BDU-da “Gənclər sülh naminə mədəniyyətlərarası dialoqda – Bakı Forumu”nun açılış mərasimi

Bakı Dövlət Universitetində (BDU) “Gənclər sülh naminə mədəniyyətlərarası dialoqda – Bakı Forumu”nun açılış mərasimi keçirilib.
Əvvəlcə Dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov ali təhsil mühitində mədəniyyətlərarası dialoqun əhəmiyyətindən danışıb. O bildirib ki, Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinin “Keyfiyyətli təhsil” bəndi yalnız akademik biliklərin ötürülməsi ilə məhdudlaşmır, fərqli mədəniyyətlər arasında qarşılıqlı anlaşma və əməkdaşlığın təşviqini də əhatə edir. Prorektor Universitetdə müxtəlif ölkələrdən olan tələbələrin təhsil almasının multikultural akademik mühitin formalaşmasına töhfə verdiyini, bunun isə tolerantlıq, qarşılıqlı hörmət və dialoq mədəniyyətinin inkişafına xidmət etdiyini vurğulayıb.
Milli Məclisin deputatı Rizvan Nəbiyev qlobal miqyasda müşahidə olunan geosiyasi gərginliklər fonunda mədəniyyətlərarası dialoqun və sülh təşəbbüslərinin aktuallığından bəhs edib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməsini ölkəmizin sülh siyasətinin və multikulturalizm dəyərlərinə sadiqliyinin bariz nümunəsi kimi qiymətləndirib. Deputat forumun gənclər arasında dialoq və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi baxımından mühüm platforma olduğunu qeyd edib.
Daha sonra "Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin sədr müavini Rufiz Qulizadə forumun əcnəbi və yerli tələbələri, gənclər sektorunun fəallarını bir araya gətirdiyini bildirib. O qeyd edib ki, layihənin əsas məqsədi gənclər arasında mədəniyyətlərarası dialoqu təşviq etmək, qarşılıqlı anlaşmanı gücləndirmək və sülh dəyərlərini təbliğ etməkdir.
Qeyd edilib ki, forum iki gün davam edəcək. Forum çərçivəsində panel müzakirələr, təcrübə mübadiləsi və interaktiv sessiyalar təşkil olunacaq.
Xatırladaq ki, forum Mədəniyyət Nazirliyinin dəstəyi, Bakı Dövlət Universitetinin “BDU könüllüləri” təşkilatı, Mədəniyyətlərarası Dialoq naminə Qlobal İttifaqın tərəfdaşlığı, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir.