Son 5 ildə Bakı Dövlət Universitetinin Hirş indeksi 1,7 dəfə artıb
“Təhsil-elm-istehsalat” formatında fəaliyyətini mütəmadi olaraq genişləndirən Bakı Dövlət Universitetində (BDU) təbiət-dəqiq və humanitar-ictimai elm sahələri üzrə 75-dən çox elmi istiqamətdə aparılan tədqiqatlar uzun illərdir formalaşmış BDU elmi məktəblərində uğurla davam etdirilir. Multidissiplinar və interdissiplinar sahələri əlaqələndirməyə imkan verən elmi-tədqiqat infrastrukturuna malik olması, məhz öz akademik heyətinin və tələbələrinin elmi fəaliyyəti nəticəsində alınan və ölkəmizin sosial-iqtisadi problemlərinin həllində istifadə edilə biləcək fundamental və tətbiqi xarakterli elmi nəticələri ilə BDU elmin etik normalarına riayət edir, plagiatla mübarizə aparır, alınmış yeni və etibarlı elmi nəticələri tətbiq edir.
BDU-da elmi fəaliyyət üzrə kompleks tədbirlərin həyata keçirilməsi elmi nəticələrin keyfiyyətinin kifayət qədər artmasına səbəb olub.
Belə ki, “Clarivate Analytics” Beynəlxalq İnformasiya Agentliyinin rəsmi məlumatına əsasən, BDU-nun Hirş indeksi 2019-cu illə müqayisədə 1,7 dəfə artaraq 62 olub. Hər bir əsərə istinadların orta sayı isə 7.81-ə qədər yüksəlib.
Agentliyin rəsmi məlumatına əsasən, BDU-nun əməkdaş, doktorant və tələbələri tərəfindən “Web of Science” bazasına daxil olan dərgilərdə artıq 4298 elmi əsər nəşr edilib. Bu əsərlərə 33000-dən çox istinad edilib. Nəşr edilmiş elmi əsərlərə təkcə 2023-cü ildə 6807 istinad edilib ki, bu da 2018-ci ildə edilən istinadların sayından 3.8 dəfə, 2019-cu ildəkindən isə 3 dəfə çoxdur.
2023-cü ildə “Web of Science” bazasına daxil olan dərgilərdə BDU tərəfindən 277 əsər (2023-cü il üzrə yekun nəticələr tam deyil, 2024-cü ilin ilk yarımilliyində tamamlanacaq) nəşr edilib. Dərc olunmuş elmi əsərlərin 124-ü açıq girişə malikdir. Həmçinin cari ilin ilk 3 ayı ərzində bazaya daxil olan dərgilərdə BDU tərəfindən 38 elmi əsər nəşr edilib.
Həm struktur islahatlarının aparılması, həm də prioritet istiqamətlərin dəqiqləşdirilməsi 2023-cü ildə elmi nəticələrin keyfiyyətinin kifayət qədər artmasına səbəb olub. Belə ki, BDU əməkdaşlarının 2023-cü ildə Q1 və Q2 kateqoriyalı jurnallarda 101 məqaləsi dərc olunub.
Onu da qeyd edək ki, bu göstəricilərlə BDU Azərbaycan universitetləri arasında yenə liderdir.
Bütün BDU ailəsini təbrik edir və daha böyük uğurlar arzu edirik!