BDU-da görkəmli alim Vasili Bartoldun tarixi-demoqrafik tədqiqatlarına dair elmi seminar
ELM
4 May 2026 15:27

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində tarix üzrə fəlsəfə doktoru, dosent Aydın Məmmədovun “I Türkoloji qurultayda iştirak etmiş V.V. Bartoldun məruzəsində əhali məskunlaşması və artımına dair tarixi-demoqrafiya məsələləri” mövzusunda elmi seminarı keçirilib.
Fakültənin elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfova bildirib ki, ötən əsrin 20-ci illəri Azərbaycan tarixində yalnız aprel işğalı ilə deyil, həm də mədəni həyatımızda baş verən mühüm hadisələrlə yadda qalıb. Bu hadisələr sırasında 1926-cı ildə Bakıda keçirilmiş I Türkoloji qurultay xüsusi yer tutur. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 oktyabr 2025-ci il tarixli “I Türkoloji qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamında qurultay türk xalqlarının mədəni inteqrasiyasında mühüm mərhələ kimi dəyərləndirilib.
Daha sonra məruzə ilə çıxış edən Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının dosenti Aydın Məmmədov bildirib ki, 1926-cı ildə Bakıda keçirilən I Türkoloji qurultayın əsas təşkilatçılarından biri olan görkəmli tarixçi-alim və türkoloq Vasili Bartold hələ 1920-ci illərin əvvəllərində Bakıya dəvət olunub. O, 1924-cü ilin noyabr-dekabr aylarında BDU-nun Şərq fakültəsində Qafqazın, Azərbaycanın və türk xalqlarının qədim və orta əsrlər tarixinə dair 20 mühazirə oxuyub. Qeyd edilib ki, alimin “Türk xalqlarının tarixinin öyrənilməsinin mövcud vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda qurultaydakı çıxışından bir il əvvəl – 1925-ci ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti tərəfindən onun “Xəzəryanı bölgələrin müsəlman dünyası tarixindəki yerinin öyrənilməsi” və “Azərbaycan tarixinin qısa xülasəsi” adlı əsərləri nəşr olunub.
Seminarda vurğulanıb ki, Vasili Bartoldun tarixi-demoqrafik baxışları geniş elmi əhəmiyyətə malikdir. Onun türk xalqlarının əhali məskunlaşması və artım proseslərini tarixi mənbələr əsasında müqayisəli şəkildə təhlil etməsi, bunu coğrafi, iqtisadi və siyasi amillərlə əlaqələndirməsi xüsusi qeyd olunub. Bildirilib ki, alimin araşdırmaları Azərbaycan və ümumilikdə Türk dünyasının tarixi demoqrafiyasının öyrənilməsi baxımından zəngin elmi irs təşkil edir.
Məruzəçi Vasili Bartoldun elmi yaradıcılığının sistemləşdirilməsinin və onun tarixi demoqrafiyanın inkişafındakı rolunun əhəmiyyətini diqqətə çatdırıb, bu yanaşmaların müasir tədqiqatlar üçün mühüm metodoloji baza olduğunu bildirib.
Son XƏBƏRLƏR
04.05.2026 | 17:02
BDU komandası “Milli dövlətçilik yolumuz” adlı intellektual çempionatda III yeri tutub
04.05.2026 | 16:23
Coğrafiya İnstitutunun direktoru vəzifəsini icra edən Zaur İmrani BDU tələbələrinə ustad dərsi keçib
04.05.2026 | 16:16
BDU-da təlim: “Autizm spektr pozuntusunun loqopedik korreksiyası”
04.05.2026 | 16:11
BDU-da “Gənclər sülh naminə mədəniyyətlərarası dialoqda – Bakı Forumu” başa çatıb
04.05.2026 | 15:30