BDU-da “Fərqli fərdlər” adlı inklüziv tədbir

Bakı Dövlət Universitetinin “BDU könüllüləri” təşkilatı və “Ümid var” İnklüziv Yaradıcılıq Birliyinin birgə təşkilatçılığı ilə “Fərqli fərdlər” adlı inklüziv tədbir keçirilib.
BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov inklüzivliyin yalnız müəyyən bir istiqamət kimi deyil, bütövlükdə cəmiyyətin ayrılmaz tərkib hissəsi kimi qəbul edilməli olduğunu vurğulayıb. O qeyd edib ki, inklüziv yanaşma müxtəlif fərdlərin cəmiyyətə inteqrasiyasını təmin etməklə yanaşı, sosial həmrəyliyin güclənməsinə də mühüm töhfə verir.
“Ümid var” İnklüziv Yaradıcılıq Birliyinin sədri Nazilə Məhərrəmova çıxışı zamanı bildirib ki, Bakı Dövlət Universiteti inklüziv dəyərlərə xüsusi həssaslıqla yanaşan ali təhsil müəssisələrindən biridir. O, universitetdə hər bir fərdin bərabər imkanlara sahib olmasının önəmli prioritet kimi qəbul edildiyini vurğulayıb. Nazilə Məhərrəmova dünyada hər 31 uşaqdan birinin autizmli doğulduğunu xatırladıb, belə uşaqların cəmiyyətin tamhüquqlu üzvləri kimi sevgi, qayğı ilə əhatə olunmasının vacibliyini diqqətə çatdırıb.
Autizmli övlad valideyni, autizm üzrə ictimai spiker Əsmər Əskərova “Autizm: Eyni dünya, fərqli beyin” mövzusunda təqdimatla çıxış edib. O, autizmli fərdlərin xüsusiyyətləri, onlarla davranış qaydalarını izah edib.
Daha sonra “Ümid var” İnklüziv Yaradıcılıq Birliyinin üzvləri tərəfindən “Fərqli fərdlər” himni, “Bayatı-şiraz”, “Gülümsə” , “Xarı bülbül” kimi musiqi nümunələri səsləndirilib.
Tədbirin sonunda "BDU könüllüləri" təşkilatının təşəbbüsü ilə həyata keçirilən "Jest dili dərsləri" proqramını uğurla başa vurmuş tələbələr mükafatlandırılıb.