BDU-da “Ailə: dəyərlər və ənənələr” adlı təlim keçirilib

Bakı Dövlət Universitetində (BDU) Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) “Ailəm könüllüləri” proqramı və “BDU könüllüləri” təşkilatının birgə təşəbbüsü ilə Bakı İlahiyyat Kollecinin direktoru, ilahiyyat üzrə fəlsəfə doktoru Mehman İsmayılovun və AQUPDK-nın baş məsləhətçisi Rafiq Mahmudovun “Ailə: dəyərlər və ənənələr” mövzusunda təlimi keçirilib.
“BDU könüllüləri” təşkilatının baş katibi Qasım Xəlilov bildirib ki, güclü ailə modeli cəmiyyətin əsasını təşkil edir və BDU-nun 2026-cı il sosial tədbirlər planına əsasən bu istiqamətdə maarifləndirici tədbirlərin keçirilməsi xüsusi əhəmiyyət daşıyır.
Dövlət Komitəsinin əməkdaşı Rafiq Mahmudov ölkədə və dünyada evlənmə və boşanma hallarına dair statistik göstəriciləri təhlil edərək vurğulayıb ki, son illərdə bu sahədə müşahidə olunan dinamika ailə institutunun möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsini zəruri edir. Onun sözlərinə görə, xüsusilə gənclər arasında ailə dəyərlərinin, qarşılıqlı hörmət və məsuliyyət prinsiplərinin təbliği Dövlət Komitəsinin fəaliyyətində prioritet istiqamətlərdən biridir. Bu məqsədlə maarifləndirici layihələr, psixoloji dəstək proqramları və sosial təşəbbüslər həyata keçirilir. Qeyd olunub ki, evlilik yalnız hüquqi münasibətlərin qurulması ilə məhdudlaşmır, bu, fərdlərin həyat tərzində, sosial davranışlarında və məsuliyyət anlayışında ciddi dəyişiklikləri ehtiva edən mühüm bir mərhələdir. Ailə institutunun davamlılığının təmin olunması üçün həm dövlət qurumlarının, həm də cəmiyyətin bütün üzvlərinin birgə səyləri xüsusi əhəmiyyət kəsb edir.
Bakı İlahiyyat Kollecinin direktoru Mehman İsmayılov qeyd edib ki, sağlam və dayanıqlı ailə modelinin formalaşmasında milli-mənəvi dəyərlərə bağlılıq mühüm rol oynayır. Ailə yalnız sosial institut deyil, həm də cəmiyyətin mənəvi sütunu kimi çıxış edir və bu sütunun möhkəmliyi məhz əsrlər boyu formalaşmış ənənələrin qorunub saxlanmasından asılıdır. Ailə institutunda ənənəyə sadiqlik vacib amil olsa da, müasir dövrün tələbləri nəzərə alınaraq yeniliklərə və inkişaf meyllərinə də açıq olmaq zəruridir. Ənənə ilə innovasiyanın vəhdəti ailədaxili münasibətlərin sağlam şəkildə qurulmasına, nəsillərarası əlaqələrin möhkəmlənməsinə və gənc nəslin düzgün formalaşmasına şərait yaradır.
Təlim iştirakçıların suallarının cavablandırılması ilə başa çatıb.