıxış edən tələbələr “Molla Nəsrəddin” ədəbi məktəbinin davamçılarından söz açıb, satirik jurnalda yer alan karikaturaları nümayiş etdirib, onların mənaları haqqında məlumat veriblər.