BDU-da 28 May – Müstəqillik Günü qeyd olunub

Bakı Dövlət Universitetində (BDU) 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
BDU-nun rektoru Elçin Babayev bildirib ki, Müstəqillik Günü Azərbaycan xalqının tarixində ən şərəfli və qürurverici səhifələrdən birini təşkil edir. Bu tarix xalqımızın azadlıq iradəsinin, milli kimliyinin və dövlətçilik təfəkkürünün təntənəsidir. 108 il əvvəl – 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini qəbul etməklə Azərbaycanın müstəqilliyini dünyaya bəyan edib. Qısa müddət ərzində Azərbaycanın ilk parlamenti və hökuməti formalaşdırılıb, dövlət atributları təsis edilib, sərhədlər müəyyənləşdirilib, dövlət quruculuğu istiqamətində mühüm addımlar atılıb. Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika, ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi kimi tarixə düşüb. Cümhuriyyət cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, xalqımızın tarixində silinməz iz qoyub, gələcək müstəqilliyimizin möhkəm təməlini formalaşdırıb.
Rektor qeyd edib ki, AXC-nin fəaliyyətində təhsil siyasəti xüsusi yer tutub. Qısa zaman kəsiyində ölkənin müxtəlif bölgələrində məktəblər, gimnaziyalar, qız məktəbləri, uşaq bağçaları, müəllim hazırlığı kursları və kitabxanaların açılması, 1919-cu il sentyabrın 1-də Parlamentin “Bakı Dövlət Universitetinin təsis olunması haqqında” Qanun qəbul etməsi müstəqil respublikamızın elm və təhsilə, milli kadr hazırlığına verdiyi önəmin göstəricisidir. Təkcə ölkəmizdə deyil, bütün müsəlman Şərqində ilk Avropa tipli ali məktəb olan Bakı Dövlət Universitetinin yaradılması ixtisaslı milli kadrların yetişdirilməsi, milli şüurun inkişafı baxımından tarixi əhəmiyyət daşıyıb: “Milli universitetin yaradılması Cümhuriyyət xadimlərinin xalq qarşısında ən mühüm xidmətlərindən biri idi. Ümummilli Lider Heydər Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan elminə və maarifinə işıq saçan Bakı Dövlət Universitetinin yaradılması xalqımızın tarixində ən əlamətdar hadisələrdən biridir”.
Rektor diqqətə çatdırıb ki, Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa edərək Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olduğunu bəyan edib. Ümummilli Lider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixi xidmətlərini daim yüksək qiymətləndirib, onun irsinin öyrənilməsi və təbliği istiqamətində mühüm təşəbbüslər irəli sürüb. 2018-ci ildə Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ölkəmizdə geniş şəkildə qeyd edilib. Prezident İlham Əliyevin 2021-ci il oktyabrın 15-də imzaladığı “Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən, 28 May ölkəmizdə rəsmi olaraq Müstəqillik Günü kimi qeyd olunur: “Cümhuriyyət dövründə yaradılan dövlət atributları, parlamentçilik ənənələri və demokratik dəyərlər bugünkü Azərbaycan Respublikasının inkişafında mühüm rol oynayır. Müstəqillik Günü bizə xatırladır ki, azad və suveren dövlətə sahib olmaq böyük məsuliyyət tələb edir. Məhz buna görə də hər bir vətəndaş müstəqilliyin qədrini bilməli, onun qorunmasına və möhkəmləndirilməsinə öz töhfəsini verməlidir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu uğurla davam etdirilir”.
Milli Məclisin üzvləri Pərvin Kərimzadə və Hikmət Babaoğlu çıxışlarında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının tarixi əhəmiyyətindən, müstəqillik ənənələrinin qorunub saxlanılmasından və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyindən danışıblar. Çıxışlarda müstəqil Azərbaycanın Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrini uğurla davam etdirdiyi və yeni çalarlarla daha da zənginləşdirdiyi qeyd edilib. Bildirilib ki, 108 il ərzində Azərbaycan böyük tarixi inkişaf yolu keçib, müstəqilliyini elan və bərpa edən dövlətdən qalib dövlətə çevrilib.
BDU-nun Tarix fakültəsinin doktorantı Rauf Qurbanov isə çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti, dövlətçilik ənənələri və müasir Azərbaycanın inkişafında bu irsin rolu barədə məlumat verib.
Tədbir BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzinin hazırladığı bədii hissə ilə davam edib.