BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • Azərbaycan kimya elmini dünyada şöhrətləndirən alim

            Azərbaycan kimya elmini dünyada şöhrətləndirən alim

            20 Sentyabr 2022 10:14

            Azərbaycan kimya elmini dünyada şöhrətləndirən alim

            Azərbaycan elminin parlaq simalarından olan akademik Rəfiqə Əliyevanın anadan olmasının 90 illik yubileyini ölkənin elmi-mədəni ictimaiyyəti sevgi-sayğılarla qeyd edir. Rəfiqə xanım Əliyevanın şərəflə yaşanmış ömrünün səhifələrini vərəqlədikcə bir daha əmin oluruq ki, görkəmli alim Azərbaycanda kimya elminin inkişafına böyük töhfələr vermişdir.

            Alimin dünyanın nüfuzlu elmi jurnallarında dərc olunan məqalələri, fundamental mo­noqrafiyaları, uzun illərin gərgin zəhmətinin bəhrəsi kimi aldığı mühüm elmi nəticələr kimya elmi sahəsində ölkəmizin adının dün­yada tandılmasında böyük rol oy­namışdır. Rəfiqə xanım Əliyeva, eyni zamanda, vətənpərvər ziyalı kimi hər zaman ölkənin ictimai həyatında fəal iştirak etmiş, cəsarətli mövqeyi, xeyirxahlıq missiyası ilə yaddaşlara həkk olunmuşdur. Əminliklə söyləyə bilərik ki, akademik Rəfiqə xanım Əliyeva ziyalılığı, kübarlığı, müdrikliyi, xalqına və Vətəninə bağlılığı, dövlətinə sədaqəti ilə onu tanıyanların hər biri üçün bir insanlıq nümunəsidir.

            Rəfiqə xanım Əliyeva 20 sentyabr 1932-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur, orta məktəbi bitirdikdən sonra ali təhsilini 1951–1956-cı illərdə Bakı Dövlət Universitetinin kimya fakültəsində almışdır. O, elmi fəaliyyətinə 1956–1960-cı ildə Azərbaycan Milli Elmlər Akade­miyasının Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunda (indiki aka­demik M.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu) kiçik elmi işçi vəzifəsində baş­lamışdır. Gənc kimyaçı 1960-cı ildə BDU-nun analitik kimya kafedrasında “Analitik kimya” ixtisası üzrə aspiranturaya qəbul olunmuş və taleyini doğma BDU ilə bağlamışdır. Alim doğma universitetin analitik kimya kafed­rasında assistent, baş müəllim, dosent, professor vəzifələrində çalışmışdır.

            Rəfiqə Əliyeva 1970-ci ildə analitik kimya ixtisası üzrə “Ger­maniumun bəzi üzvi reagentlərlə əmələ gətirdiyi birləşmələrin spektrofotometrik tədqiqi və onun fotometrik metodla təyini” mövzusunda namizədlik disser­tasiyası, 1999-cu ildə isə kimya elmləri doktoru elmi dərəcəsini almaq üçün “d-, f- elementləri və germaniumun tərkibində N-, S-, O- olan liqandlarla müxtəlifliqandlı kompleksləri və onların analitik tətbiqi” mövzu­sunda doktorluq dissertasiyasını müdafiə etmiş, həmin il analitik kimya ixtisası üzrə professor elmi adını almışdır. Alim 2001-ci ildən ömrünün sonuna kimi BDU-da öz təşəbbüsü ilə yaradılmış Ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat labo­ratoriyasının müdiri vəzifəsində işləmişdir. Görkəmli kimyaçı 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilmişdir.

            Akademik Rəfiqə Əliyeva ölkəmizdə kimya elmində yüksəkixtisaslı kadrların ha­zırlanmasına bütün bilik və bacarığını sərf etmişdir. O, hələ ömrünün gənclik çağlarından yenilikçi tədqiqatçı kimi özünü sübut etmişdir. Elmi və pedaqoji fəaliyyətlə məşğul olan alimin əsas araşdırma sahələrindən biri analitik reaksiyaları xarakterizə edən parametrlərlə kompleks birləşmələrin quruluşu arasında­kı asılılığın müəyyən edilməsinə həsr olunmuşdur.

            Rəfiqə xanım üzvi reaktivlərin köməyi ilə toksiki və radioak­tiv metalların təyini və onların ayrılması metodikasını işləyib hazırlamışdır. Ekologiyanın aktu­al problemləri ilə bağlı elmi işləri isə ölkəmizin davamlı inkişafının təmin olunmasına öz töhfəsini vermişdir. Onun rəhbərliyi ilə analitik kimyanın nəzəri və tətbiqi məsələlərinə həsr edilmiş 2 doktorluq və 20 namizədlik dissertasiyası müdafiə edilmiş­dir. Akademik Rəfiqə Əliyeva 2 monoqrafiya, 33 dərslik və dərs vəsaitinin, 20 patentin və 520-dən çox məqalənin müəllifidir.

            Azərbaycanın ali təhsil müəssisələrinin müəllim, elmi işçi və doktorantlarının inkişafın­da mühüm rol oynayan Moskva Dövlət Universitetinin Analitik kimya kafedrasının əməkdaşları tərəfindən nəşr olunmuş “Anali­tik kimyanın əsasları” (2 cilddə) və “Analitik kimyadan məsələ və suallar” kitabları akademikin rəhbərliyi ilə Azərbaycan dilinə tərcümə edilmişdir.

            Akademik Rəfiqə Əliyeva keçid, nadir torpaq və radio­aktiv elementlərin fotometrik təyini və qatılaşdırma metodi­kalarının öyrənilməsi sahəsində tədqiqatlar aparmış və bu elementlərin təyini üçün yüksək analitik göstəricilərə malik xarak­teristikaları ilə seçilən metodika təklif etmişdir. Onun rəhbərliyi ilə piroqallol, tiofen və asetila­seton əsasında sintez edilmiş üzvi birləşmələr əsasındə bir çox metal ionlarının təyini üçün fotometrik təyinat metodikaları işlənilib hazırlanmışdır. Bu meto­dikalar həmin elementlərin təbii və sənaye obyektlərində təyini üçün tətbiq edilmişdir. Həmin üzvi reaktivlər əsasında bir çox metal ionlarının əmələ gətirdiyi kompleks birləşmələr bərk halda sintez edilmiş, müxtəlif fiziki-kimyəvi analiz metodları ilə onların quruluşu və xassələri öyrənilmişdir.

            Akademik Rəfiqə Əliyeva tərəfindən – diketonlar əsasında azobirləşmələrin ilk dəfə ola­raq metal ionların fotometrik təyini üçün reagent kimi tətbiq edilməsi təklif edilmişdir. Bu sinif üzvi reagentlərin kvantkimyəvi hesablamalara görə elekt­ron sıxlıqları hesablanmış və alınmış nəticələrə əsasən bu reagentlərin bir-birinə nəzərən nə dərəcədə analitik effekt verməsi qabaqcadan proqnozlaşdırıl­mışdır. Rentgen quruluş analiz metodu ilə bir çox reagentlərin və onların binar və müxtəlifliqandlı komplekslərin 20-dən çox mo­nokristalı yetişdirilərək rentgen quruluş analizi metodu ilə tədqiq edilmişdir.

            Görkəmli kimyaçı Rəfiqə Əliyeva müxtəlifliqandlı komp­leks birləşmələrin tədqiqi sahəsində də ətraflı tədqiqatlar aparmışdır. O, ilk dəfə olaraq liqand-liqand qarşılıqlı təsirini müxtəlif fiziki-kimyəvi metodlar­la öyrənməklə qarışıqliqandlı kompleks birləşmələrin alın­masında üçüncü komponen­tin seçilmə prinsipi haqqında müəyyən fikirlər irəli sürmüşdür. Təcrübi faktların təhlilinə əsasən müəyyən etmişdir ki, qarışıqli­qandlı kompleks birləşmələrin alınmasında binar sistemə əlavə edilən üçüncü komponent metala koordinasiya edərsə, onda kompleks birləşmələrin davamlılığı artır, bu isə seçicili­yin artmasına səbəb olur. Əgər üçüncü komponent liqandla qarşılıqlı təsirdə olarsa, onda çox vaxt kompleksəmələgəlmə reaksiyalarının həssaslığı art­mış olur. Bu sahədə akademik Rəfiqə Əliyevanın apardığı elmi tədqiqatlar çoxillik təcrübəyə ma­lik, tanınmış alimlərin diqqətini cəlb etmişdir.

            Cu(II), Cd(II), Pb(II), Zn(II), Fe(III), Ni(II), Co(II), Th(IV), U(VI) və Pd(II) ionlarının qatılaş­dırılma metodları işlənilmişdir. Akademik Rəfiqə Əliyevanın rəhbərliyi ilə polibutadien və ma­lein anhidridi-stirol sopolimerləri əsasında xelatəmələgətirici polimer sorbentlər sintez edil­miş və bu sorbentlərdən istifadə edərək fiziki-kimyəvi metodlar vasitəsi ilə sintez olunmuş sorbentlərin tərkibi, fiziki-kimyəvi xarakteristikaları təyin edilmiş­dir. Bu sorbentlərin sorbsiya xassələrinin ədəbiyyatdan məlum olan sorbentlərin xassələri ilə müqayisəsi göstərmişdir ki, sintez olunmuş sorbentlər daha yüksək sorb­siya tutumuna və üstün kinetik xassələrə malikdirlər.

            Potensiometrik titrləmə me­todu vasitəsi ilə bəzi ağır metal ionlarının alınmış sorbentlərlə komplekslərinin davamlı­lıq sabitləri təyin edilmiş və sorbentlərin metalların ayrılması üçün effektivliyi proqnozlaşdırıl­mışdır. Akademikin rəhbərliyi al­tında göstərilən ionların neftayır­ma zavodlarından alınan çirkab sularında, neft şlamında, neft çı­xarılan zaman alınan suda, dəniz suyunda effektiv atom-absorbsi­on və sorbsion-fotometrik təyinat metodikaları hazırlanmışdır. İlk dəfə olaraq Cd(II) və Pb(II)-nun insan orqanlarında təyini metodi­kaları işlənilib hazırlanmışdır.

            Akademik Rəfiqə Əliyevanın rəhbərliyi ilə Ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tabeçiliyində olan müəssisələrlə elmi-tex­niki təsərrüfat müqaviləli işlər yerinə yetirilmişdir. Təsərrüfat müqavilələrinin nəticələrinə əsasən ətraf mühitin çirklənməsi qiymətləndirilmiş, zərərli və ağır metalların qatılaşdırılaraq ayrıl-masının yeni, ucuz və iqtisadi cəhətdən əlverişli metodikaları işlənilib hazırlanmışdır.

            Soydaşımız ABŞ, Türkiyə, Rusiya, Yaponiya, Avstraliya və digər ölkələrdə keçirilən beynəlxalq simpozium və konf­ransların iştirakçısı olmuşdur. O, BDU nəzdində fəaliyyət göstərən D 02.011 Dissertasiya Şurasının sədr müavini, BDU-nun və Kimya fakültəsinin Elmi şuralarının üzvü olmuşdur.

            Onu da vurğulamaq lazımdır ki, akademik Rəfiqə Əliyevanın səmərəli elmi-pedaqoji və ictimai fəaliyyəti dövlətimiz tərəfindən layiqincə qiymətləndirilmişdir. Alim 2000-ci ildə Əməkdar elm xadimi adına layiq görülmüş, 2009-cu ildə “Şöhrət” ordeni ilə təltif olunmuşdur. Eyni zamanda görkəmli alim akademik “Yusif Məmmədəliyev adına” mükafata layiq görülmüş, 2003–2004-cü tədris ilində akademik Rəfiqə Əliyeva Azərbaycan Respub­likası Təhsil Nazirliyinin “Fəxri Fərman”ı ilə təltif olunmuş, 2005-ci ildə BDU-nun təsis etdiyi “İlin alimi” fəxri adına layiq görülmüşdür. Alimin müəllifi olduğu “Ekologiya” və “Ümumi ekologiya” adlı dərs vəsaitləri Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsis etdiyi “Həsən Əliyev adına” mükafata layiq görülmüşdür.

            Akademik Rəfiqə xa­nım Əliyeva yüksək mənəvi keyfiyyətlərin daşıyıcısı kimi hər zaman insanlara yaxşılıqlar etmiş, xeyirxah, nəcib əməllərin sahibi olmuşdur. Əsl Azərbaycan qadınına məxsus olan bu xarakterik xüsusiyyətlər onu gəncliyindən ömrünün sonuna kimi müşayiət etmişdir. Əlbəttə ki, bütün bu keyfiyyətlər ilk növbədə Rəfiqə xanımın mənsub olduğu ailədən, soy-kökdən irəli gəlir.

            2017-ci ildə ömrünün 84-cü ilndə həyatla vidalaşan Rəfiqə xanım Əliyevanın 90 illik yubileyi­ni görkəmli alimin özünün iştirakı olmadan qeyd etsək də, əminik ki, bu günlər Rəfiqə xanımın ruhu şaddır. Çünki onun da ürəyində daşıdığı ən böyük niskil artıq sevincə çevrilib. Ulu öndərimiz Heydər Əliyevin layiqli davam­çısı, möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağımız 44 günlük Vətən müharibəsindəki parlaq Zəfərimizlə azadlığına qovuşub, ölkəmizin ərazi bütövlüyü təmin olunub. İndi cənnət Qaraba­ğımızda müqayisəyəgəlməz sürətlə quruculuq işləri aparılır.

            Akademik Rəfiqə Əliyevanın əziz və unudulmaz xatirəsi öz taleyini bağladığı və inkişafına böyük töhfələr verdiyi BDU-da həmişə hörmətlə və ehtiramla yad edilir. Bu günlərdə BDU-nun təşkilatçılığı ilə görkəmli alimin 90 illik yubileyinə həsr edilmiş “Nəzəri və təcrübi kimyanın müasir problemləri” mövzusun­da beynəlxalq elmi konfrans keçiriləcəkdir. Beynəlxalq konf­ransda Azərbaycanda analitik kimya sahəsində ilk akademik adını qazanmış Rəfiqə xanım Əliyevanın elmi fəaliyyətinə dünyanın və ölkəmizin görkəmli alimləri tərəfindən işıq salınacaq, analitik kimyanın yeni prioritetləri müəyyən ediləcəkdir.

            90 illik yubileyi ərəfəsində görkəmli alim, unudulmaz ziyalı, akademik Rəfiqə xanım Əliyevanı hörmət və ehtiramla yad edirik. Əminik ki, görkəmli alimin elmi məktəbi onun davam­çıları tərəfindən daha da inkişaf etdiriləcəkdir.

            Elçin BABAYEV,

            Bakı Dövlət Universitetinin rektoru

            https://xalqqazeti.com/az/news/111797

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025