BDU-da “Məzunun izində” layihəsinin növbəti görüşü

Bakı Dövlət Universitetinin (BDU) “BDU könüllüləri” təşkilatının təşkilatçılığı ilə “Məzunun izində” layihəsinin növbəti görüşü keçirilib. Görüşdə BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin məzunu, Gənclər üçün Prezident mükafatı laureatı, “Regional İnkişaf” İctimai Birliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri Gülbağda Leysanova iştirak edib.
BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov layihənin tələbələrin dünyagörüşünün genişləndirilməsi, peşəkar inkişafının dəstəklənməsi və gələcək karyera imkanları barədə məlumatlandırılması baxımından əhəmiyyətini vurğulayıb. O, Gülbağda Leysanovanın həyata keçirdiyi layihələrdən bəhs edərək bu təşəbbüslərin əhəmiyyətini diqqətə çatdırıb.
Gülbağda Leysanova çıxışı zamanı gənclər üçün təşkil olunan qrant müsabiqələrində iştirak qaydaları, müraciət prosesinin əsas mərhələləri və qrant qalibi olduqdan sonra layihələrin həyata keçirilməsi mexanizmləri barədə məlumat verib. O, layihələrin hazırlanması, planlaşdırılması və icrası zamanı nəzərə alınmalı məqamları qeyd edərək öz təcrübəsini iştirakçılarla bölüşüb.
Qonaq layihələrin uğurla reallaşdırılmasında peşəkar komandanın, qarşılıqlı əməkdaşlığın və düzgün planlaşdırmanın rolunu vurğulayıb.
Sonda iştirakçıların sualları cavablandırılıb.