BDU-da “Kimya və kimya texnologiyası” mövzusunda V Respublika elmi konfransı

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş doktorant, magistrant və gənc tədqiqatçıların “Kimya və kimya texnologiyası” adlı V Respublika elmi konfransı keçirilir.
Konfransın açılış mərasimində çıxış edən Kimya fakültəsinin dekanı Fuad Kərimli bildirib ki, müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ölkəmizdə böyük ehtiramla qeyd olunur. O, Ulu Öndərin Azərbaycanın kimya sənayesinin inkişafı və yenidən qurulmasında misilsiz xidmətlərini vurğulayıb. Qeyd edib ki, BDU-nun Kimya fakültəsi ölkədə yüksəkixtisaslı kimyaçı kadrların hazırlanmasında mühüm rol oynayır. Dekan bildirib ki, konfransa ölkənin müxtəlif universitetlərindən, Elm və Təhsil Nazirliyinin elmi-tədqiqat institutlarından ümumilikdə 224 tezis qəbul olunub.
Akademik Vaqif Fərzəliyev, Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunun direktoru Əfsun Sucayev, AMEA-nın müxbir üzvü, professor Məhəmməd Babanlı, Sumqayıt Dövlət Universitetinin prorektoru Elşad Abdullayev və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Analitik və üzvi kimya kafedrasının müdiri Əli Zalov çıxışlarında Ümummilli Lider Heydər Əliyevin dövlət quruculuğu və elmin inkişafındakı əvəzsiz xidmətlərindən danışıblar. Natiqlər bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirərək, Ulu Öndərin Azərbaycanda neft-kimya sənayesinin inkişafındakı tarixi rolunu xüsusi qeyd ediblər. Elmi konfransların magistrant və gənc tədqiqatçıların gələcək elmi fəaliyyətində mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Konfransın plenar iclasında Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunun doktorantı Albina Poladovanın və BDU-nun Kimya fakültəsinin Neft kimyası və kimya texnologiyası kafedrasının doktorantı Aynur Fərzəliyevanın məruzələri dinlənilib.
İki gün davam edəcək konfrans işini dörd bölmə üzrə davam etdirəcək.