BDU-da görkəmli fizik, professor Əmirulla Məmmədovun 80 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi konfrans keçirilir

Bakı Dövlət Universitetində (BDU) görkəmli fizik, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, BDU-nun professoru Əmirulla Məmmədovun 80 illik yubileyinə həsr olunmuş “Qabaqcıl funksional materiallar və yeni nəsil nanotexnologiyalar” mövzusunda Beynəlxalq elmi konfrans keçirilir.
Əvvəlcə görkəmli alimin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olunub.
Mərasimdə çıxış edən BDU rektoru Elçin Babayev qeyd edib ki, hər bir universitetin tarixini onun yetişdirdiyi, elmi ənənələrini yaşadan və zənginləşdirən insanlar yaradır. BDU-nun məzunları tək Azərbaycanda yox, dünyanın müxtəlif ölkələrində həm Universiteti, həm də Azərbaycanı uğurla təmsil edirlər. Həmin görkəmli alimlərdən biri də professor Əmirulla Məmmədovdur. Rektor bildirib ki, BDU-da qazandığı fundamental biliklər onun geniş elmi axtarışlarının etibarlı təməlini təşkil edib. Fizikanın, xüsusilə optikanın mürəkkəb problemlərinin tədqiqinə həsr etdiyi illər, müxtəlif elmi mərkəzlərdə qazandığı təcrübə Əmirulla Məmmədovu beynəlxalq səviyyədə tanınan alim kimi formalaşdırıb. ABŞ və Yaponiyanın nüfuzlu elmi mərkəzlərində – Kaliforniya Texnologiya İnstitutunda, Stenford Universitetində, Nippon Electric Company və Sumitomo Electric Corporation-da apardığı tədqiqatlar alimin elmi dünyagörüşünü zənginləşdirib, beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirib. Professor Əmirulla Məmmədovun Türkiyədəki çoxillik fəaliyyəti onun elmi-pedaqoji həyatında mühüm mərhələdir. O, elmi nailiyyətləri, pedaqoji əməyi və yetişdirdiyi mütəxəssislərlə Azərbaycan alimlərinin nüfuzunu yüksəldib, iki ölkənin elm və təhsil mühitləri arasında əlaqələrin möhkəmlənməsinə xidmət edib. Harada yaşamasından və çalışmasından asılı olmayaraq, Azərbaycanla mənəvi bağlılığını qoruması, ölkəmizin maraqlarını həssaslıqla müdafiə etməsi onun şəxsiyyətinin mühüm cəhətlərindəndir. Görkəmli alim 1990-cı ildən Türkiyədə davam etdirdiyi elmi-pedaqoji fəaliyyətlə yanaşı, beynəlxalq media platformalarındakı çıxışları ilə Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasına da töhfə verib. Doğma universiteti ilə bağlılığını qoruması Əmirulla Məmmədovun şəxsiyyətində vəfa və mənəvi məsuliyyət hissinin xüsusi yer tutduğunu göstərir. Bakı Dövlət Universiteti onun üçün ilk elmi maraqlarının formalaşdığı, peşəkar inkişafının təməlinin qoyulduğu doğma mühitdir. Bu gün həmin mühitə zəngin bilik və təcrübəsi ilə töhfə verməsi nəsillər arasında elmi varisliyin gözəl ifadəsidir: “Universitetin elmi ənənələrinin yaşadılması və inkişafında məhz belə insanların şəxsi nümunəsi mühüm rol oynayır. Məzunumuzun bu bağlılığını yüksək qiymətləndirir, onun BDU-nun elmi həyatında fəal iştirakından qürur duyuruq”.
Qeyd olunub ki, professor Əmirulla Məmmədovun çoxillik elmi-pedaqoji və ictimai fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, 1988-ci ildə Azərbaycanın Dövlət mükafatına, 2016-cı ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb. 2021-ci ildə “Diaspor fəaliyyətində xidmətə görə” medalı, 2022-ci ildə isə “Dostluq” ordeni ilə təltif edilib. Əmirulla Məmmədovun 80 illik yubileyinə həsr olunmuş konfransın doğma universitetində keçirilməsi BDU ailəsi üçün xüsusi məna daşıyır. Bu tədbir alimin elmi irsini dəyərləndirmək, tədqiqatları ətrafında fikir mübadiləsi aparmaq, gəncləri onun zəngin təcrübəsi və elmi dünyagörüşü ilə daha yaxından tanış etmək baxımından əhəmiyyətlidir. Belə konfranslar BDU-nun elmi ənənələrinin yaşadılmasına, müxtəlif nəsillərdən olan alimlər arasında mənəvi və peşəkar əlaqələrin möhkəmlənməsinə xidmət edir.
Elçin Babayev Bakı Dövlət Universitetində elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsinə, elmi-pedaqoji fəaliyyətin inkişafına və yeni nəsil yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına verdiyi dəyərli töhfələrə, eləcə də 80 illik yubileyi münasibətilə professor Əmirulla Məmmədova fəxri fərman təqdim edib.
Milli Məclisin sədr müavini, BDU-nun Konstitusiya hüququ kafedrasının müdiri, professor Ziyafət Əsgərov professor Əmirulla Məmmədovun xaricdə Azərbaycan diasporunu ən yaxşı təmsil edən alimlərdən olduğunu bildirib. O qeyd edib ki, xaricdə fəaliyyət göstərən azərbaycanlı alimlərin yubileylərinin ali təhsil müəssisələrində qeyd edilməsi onların elmi irsinin tanıdılması və gənc tədqiqatçılara çatdırılması baxımından çox vacibdir. Əmirulla Məmmədovun Azərbaycan elminin dünya elminə inteqrasiyasında, Azərbaycanla Türkiyə arasında elmi əlaqələrin möhkəmlənməsində böyük əməyi var.
Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev professor Əmirulla Məmmədovun elmi fəaliyyətini yüksək qiymətləndirərək alimin beynəlxalq elmi əlaqələrin, xüsusilə Azərbaycan-Türkiyə əməkdaşlığının inkişafında rolunu qeyd edib. Bildirib ki, onun müxtəlif ölkələrdə qazandığı təcrübə və elmi nailiyyətləri Azərbaycanın müdafiə sənayesi və texnoloji potensialının inkişafı baxımından da əhəmiyyətlidir. Komitə rəsmisi Əmirulla Məmmədovun həyat və fəaliyyətinin gənc alimlər üçün nümunə olduğunu, onun beynəlxalq miqyasda qazandığı nüfuzun Azərbaycan elminin tanıdılmasına töhfə verdiyini diqqətə çatdırıb.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru İradə Hüseynova, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Türkiyə-Azərbaycan Universitetinin rektoru Nəcibə Nəsibova, iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov, Müdafiə Sənayesi Tədqiqat və İnnovasiyalar Mərkəzinin İdarə Heyətinin sədri Orxan Yusibov, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu, Türkiyənin Aksaray Universitetinin professoru Süleyman Yılmaz, Türkiyənin Sağlık Bilimleri Universitetinin professoru Sayad Kocahan, yubilyarın ailə üzvü Məmmədəli Məmmədov çıxışlarında professor Əmirulla Məmmədovun alim, ziyalı və vətəndaş kimi örnək olduğunu qeyd edib, onun fizika elminin inkişafında, Türkiyədə Azərbaycan diasporunun fəaliyyətinin qurulması və formalaşmasında xidmətlərini vurğulayıblar.
Sonda söz yubilyara verilib. Professor Əmirulla Məmmədov doğma universitetində tədbirin yüksək səviyyədə təşkili və göstərilən diqqətə görə BDU rəhbərliyinə təşəkkür edib. O, Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfərlə qürur duyduğunu, bundan sonra da xalqımızın dövlətimiz ətrafında sıx birləşəcəyinə əminliyini bildirib. Azərbaycanın elm və təhsilini də daim zirvədə görmək istədiyini vurğulayıb.
Konfrans öz işini bölmə iclasları ilə davam etdirir.