BDU yeni nəsil universitetə çevrilir
Müasir standartlara cavab verən, keyfiyyətli təhsil və elmi-tədqiqat mühitinin yaradılması hər bir universitet üçün uğurun əsas şərtidir. Bu il 1 sentyabr tarixində 105-ci yubileyini qeyd etməyə hazırlaşan, ölkəmizin ən böyük və qədim universiteti olan Bakı Dövlət Universitetinin (BDU) bu gün 16 fakültəsində elmin bir çox sahələri üzrə yüksəkixtisaslı mütəxəssislər hazırlanır. BDU son illər ölkənin ali məktəblərinin lideri kimi öz nüfuzunu qorumaqla yanaşı, təhsilin, elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi, elmi nəticələrin və innovasiyaların tədris prosesinə davamlı tətbiqi istiqamətində geniş tədbirlər görür. Başqa sözlə, klassik universitetdən “Tədqiqat Universiteti”nə, yeni nəsil universitetə çevrilir. Qürurverici haldır ki, bu prosesin əsas hərəkətverici qüvvəsi tələbələr və gənc tədqiqatçılardır. Son illər Universitetdə bu istiqamətdə həyata keçirilən məqsədyönlü işlər artıq öz bəhrəsini verir...
BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi: ideyadan reallığa
Tələbələrdə təhsil-elm-innovasiya təfəkkürünün inkişaf etdirilməsi, tələbə ideyalarının həyata keçirilməsi üçün 2022-ci il iyunun 24-də BDU-da Tələbə Elmi-Texniki yaradıcılıq Mərkəzi yaradılmışdır. BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin yaradılmasında əsas məqsəd xüsusi istedadlı və bacarıqlı tələbələrin davamlı şəkildə layihələrə cəlb edilməsindən, onların yaradıcılıq potensialını üzə çıxarmaqdan, yaradıcı təfəkkürünü və tədqiqat motivasiyasını inkişaf etdirməkdən ibarətdir. Bu baxımdan ötən iki il ərzində Mərkəzdə tələbələr elmin müxtəlif sahələri üzrə tədqiqatlar aparıb, tədris prosesində əldə etdikləri bilikləri daha da gücləndiriblər. Mərkəzdə elektronika, materialşünaslıq və kimya mühəndisliyi, İT, proqramlaşdırma və süni intellekt təlimi, mexanika, mexatronika və robototexnika mühəndisliyi, ekologiya mühəndisliyi, astrofizika və kosmos elmləri üzrə dərnəklər fəaliyyət göstərir. Mərkəzin fəaliyyəti elmlə təhsilin vəhdəti əsasında qurulduğundan həyata keçirdiyi layihələr qısa müddətdə tələbələrin innovativ və tətbiq xarakterli tədqiqat bacarıqlarının formalaşmasına gətirib çıxardı. Mərkəz indi də müxtəlif səviyyələrdə elmi və texnoloji müsabiqələrdə uğur qazanmaları üçün tələbələrin müstəqil və komanda şəklində iş bacarıqlarını inkişaf etdirir.
Fəaliyyətin nəticəsi isə özünü çox gözlətmədi...
BDU komandalarının “TEKNOFEST-2023”də böyük uğuru
BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzində çalışan tələbə, magistrant və gənc tədqiqatçıların gərgin əməyi “TEXNOFEST-Azərbaycan” - Aviasiya, Kosmos və Texnologiya Festivalında uğurlu iştirakla özünü doğrultdu. 2022-ci ildə Mərkəzin komandaları “TEXNOFEST-Azərbaycan” festivalında öz layihələri ilə çıxış etdilər. “Aqrar texnologiyalar” müsabiqəsi üzrə “SAP (Super Absorbent Polymer) əsaslı hidrogellərin suvarmada tətbiqi və ağıllı suvarma sistemi” adlı layihə 2-ci, “Sosial yönümlü texnologiyalar” müsabiqəsi üzrə “Triboelektrik nanogeneratorlar əsasında görmə və eşitmə əngəlli insanlar üçün sensorların hazırlanması“ adlı layihə isə 3-cü yerə layiq görüldü.
Bunu BDU komandalarının TEKNOFEST-dəki sonrakı qələbələrinin müjdəçisi də saymaq olar.
Ötən il BDU-nun komandaları İstanbulda keçirilən “TEKNOFEST-2023” Aerokosmik və Texnologiya Festivalında isə daha böyük uğura imza atdılar. Universitetin 4 komandası 6 layihə ilə "TEKNOFEST-2023"ün finalına vəsiqə qazandı. Onlardan “BSU Creativity Workz” komandası “Driver’s Eye (avtomobil qəzalarını əvvəlcədən müəyyənləşdirərək sürücünü xəbərdar edən elektron sistem)” layihəsi ilə festivalda “Ağıllı nəqliyyat” kateqoriyası üzrə 109 finalçı arasında 1-ci yerə, “Humantek” komandası isə “Ağıllı damla sulama sistemi (torpağın mineral tərkibi, rütubət səviyyəsi, havanın temperaturu və təzyiqi kimi məlumatların toplanaraq mərkəzi stansiyaya naqilsiz ötürülməsi üçün əkin sahələrinin müxtəlif yerlərində günəş enerjisi ilə qidalanan kiçik stansiyalar)” layihəsi ilə “Aqrar texnologiyalar” kateqoriyasında 73 finalçı arasında 3-cü yerə layiq görüldü. “BSU Creativity Workz” komandası “Driver’s Eye” layihəsi ilə Türkiyənin Ankara şəhərində 2023-cü il 30 avqust – 3 sentyabr tarixlərində keçirilmiş və 10 kateqoriya üzrə 2419 komandanın qatıldığı "TEKNOFEST-2023 - Girişim" yarışmasının final mərhələsində uğurla çıxış edərək, 3 qalib komandadan biri oldu!
"TEKNOFEST-2023"də yalnız BDU deyil, ümumilikdə ölkəmiz adına qazanılan bu möhtəşəm qələbə gənclərimizi yeni uğurlara və nailiyyətlərə sövq edir, onlarda elmi-tədqiqat fəaliyyəti üçün böyük stimul yaradır.
Tələbələrin elmi tədqiqatlara təşviq olunmaları üçün BDU-da ən müxtəlif innovativ üsul və metodlar tətbiq olunur
Son dövrlər BDU-da Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin fəaliyyətə başlaması ilə yanaşı, “Code for Future” layihəsi çərçivəsində tələbələrin ən müasir kompüterlərlə təchiz olunmuş auditoriyalarda proqramlaşdırma, sistem və şəbəkə inzibatçılığı üzrə bilik və bacarıqlarını artırmaları üçün şəraitin yaradılması onlarda elmə və təhsilə daha böyük maraq yaradıb. Əmək bazarının tələbləri nəzərə alınmaqla yeni ixtisas və ixtisaslaşmaların açılması
da müsbət dinamika kimi izlənilir. BDU-da tələbələrin birbaşa iştirakı ilə bir çox layihələr yerinə yetirilir. Tələbələr elmi seminarlarda və konfranslarda məruzələrlə çıxış edir, elmi-tədqiqat mövzuları üzrə tədqiqatlara cəlb olunurlar. Tədris prosesində tələbələrə yeni elmi nəticələr haqqında məlumatlar verilir.
BDU-da tələbələr arasında olimpiada işinə xüsusi diqqət yetirilir. Azərbaycan Respublikasında fizika, riyaziyyat və kimya elmləri üzrə ixtisaslı mütəxəssislərin hazırlanmasının keyfiyyətini daha da yüksəltmək, istedadlı tələbələri aşkar etmək və dəstəkləmək, onları elmi-tədqiqat fəaliyyətinə cəlb etmək, habelə tələbələr arasında elmi bilikləri təbliğ etmək məqsədilə 2023-cü ildə BDU-da ali məktəb tələbələri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş Fizika, Riyaziyyat və Kimya fənləri üzrə Respublika Olimpiadası keçirildi. Olimpiadalarda BDU ilə yanaşı, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, ADA Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Fövqəladə Hallar Nazirliyinin Akademiyası, Bakı Ali Neft Məktəbi və Bakı Mühəndislik Universitetindən ümumilikdə Fizika fənni üzrə 61, Riyaziyyat fənni üzrə 94, Kimya fənni üzrə 60 tələbə iştirak etdi.
BDU tələbələrinin 7 komandası dünyanın ən böyük robot festivalı olan “Robotex”in Türkiyə Avropa çempionatının qalibidir!
BDU-nun tələbələrin elmi-tədqiqat mühitində formalaşması istiqamətində atdığı mühüm addımlar tələbələrimizin dünyanın ən böyük robot festivalı olan “Robotex”də qalibiyyət qazanmasına vəsilə oldu.
2024-cü il 2-3 mart tarixlərində keçirilən “Robotex” Azərbaycan Avrasiya Çempionatı Festivalında BDU-nu təmsil edən 7 komandadan 6-sı (“85 Games Studio” və “Brandenburg” komandaları 1-ci, “TechTitans” və “Humantek” komandası 2-ci, “AITech Group” və “BİLİG” komandaları 3-cü yeri) ilk üç yeri tutaraq qalib oldu. “QuantumTech” komandası isə Münsiflər heyətinin həvəsləndirici mükafatını qazanaraq növbəti mərhələdə iştirak hüququ əldə etdi. Beləliklə, BDU-nun 7 komandasının hər biri “Robotex”in Türkiyədə keçiriləcək növbəti mərhələsində iştirak hüququ qazandı.
Aprelin 20-21-də nüfuzlu robot festivalı olan “Robotex”in Türkiyənin Antalya şəhərində keçirilən yarımfinal mərhələsində isə BDU komandaları möhtəşəm uğura imza atdı. Xoş təsadüfdür ki, BDU-nun 7 komandasının hər biri Ümumdünya Yaradıcılıq və İnnovasiya Günündə - 21 aprel tarixində qalib oldu. 2 komanda (“85 Games Studio və “Humantek”) yarışmada 1-ci, 2 komanda (“Bilig” və “Bradenburg”) 2-ci, 3 komanda isə (“AiTech Group”,
“QuantumTech” və “TechTitans”) 3-cü yerə layiq görüldü. Qalib komandalar “Robotex”in final mərhələsində iştirak hüququ qazanıblar.
Onu da qeyd edək ki, “Robotex Türkiyə”də dünyanın 11 ölkəsindən 19 fərqli kateqoriya üzrə 400-dən çox komanda, 2500-dən artıq iştirakçı yarışıb. Böyük uğura imza atan tələbələrimizi təbrik edirik!
Ölkənin aparıcı elm və təhsil müəssisəsi olan BDU-nun nəzdində yaradılmış müasir Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi işini həm də Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi ilə birgə qurur. Öz istedad və imkanlarına güvənən, xüsusilə də müsabiqələrin qalibləri olan innovativ, yaradıcı gənc tədqiqatçıların yeni nəsil alimləri kimi yetişdirilməsi məqsədilə yeni sənayeyönümlü laboratoriyalarda elmi fəaliyyətə cəlb olunurlar. Gənc tədqiqatçılar alimlər və peşəkar mütəxəssislərlə birgə sənaye və biznes sektorları üçün yeni həllərin hazırlamasında iştirak edirlər. Hazırda Mükəmməllik Mərkəzində sənaye sektorları – neft və qaz sənayesi, mədənçilik, kənd təsərrüfatı və qida təhlükəsizliyi üzrə, tədqiqat istiqamətləri olaraq isə nano-texnologiyalar, molekulyar biologiya və virusologiya, biotexnologiya, sənaye kimyası, analitik kimya, ekologiya, Yer elmləri, astrokosmik və atmosfer elmləri, həmçinin rəqəmsal tədqiqatlar həyata keçirilir. Qeyd olunan sahələrdə sənaye sifarişi ilə bir sıra layihələrin icra olunur. BDU, elmi nəticələrin kommersiyalaşdırılması işini də uğurla qura bilib. Qarşıda isə böyük cəlbedici planlar və cəsarətli ideyaların reallaşdırılması kimi işlər durur.