BDU-da elmi seminar: “Abşeron yarımadasında geotermal enerjidən istifadə perspektivləri”
ELM
22 Aprel 2026 13:38

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin Seysmologiya və Yer təkinin fizikası kafedrasında “Abşeron yarımadasında geotermal enerjidən istifadə perspektivləri” mövzusunda elmi seminar keçirilib.
Geologiya fakültəsinin dekanı Mamoy Mansurov bildirib ki, alternativ və bərpa olunan enerji mənbələrinin geniş tətbiqi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilib. Geotermal enerjinin öyrənilməsi və tətbiqi enerji təhlükəsizliyi, ekoloji davamlılıq və iqtisadi səmərəlilik baxımından strateji əhəmiyyət daşıyır.
Məruzəçi, Seysmologiya və Yer təkinin fizikası kafedrasının baş müəllimi Aygün Məmmədova zəngin geotermal resurslara malik Abşeron yarımadasının potensialının hələ tam reallaşdırılmadığını diqqətə çatdırıb. O qeyd edib ki, dərin qatlarda yüksək temperaturlu suların mövcudluğu, neft-qaz yataqları ilə əlaqəli termal anomaliyalar və palçıq vulkanizmi regionun geotermal baxımdan perspektivli olduğunu göstərir.
Məruzədə geotermal enerjidən istifadənin əsas istiqamətləri – elektrik enerjisi istehsalı, yaşayış və sənaye obyektlərinin istiliklə təmin olunması, kənd təsərrüfatında tətbiqi məsələlərinə də toxunulub. Qeyd olunub ki, innovativ texnologiyaların və müasir elmi yanaşmaların tətbiqi geotermal resurslardan daha səmərəli istifadəyə imkan yarada bilər.
Seminar zamanı geotermal enerjinin ekoloji üstünlükləri, karbon emissiyalarının azaldılmasında və yaşıl enerji siyasətinin həyata keçirilməsində rolu diqqətə çatdırılıb. Bununla yanaşı, geotermal layihələrin icrasında geoloji risklərin qiymətləndirilməsi, seysmik aktivliklə əlaqələrin araşdırılması və ətraf mühitə təsirin minimuma endirilməsi məsələlərinin vacibliyi vurğulanıb.
İnteraktiv müzakirələr zamanı iştirakçılar geotermal enerjinin Azərbaycanda tətbiq perspektivləri, iqtisadi səmərəliliyi və gələcək tədqiqat istiqamətləri barədə fikir mübadiləsi aparıblar.
Son XƏBƏRLƏR
22.04.2026 | 10:43
BDU-da “Azərbaycan dili - Açıq dərslər” layihəsinin növbəti qonağı dosent Xatirə Hüseynova olub
22.04.2026 | 10:28
BDU-da "Tələbə həyatında dəri sağlamlığı" adlı infosessiya
21.04.2026 | 20:23