BDU-da “Dayanıqlı şəhərlər: Gələcəyin urbanizasiya perspektivləri” mövzusunda panel müzakirə

Bakı Dövlət Universitetinin “BDU könüllüləri” təşkilatının və Yasamal rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən “Şəhərsalma və memarlıq həftəsi” çərçivəsində “Dayanıqlı şəhərlər: Gələcəyin urbanizasiya perspektivləri” mövzusunda panel müzakirə olub.
Əvvəlcə BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov “Şəhərsalma və memarlıq həftəsi”nin əhəmiyyətindən bəhs edib. O bildirib ki, sürətli urbanizasiya şəraitində şəhərlərin planlı və dayanıqlı şəkildə inkişafı yalnız memarlıq baxımından deyil, sosial, ekoloji və iqtisadi amillərin qarşılıqlı şəkildə uzlaşdırılmasını tələb edir.
“BDU könüllüləri” təşkilatının layihələrin idarə edilməsi və təşkilatlarla iş üzrə meneceri Mədinə Xəlilova panel müzakirənin qonaqlarını təqdim edib. O bildirib ki, panel müzakirə müxtəlif sahələr üzrə mütəxəssislərin iştirakı ilə təşkil olunaraq şəhərsalma məsələlərinə kompleks yanaşmanın formalaşdırılmasına xidmət edir.
Panel müzakirədə BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyeva şəhərsalma prosesinin sonrakı mərhələsində yaranan ekoloji problemlərə toxunub, müasir şəhərlərin qarşılaşdığı əsas çağırışları diqqətə çatdırıb. O bildirib ki, sürətli urbanizasiya, sənayeləşmə və nəqliyyat vasitələrinin sayının artması ətraf mühitə mənfi təsir göstərir, havanın keyfiyyətinin pisləşməsinə, səs-küy çirkliliyinin artmasına və iqlim dəyişikliklərinin sürətlənməsinə səbəb olur. Bu baxımdan o, şəhərsalma siyasətində ekoloji tarazlığın qorunmasının prioritet məsələlərdən biri kimi qəbul edilməli olduğunu vurğulayıb.
Yasamal Rayon İcra Hakimiyyətinin Memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektorunun müdiri, baş memar Eyvaz Bağırov şəhərsalma prosesi zamanı istismar müddəti başa çatmış tikililərin söküntü mərhələsinə xüsusi diqqət ayırıb və bu prosesin planlı, təhlükəsiz və ekoloji tələblərə uyğun şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında İctimai Şuranın üzvü, nəqliyyat və logistika üzrə ekspert Rauf Ağamirzəyev şəhərsalma istiqamətləri üzrə ölkədə həyata keçirilən layihələrin məqsədləri, tətbiq olunan yanaşmalar və əldə olunan nəticələr barədə ətraflı məlumat verib. O vurğulayıb ki, layihələrin icrası zamanı inklüzivlik prinsipi xüsusi diqqət mərkəzində saxlanılır və fərqli ehtiyaclara malik olan şəxslərin gündəlik həyatdakı imkanlarının artırılması əsas prioritetlərdən biri kimi nəzərə alınır. Bununla yanaşı, ümumilikdə bütün yaş kateqoriyalarının ehtiyacları, rahatlığı və təhlükəsizliyi layihələndirmə prosesində əsas meyar kimi götürülür.
BDU-nun Sosial iş kafedrasının müdiri Üzeyir Şəfiyev çıxışında şəhərsalmanın sosial və insan amili ilə bağlı tərəflərinə xüsusi diqqət yetirib. O bildirib ki, şəhərlər yalnız fiziki məkan deyil, insanların gündəlik həyatını, davranışlarını və sosial münasibətlərini formalaşdıran mühitdir. Düzgün planlaşdırılmış şəhər mühiti insanların psixoloji rifahına, sosial inteqrasiyasına və ümumi həyat keyfiyyətinə birbaşa təsir göstərir. Üzeyir Şəfiyev bu baxımdan inklüziv şəhərsalma yanaşmasının vacibliyini qeyd edib. Bildirib ki, inklüziv şəhər fiziki imkanları, yaşı, sosial statusundan asılı olmayaraq bütün insanların bərabər şəkildə yararlana bildiyi mühit deməkdir.